Böyük Britaniya XİN bu günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılığın artması ilə əlaqədar narahatlığını ifadə edib. SİA-nın məlumatına görə, bu barədə Nazirliyin yaydığı rəsmi bəyanatda deyilir. Bəyanatda bildirilir ki, Böyük Britaniya Ermənistan və Azərbaycanı gərginliyin azaldılması üçün dərhal tədbirlər görməyə və 1994-cü ildən qüvvəyə minən atəşkəs haqqında sazişə hörmət etməyə çağırır.Bəyanatda deyilir: "Biz hər iki tərəfdən adamların ölməsi faktlarından dərin kədərləndik. Biz tərəfləri ATƏT-in Minsk qrupu ilə sülh sazişinin hazırlanması üzrə işləməyə çağırırıq".Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
sia.az