Ermənistan silahlı qüvvələri tərəfindən diversiya əməliyyatlarının həyata keçirilməsi və yaranmış gərginlik soydaşlarımızı ciddi narahat edir
Eskişehir Azərbaycanlılar Dərnəyi son günlər Ermənistan tərəfindən cəbhə xəttində atəşkəsin mütəmadi olaraq pozulması ilə əlaqədar mətbuat üçün brifinq keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, dərnəyin sədri Cavid Aydın brifinqdə iştirak edən jurnalistlərə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı həyata keçirdiyi qətliam və soyqırımlara beynəxalq təşkilatlar və qeyri-hökumət təşkilatlar tərəfindən siyasi- hüquqi qiymət verilmədiyini bildirib. Onun sözlərinə görə bu münasibət rəsmi Yerevanın təcavüzkar siyasətini davam etdirməsinə səbəb olur. O, Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki, işğal altında olduğunu, BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrin hələ də icra olunmadığı bildirərək, regionda sülhün və sabitliiyin qorunması üçün təcavüzkarın cəzalandırılmasının zəruri olduğunu vurğulayıb.
C.Aydın son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması və diversiya əməliyyatlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın 13 hərbçisinin şəhid olduğunu qeyd edib: "Yaranmış gərginlik, bütün Azərbaycan xalqı kimi, Türkiyədə yaşayan soydaşlarımızı da ciddi şəkildə narahat edir. Qeyd edək ki, Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən beynəlxalq təşkilatlara BMT, ATƏT və Avropa Şurasına Ermənistanın işğalçılıq siyasətini pisləyən müraciət də qəbul olunub".
NƏZAKƏT