\r\n
\r\n
\r\n Erməni xalqı Sarkisyanın istefasını tələb edir
\r\n
\r\n
\r\n
\r\n Son günlər Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər rəsmi İrəvanın niyyətlərini bir daha açıq şəkildə ortaya qoydu. Son günlər işğalçı Ermənistanın kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər.
\r\n
\r\n Bütün bunlar isə bir daha nümayiş etdirdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv addım atmaq niyyətində deyil. Belə olmasaydı, Fransa prezidenti Fransua Ollandın prezidentlərin görüşü ilə bağlı təklifi, həmçinin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının sammitində görüş ehtimalı ermənilər tərəfindən nəzərə alınar və təmas xəttindəki vəziyyət gərginləşdirilməzdi.
\r\n
\r\n
\r\n
\r\n Ermənistanda dinc əhali Sarkisyana inanmır
\r\n
\r\n
\r\n
\r\n Ermənistan tərəfinin təxribatçı addımları nəinki sülh təşəbbüslərini heçə endirir, həm də sərhəddə yaşayan dinc əhalinin təhlükəsizliyini şübhə altına alıb. Buna görə də son günlər baş verən hadisələr erməni əhalisini ciddi təşvişə salıb. Bununla bağlı erməni mətbuatı Yerevanda mitinqlərin getdikcə genişlənəcəyini yazır. \"Aykakan Jamanak\" qəzetinin yazdığına görə, Ermənistan prezidenti Serj Sarkisyanın yarıtmaz siyasəti ölkəni məhvə sürükləyir.
\r\n
\r\n Erməni ekspertləri və siyasətçiləri də son günlər cəbhə xəttində baş verən olayların Sarkisyan hakimiyyəti üçün uğurlu olmadığını bildiriblər. Politoloqlar aydın şəkildə etiraf edirlər ki, bu şəkildə davam edərsə, Ermənistan adlı dövlət xəritədən silinəcək.
\r\n
\r\n
\r\n
\r\n Levon Zurabyan: \"Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil\"
\r\n
\r\n
\r\n
\r\n Ermənistan artan templə davam edən mühacirəti dayandıra və Suriyadan gələn miqrantlara şərait yarada bilmir. \"Novosti Armenii\" saytının verdiyi xəbərə görə, bu barədə müxalif \"Erməni Milli Konqresi\"nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib. O, qeyd edib ki, ötən il ərzində respublikada xarici investisiyaların həcmi 32 faiz, birbaşa investisiyalar isə 64 faiz azalıb. \"Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil. Vətəndaşlara yalnız ölkəni birdəfəlik tərk etmək, xaricdə iş axtarmaq, və yaxud fəal etiraz yolu ilə öz haqlarını bərpa etmək və xalqı viran etmiş hökumətin hakimiyyətdən getməsinə nail olmaq qalır\" deyə Zurabyan qeyd edib və vurğulayıb ki, hakim koalisiya müxalifətlə istənilən kompromisə getməkdən imtina edir.
\r\n
\r\n Ölkənin ağır iqtisadi durumda olduğunu yazan erməni jurnalist Tatul Akopyan bildirir ki, zülm içindəyik, məmurların hamısı rüşvət alır: \"Hərbi komissar hərbi bilet satır. Yol polisləri, polislər canımızı boğazımıza yığıb. Kimdir müharibəyə gedən? Məni çağırsalar getsəm, məndən alçağı yoxdur. Adamları soymaq lazım olanda başımıza tökülürlər, amma elə ki, atışma oldu polis yoxa çıxır. Nə taxılımızı yığırıq, nə adam kimi yaşaya bilirik. Belə həyatın içini... Bura bax. Buğdaya bax. Quruyub tökülür. Kombayn tapılmır. Hamısı məhv olur gedir. Nə iş görək? De görüm?\"
\r\n
\r\n
\r\n
\r\n Vahan Ovanyan: \" Xalq ümidini itirib, xalq ayılmalıdır\"
\r\n
\r\n
\r\n
\r\n Vahan Ovanyanın çıxışı Ermənistanda ciddi əks-səda doğurub. Erməni şərhçi Aykazn Qaqriyan erməni oliqarxiyasının nədən ibarət olmasını yazıb: \"Bu, dövlət rıçaqlarını və milli sərvətləri ələ keçirmiş bir qrup insandır. Onlar bu mövqeyə yuxarı rəhbərliyə göstərdikləri xidmət hesabına gəliblər. Seçki mexanizmini ləğv ediblər, ictimai etirazı və qanuni tələbləri neytrallaşdırıblar, bir sıra başqa cinayətlər də törədiblər\",- deyə Qaqriyan vurğulayıb.
\r\n
\r\n Vahan Ovanyan onu da bildirib ki, Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir: \"Belə gedərsə, yaxın günlərdə Ermənistanda hakimiyyət dəyişikliyi olacaq. Buna səbəb isə ölkədə xalqın indiki hakimiyyətə olan nifrətidir. Bu gün Yerevanda baş verən hadisələr, xüsusilə də son günlər cəbhədə həlak olan əsgər anaları Serj Sarkisyana qarşı ayağa qalxaraq onun istefasını tələb edirlər\".
\r\n
\r\n Vahan Ovanyan sözlərinə görə, Ermənistanda yalnız hakimiyyətin dəyişdirilməsi ilə siyasi, iqtisadi və müvafiq olaraq demoqrafik vəziyyəti düzəltmək mümkün olmayacaq: \"Sarkisyanın yarıtmaz siyasəti Ermənistanın regionda reallaşdırılan miqyaslı layihələrdən kənarda qalmasının səbəbidir. Nəticədə, Ermənistanda əhalinin yaşamaq üçün süründüyü vaxtda onun qonşularında həyat səviyyəsi Avropanın ən inkişaf etmiş dövlətlərindəkindən heç də pis deyil. Amma bu acınacaqlı vəziyyətdən çıxış yolu var. Bunun üçün əsas görülməli olan iş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bunu Yerevan da anlayır. Hələ 1997-ci il sentyabrın 26-da Ermənistan prezidenti kimi, L.Ter-Petrosyan keçirdiyi geniş mətbuat konfransında çoxları üçün gözlənilməz bəyanat səsləndirmişdi: \"Bu gün bizim rədd etdiklərimizi gələcəkdə özümüz istəyəcəyik. Amma o zaman onu da ala bilməyəcəyik... Realist olmaq və anlamaq lazımdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağdakı vəziyyətlə uzun müddət barışmayacaq. Çünki bu vəziyyət regional əməkdaşlığa, təhlükəsizliyə, Qərbin neft maraqlarına ziddir\".
\r\n
\r\n
\r\n
\r\n L.Ter-Petrosyan: \"Nə qədər ki, Qarabağ problemi çözülməyib, Ermənistan normal dövlət olmayacaq, biz yaxşı yaşaya bilməyəcəyik\"
\r\n
\r\n
\r\n
\r\n L.Ter-Petrosyan hələ o zaman erməni mətbuatında açıq şəkildə bildirirdi ki, Ermənistan seçim qarşısındadır: ya Qarabağ probleminin həllində kompromis, ya da uzun illər ərzində iqtisadi durğunluq, aşağı yaşayış səviyyəsi: \"Ermənistan normal dövlət olmayacaq. Qarabağ problemi çözülmədən, blokada aradan qalxmadan biz yaxşı yaşaya bilməyəcəyik. Ya bu, ya o. Ya bütün dünyaya deməliyik: kənara çəkilin, problemimizi özümüz həll edəcəyik, öz gücümüzə əminik və heç bir güzəştə getməyəcəyik. Amma bu halda heç kəsin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını tələb etməyə haqqı çatmayacaq. Əksinə, yaşayış səviyyəsinin daha da aşağı düşəcəyi fikri ilə barışmaq lazım gələcək. Ya da yaxşı yaşamaq, iqtisadiyyatımızı inkişaf etdirmək istəyiriksə, özümüzdə cəsarət tapmalı, ciddi qarşılıqlı güzəştlərə getməliyik\".
\r\n
\r\n Artıq o vaxtdan 17 il keçir və həyat göstərir ki, Ermənistan əhalisi ölkənin hazırkı rəhbərliyi tərəfindən devrilmiş L.Ter-Petrosyanın sözünə qulaq asmalı idi. O, bir müddət əvvəl BBC-nin Rusiya xidmətinə və eləcə də \"Aykakan Jamanak\" qəzetinə verdiyi müsahibəsində də bir daha bu məqama işarə edib. L.Ter-Petrosyan bildirib ki, o zaman Dağlıq Qarabağ münaqişəsinin həlli planının iflasına \"qarabağlılar (Ermənistanın hazırkı rəhbərliyi) səbəb olub. Onlar məsələyə maksimalistcəsinə yanaşıblar, əldə olunanları az hesab ediblər, bir az da sıxaraq, daha çoxuna nail olmağın mümkünlüyünü düşünüblər\".
\r\n
\r\n Erməni sosioloqların araşdırmasına əsasən, əhalinin, təxminən, 60%-i ölkədəki iqtisadi vəziyyətdən narazıdır və bu son günlər baş verən hadisələr isə bu narazılığın pik nöqtəsinə qalxmasına gətirib çıxarıb. Bir sözlə, bu gün Ermənistan ordusunun hansı vəziyyətdə olmasını həm biz, həm dünya ictimaiyyəti, həm də Serj Sarkisyan özü çox gözəl bilir... Bütün bunlar Ermənistanın üzləşdiyi problemlərin miqyasının daha da genişlənəcəyini, ölkənin təkcə sosial-iqtisadi yox, həm də siyasi müstəvidə böhrana düçar olacağını göstərir. Bu vəziyyətdə isə Ermənistanın bir dövlət olaraq məhvə məhkumluğu labüddür.
\r\n
\r\n
\r\n
\r\n A.SƏMƏDOVA