İlham Əliyev: "Etibarlı ərzaq təminatı Azərbaycanın iqtisadi sabitliyinin mühüm şərtidir"
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Ulu Öndər respublikamızın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm vermiş və bu istiqamətdə bir çox məqsədyönlü tədbirlər görülmüşdür. Ümummilli Liderin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunmuşdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir, xarici ölkələrə məhsul ixrac edir.
Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda aparılan işlər, islahatlar deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq. İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir. Biz bildiyiniz kimi, əgər belə demək mümkünsə, kiçik bir layihədən, birinci layihədən - 5 min hektar layihəsindən başlamışıq. Orada görünür ki, məhsuldarlıq nə qədər yüksəlir. Burada verilən məlumata görə, hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Nəticə etibarilə, biz mövcud olan torpaqlarda məhsuldarlığı artıraraq özümüzü tam şəkildə taxılla təmin edə bilərik. Məhsuldarlıq 56 sentnerdir, ancaq orta hesabla ölkə üzrə təxminən 25-26 sentnerdir. Yəni, yeni təsərrüfatlarda məhsuldarlıq iki dəfə artır. Ən müasir texnologiya, texnika, gübrələr, aqroxidmət göstərilir...".
Son 10 ildə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində nailiyyətlər
Ümumiyyətlə qeyd etmək lazımdır ki, bu nailiyyətlərin əldə edilməsinə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" xüsusi rol oynayıb. Ötən dövr ərzində aqrar sektor iqtisadiyyatın prioritet sahəsi kimi diqqət mərkəzində saxlanılıb. Kənd təsərrüfatında vergi güzəştlərinin tətbiqi davam etdirilmiş, fermerlərə genişmiqyaslı dövlət dəstəyi tədbirlərinə başlanılmışdır. Belə ki, fermerlərin fəaliyyətinin stimullaşdırlması, məhsulun maya dəyərinə çəkilən xərclərin azaldılması məqsədilə yanacaq və mühərrik yağına, buğda və çəltik səpininə, toxum istehsalına və gübrə satışına subsidiyaların verilməsi təmin olunmuşdur. Aqrar sahədə infrastrukturun yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərə ayrılan vəsaitin həcmi bu dövrdə 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artıb. Genişmiqyaslı dövlət dəstəyi tədbirləri nəticəsində son 10 ildə kənd təsərrüfatı sahəsində yaradılan əlavə dəyərdə müşahidə olunan artım 1,5 dəfə olub. Qeyd olunanlar ölkəmizdə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsini yüksəldib. Hazırda ölkə əhalisinin istifadə etdiyi bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Xüsusilə son illərdə yeni açılan müəssisələr hesabına süd və ət məhsullarının, meyvə-tərəvəz konserv və şirələrinin istehsal gücləri, o cümlədən bazara təqdim olunan məhsul çeşidləri əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, son 10 ildə ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəldilmiş tədbirlər nəticəsində bitkiçilik məhsulları - 3,1 dəfə, heyvandarlıq məhsulları - 3,4 dəfə, ət istehsalı - 1,6 dəfə, sənaye üsulu ilə quş əti istehsalı - 4,6 dəfə, yumurta istehsalı 1,8 dəfə, süd istehsalı - 1,5 dəfə, taxıl istehsalı 1,4 dəfə artıb.
Məhz bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
RƏFİQƏ KAMALQIZI