Təhsilin inkişafı respublikanın tərəqqisində mühüm rol oynayan amillərdəndir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət etsək görərik ki, həmin ölkələrin uğurlarının təməlində təhsilə olan diqqət dayanır. Azərbaycanda da müxtəlif istiqamətlərdə islahatlar aparılmaqla yanaşı, təhsil sahəsinə xüsusi diqqət yetirilir. Dövlət tərəfindən təhsilin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Belə ki, iqtisadiyyatın inkişafının əsasında elmi tərəqqi dayandığından prioritetlər düzgün seçilməli və onun üzərində işlər müəyyənləşmiş xətt üzrə aparılmalıdır.
Azərbaycandakı uğurlar, onun maddi-texniki bazasının gücləndirilməsi, müstəqil dövlətin inkişafı birbaşa elmi-tərəqqi, təhsillə əlaqədardır. Təbiidir ki, hər dövlətin inkişafı onun təhsilindən, ölkədəki intellektualdan asılıdır. Milli intibahı təmin edən ən başlıca vasitə olan təhsil həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib rola malikdir. Elmin, təhsilin inkişafı dövlət quruculuğu prosesinin mühüm təminatı hesab olunduğundan və bu prinsip üzərində ənənələrə istinad edən dövlətlər nail olduqları tərəqqiyə görə dünya arenasında layiqli yer qazanırlar. Müstəqil Azərbaycan da qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil və demokratik dövlət kimi öz inkişafını elm və təhsildən kənarda görmür.
Elmin inkişafı və bu sahəsində mövcud olan bəzi problemlərin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülməkdədir. Bu sahə ilə bağlı olan sərəncamların, dövlət proqramlarının icra və tətbiqi Azərbaycan elminin inkişafını sürətləndirir. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsindən nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan elmi mütəxəssislərin, müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar əhəmiyyətli sahəyə dövlət qayğısının bariz ifadəsidir. Prezident İlham Əliyevin elmi intibaha yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan elmi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Respublikada maarif işinin yüksək səviyyədə təşkili, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflər, ixtiralar iqtisadiyyatın bütün sahələrində tətbiq olunur. Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə olunur.
Ölkədə aparılan düzgün təhsil strategiyasının nəticəsidir ki, bu gün dünyanın bir sıra ölkələri ilə Azərbaycanın təhsil sahəsindəki əməkdaşlığı da möhkəmlənib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" əsasında istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb. Hazırda Dövlət Proqramına əsasən, dünyanın 34 ölkəsinin 476 universitetində azərbaycanlı gənclərin təhsil almaq imkanı reallaşıb. Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilib. Dövlət vəsaiti hesabına xaricdə təhsil hətta ən zəngin dövlətlər üçün nadir hadisədir. Bu gün Proqramın məzunu olmuş 634 nəfərin bir qismi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində və özəl sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə təhsillərini növbəti səviyyədə uğurla davam etdirirlər. Proqramın icra müddəti növbəti ildə sona çatdığı üçün hazırda yeni proqramın layihəsi üzərində iş gedir.
Təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi də strategiyada nəzərdə tutulur. Ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması, aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədilə maddi dəstək sisteminin yaradılması da qaçırılmazdır.
Yeni Strategiyada aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması diqqətə çəkilir ki, bu da ölkəmizin aztəminatlı təbəqəsinə dövlət qayğısının ilbəil artdığına dəlalət edir. Artıq bu, bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin - çoxuşaqlıların, pensiyaçıların, tənha və ahılların, əlillərin, müharibə veteranları və şəhid ailələrinin əsas dayağıdır. Görülən işlərin davamı olaraq təhsilə adekvat həcmdə maliyyə resursları cəlb ediləcək. Təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması nəzərdə tutulur ki, bütün bunlar təhsilin inkişafına, aztəminatlı ailələrin təhsil almasına tam təminat verəcək.
Strategiyada xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı uşaqların və gənclərin təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi, həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması da nəzərdə tutulub. Eyni zamanda, məktəbəqədər və ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsasda müvafiq xidmətlər də göstəriləcək. Bütün bunlar Azərbaycan dövlətinin və ölkə Prezidenti Cənab İlham Əliyevin gənc nəslə qayğısının, təhsilin inkişafına və yüksək ixtisaslı kadrlar yetişdirilməsinə göstərdiyi diqqətin əyani göstəricisidir.
Görülən işlər ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığını təmin edir. Strategiya təhsilin bütün sahələrini əhatə edir və yaxın gələcəyə hesablanmış dolğun, mükəmməl bir fəaliyyət planıdır. Elə bu amillər Dövlət Strategiyasının uğurla həyata keçiriləcəyinə tam zəmanət verir.
Nəzakət ƏLƏDDİNQIZI