TƏKLİF
"Məncə jurnalistlərin cəbhə xəttinə girişi əngəllənməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət son günlər cəbhə xəttində fəaliyyət göstərən bir sıra jurnalistlərin ictimaiyyətə dezinformasiya xarakterli məlumatlar ötürməsinə, eyni zamanda hərbi texnikanın sözügedən bölgədə dislokasiyaları barədə məlumatlar yaymalarına münasibətini şərh edərkən deyib.
Onun sözlərinə görə, eyni zamanda cəbhə bölgəsində yaşayan insanlara da təbliğ edilməlidir ki, orada baş verən hadisələr haqqında əllərində olan imkanlardan istifadə edib mətbuata, dünya ictimaiyyətinə xəbər yaymasınlar: "Bəziləri ordumuzun irəliləməsi haqqında təsdiq olunmamış xəbərlər yayır, bəziləri də belə hesab edirlər ki, yalandan bu kimi xəbərləri yaymaqla əhalidə ruh yüksəkliyi yaradacaqlar. Amma əslinə qalanda, onlar bu kimi yollarla düşmənin dəyirmanına su tökmüş olurlar. Məhz bu baxımdan, hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi jurnalistlərin, ümumiyyətlə kənar şəxslərin döyüş əməliyyatları gedən bölgələrə buraxılmasını ciddi nəzarət altına almalıdır".
Qeyd edək ki, cəbhə bölgəsində vəziyyət gərginləşəndən bəri bir sıra media orqanları və informasiya saytlarının ezam edilmiş jurnalistləri dezinformasiya xarakterli, təsdiqlənməmiş məlumatlar yaymaqla reytinqlərini qaldırmağa cəhd göstərirlər.
sia.az