PDF Oxu

Siyasət

  • 41

Azərbaycannın enerji təhlükəsizliyi onun siyasi maraqlarını qoruyur

Azərbaycannın enerji təhlükəsizliyi onun siyasi maraqlarını qoruyur

İlham Əliyev: "Azərbaycan enerji təhlükəsizliyini 100 faiz təmin edir"

Əsrlər boyu zəngin təbii sərvətləri ilə dünyada tanınan Azərbaycan məhz Ulu Öndər Heydər Əliyev dühasının müəyyən etdiyi praqmatik konsepsiya əsasında təbii sərvətlərinə sahiblik hüququnu təsdiqləyib. Bakını "neft akademiyası"na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olub.

"Əsrin müqaviləsi" ilə başlanan yol

Dahi Öndər Heydər Əliyevin neft strategiyasının mühüm hissəsini təşkil edən "Əsrin müqaviləsi"nin Azərbaycan tarixində, iqtisadi inkişafında danılmaz yeri var. Bu saziş təkcə dünya bazarının yüksək keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda, Azərbaycan iqtisadiyyatının, xüsusən, sənayenin və neft sektorunun müasirləşməsinə rəvac verdi. Ən əsası isə bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək dünya birliyinə sıx inteqrasiyasını təmin etdi. Qərbin bir sıra aparıcı, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşıyan "Əsrin müqaviləsi" regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı.

Bu barədə Prezident İlham Əliyev çox dəqiq deyib: "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Ulu Öndər Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik".

Azərbaycan - təşəbbüsləri gerçəkliyə çevirən ölkə

Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dünya enerji bazarında yeddi neft-qaz kəməri ilə iştirak edən, enerji təhlükəsizliyində mövqelərini möhkəmləndirən Azərbaycan çoxşaxəli ixrac-nəqliyyat imkanlarına malik olduğunu dünya birliyinə sübut edir. Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur.

Ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılması üçün 3 neft, 4 qaz kəməri mövcud olsa da, Xəzərin təbii ehtiyatları əlavə layihələrin işlənməsi və istismarı üçün də kifayət edər. Mütəxəssislərin araşdırmalarına görə, 2020-ci ildə Avropanın təbii qaza illik tələbatı indiki 500 milyard kubmetrdən 700 milyard kubmetrə çatdırılacaq. Azərbaycana məxsus "Şahdəniz" yatağından çıxarılacaq qazın çox hissəsi alternativ variantlarla Avropaya nəql olunacaq. Qarşıdakı illərdə "Şahdəniz" qazını Avropaya çatdıracaq Trans-Anadolu qaz kəməri bir neçə səbəbə görə tarixi əhəmiyyətə malikdir. Xəzər qazının Avropaya çatdırılması ilə bağlı müzakirələrin region və Avropa İttifaqı ölkələri üçün əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, bu sahədə həmişə lider olan ölkəmiz yenə də faydalı təşəbbüsləri ilə öz sözünü deyir: "Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini özü 100 faiz təmin edir". Prezident bildirib ki, Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır.

Enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət edir

Son 10 ildə böyük inkişaf yolu keçən Azərbaycanda imzalanan layihələr bir daha ölkəmizin tarixində yeni bir mərhələ olduğunu təsdiqləyir. Ölkəmiz malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə yeni-yeni layihələrin reallığa çevrilməsinə stimul verir. Dövlət başçısı İlham Əliyev bu fikri xüsusi vurğulamışdır ki, "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi: "BTC və BTƏ neft-qaz kəmərləri reallaşmasaydı, "Cənub qaz dəhlizi"ndən danışmaq qeyri-mümkün idi. "Əsrin müqaviləsi"ni XX əsrin müqaviləsi kimi dəyərləndirən ölkə Prezidenti "Şahdəniz"in XXI əsrin müqaviləsi olacağını bildirərək bu əminliyi ifadə edir ki, gələcəkdə "Şahdəniz-2" layihəsi hazırda nəzərdə tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcək".

Azərbaycanın enerji siyasətinin növbəti mərhələyə qədəm qoyduğunu göstərən "Şahdəniz-2" üzrə yekun investisiya qərarı, sadəcə, iqtisadi və kommersiya deyil, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə xidmət edən çox mühüm sənəddir. Bu layihənin reallaşması Azərbaycanın gələcək inkişafı üçün zəmin yaradan çox mühüm amillərdən biri olmaqla yanaşı, ölkəmizin dünyadakı mövqelərini, regional və qlobal miqyasda rolunu və yerini daha da gücləndirəcək.

Göründüyü kimi, reallaşan və gündəmə gətirilən layihələr bir daha bu həqiqəti təsdiqləyir ki, Azərbaycan artıq regional çərçivədən çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir, rolunu artırır. Eyni zamanda, Azərbaycan Avropanını enerji təhlükəsizliyini təmin edən ölkələrdə aparıcı enerji mənbəyi kimi dəyərləndirilir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər