PDF Oxu

Siyasət

  • 57

Azərbaycan-İran əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-İran əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Komissiyasına müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. İran tərəfi isə iclasda bu ölkənin Rabitə və İnformasiya Texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.İclasda çıxış edən Dövlət Komissiyasının həmsədri, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev iki qonşu ölkə olan Azərbaycan və İran arasında siyasi, iqtisadi və sosial-humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Dövlət başçılarının son 20 il ərzində 16 rəsmi və işgüzar səfəri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı görüşləri və əldə edilmiş razılaşmalar bu münasibətlərin daha da dərinləşməsində böyük rol oynayıb. 2014-cü ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani ilə Davosdakı görüşü, eləcə də Prezident İlham Əliyevin bu ilin aprel ayında İran İslam Respublikasına rəsmi səfəri zamanı keçirdiyi yüksək səviyyəli görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verib. İndiyədək iki ölkə arasında 103 sənəd, o cümlədən iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi və geniş müqavilə-hüquqi baza iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Belə ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri genişlənir. 2013-cü ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 7% artıb. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 441 İran investisiyalı şirkət fəaliyyət göstərir. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 mln. dollar, qeyri-neft sektoruna isə 105 mln. dollar investisiya yatırılıb. Təkcə 2013-cü ildə İranın əsas kapitala sərmayələrinin həcmi 158 mln. dollar təşkil etmişdir. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ticarət və investisiya sektorlarında əməkdaşlığın inkişafı üçün böyük imkanlar vardır.Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafında bu gün 9-cu iclası keçirilən Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətini qeyd edən Şahin Mustafayev Komissiyanın əvvəlki iclaslarından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib.

sia.az

Digər xəbərlər