Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Natiqlik məktəbi" layihəsinin təqdimatı olub. SİA-nın xəbərinə görə, təqdimat mərasimində layihənin rəhbəri Elməddin Əmirov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu, fəal gənclər və media nümayəndələri iştirak ediblər.Tədbirin açılışında çıxış edən layihənin rəhbəri Elməddin Əmirov bildirib ki, "Natiqlik məktəbi" layihəsi çərçivəsində təşkil olunan tədbirlərə qatılan gənclər həm düzgün danışıq, həm kitab oxuma qaydaları, həm də jestlərdən düzgün şəkildə istifadə etmə qaydalarını mənimsəyəcəklər: "Biz layihə çərçivəsində müxtəlif mövzulara toxunacağıq və tədbirlərimiz il boyu davam edəcək. Layihənin əhəmiyyəti çox önəmlidir. Çünki, gənclərimiz debatlarda və hər hansı bir tədbirdə çıxışlar edərkən bu məktəbin töhfələrindən faydalanacaqlar".Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib ki, hər bir xalqın gələcəyi onun gəncliyidir və gəncliyin kimliyi, keyfiyyəti əslində o xalqın gələcək kimliyini formalaşdıran keyfiyyətlərdir: "Hər bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Bu baxımdan natiqlik hər bir insan üçün lazımlı və vacib sənətdir".H. Babaoğlu gəncləri "Natiqlik məktəbi" layihəsi çərçivəsində keçirilən tədbirlərdən maksimum yararlanmağa çağırıb.Tədbirdə iştirak edən fəal gənclər layihənin əhəmiyyətindən və gənclərə verəcəyi töhfədən danışıblar.Mərasim diskusiya şəklidə davam edib.
sia.az