İsveçdə yaşayan həmyerlimiz Avropa Komissiyasının nümayəndəsi ilə görüşüb
İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyəti son bir neçə gün ərzində özünün ənənəvi təxribatçı fəaliyyətini daha da intensivləşdirərək, Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə İsveç hökumətinə ünvanlanmış bəyanatla çıxış edib. Erməni vəhşiliklərini əks etdirən bəyanat İsveç Krallığı Baş nazirinin mətbuat katibi Markus Friberq, İsveç Xarici İşlər Nazirliyinin mətbuat katibi Per Sjörsberq və İsveç Parlamentində təmsil edilən 8 siyasi partiyanın mətbuat katiblərinə təqdim edilib.
Bəyanatda Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki, erməni işğalı altında qaldığı, işğal olunmuş torpaqların qeyd- şərtsiz geri qaytarılmasına dair BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra edilmədiyi vurğulanıb. Sənəddə ərazisinin 20 faizinin işğal edilməsinə baxmayaraq Azərbaycanın hər zaman sülhü və təhlükəsizliyi dəstəkləyən ölkə olduğu qeyd edilib.
Azərbaycan Naminə Cəmiyyəti İsveçdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə də müraciət edib. Bəyanat BMT-nin İsveçdəki daimi nümayəndəliyinin koordinatoru Josefin Ydringer və Stokholmda yerləşən Avropa Komissiyasının (European Commission) rəsmisi, Media və Rabitə qovşağı üzrə səlahiyyətli şəxs Johan Wullta da təqdim edilib.
Məsələ ilə əlaqədar olaraq Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollenbrand Stokholmda yerləşən Avropa Komissiyasının (European Commission) rəsmisi, Media və Rabitə qovşağı üzrə səlahiyyətli şəxs Johan Wullt ilə şəxsən görüşüb. O, görüş zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mövcud atəşkəs rejiminin intensiv tərzdə pozulmasından İsveçdə yaşayan azərbaycanlıların dərin narahatlıq keçirdiyini diqqətə çatdırıb. Avropa Komissiyasının rəsmisi Johan Wullt bəyanatı komissiyanın mərkəzi qərargahına göndərəcəyini bildirib.
ALMAN-AZƏRBAYCAN CƏMİYYƏTİ DƏ BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT EDİB
Almaniyanın Saksen-Anhalt əyaləti üzrə Alman - Azərbaycan Mədəniyyət Cəmiyyəti son günlərdə cəbhədə baş verən dəhşətli hadisələrlə əlaqədar Almaniya Parlamentinin Vətəndaşların Şikayətləri üzrə Komitəsi, Xarici İşlər Komitəsi, Avropa İttifaqı Məsələləri üzrə Komitəyə və İnsan Haqları üzrə Komitəsinə, ATƏT-in baş ofisinə, Avropa Şurasının mətbuat xidmətinə, BMT-nin Almaniyadakı daimi nümayəndəliyinə, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Baş İdarəsinə və Almaniyanın Saksen-Anhalt əyalət məhkəməsinə müraciət edib.
Cəmiyyətin müraciətində qeyd olunur ki, cəbhədə Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən son hərbi əməliyyatlar regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir və münaqişənin sülh yolu ilə həllinə olan ümidləri aradan qaldırır.
NƏZAKƏT