İlham Əliyev: "Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir"
İki yüz ildir ki, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və işğalçılıq siyasəti davam edir. Ancaq Azərbaycan və Ermənistan təmas xəttində baş verənlər rəsmi Yerevanın niyyətlərini bir daha açıq şəkildə ortaya qoydu. İşğalçı Ermənistan ordusu son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın ediblər və düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər.
Bütün bunlar bir daha nümayiş etdirdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir addım atmaq niyyətində deyil. Belə olmasaydı, Fransa prezidenti Fransua Ollandın prezidentlərin görüşü ilə bağlı təklifi, həmçinin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının sammitində görüş ehtimalı ermənilər tərəfindən nəzərə alınar və təmas xəttindəki vəziyyət gərginləşdirilməzdi.
Bu yerdə ataların bir fikirini misal çəkmək yerinə düşərdi: "Örkən nə qədər uzun olsa, gəlib doğanaqdan keçər". Ancaq İşğalçı ölkənin qaniçən prezidenti bilmir ki, bu təxribatları törətməklə özünü daha da çətin vəziyyətə salır, böyük uçuruma aparır. İşğalçı ölkə bilməlidir ki, nə qədər ki, Dağlıq Qarabağ problemi həll edilməyib, Azərbaycana dəyən zərərlərdən dəfələrlə çox zərər Ermənistanın özünə dəyəcək. Ermənistan əhalisi bu gün ac-yalavac, dilənçi vəziyyətində yaşayır, ölkə iqtisadiyyatı batıb, hər il çoxlu sayda erməni ölkədən köçüb gedir. Ermənistan başa düşməlidir ki, Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır. Ermənistan hakimiyyət başçılarının ağlı olsaydı, Dağlıq Qarabağ problemini yaratmasaydılar, indi onlar da Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi iri layihələrdən faydalanıb xalqını yaşada bilərdi. Ancaq Ermənistan bunların hamısından məhrumdur, özünü pis vəziyyətdə qoyub, yalnız xaricdən göndərilən ianələrin hesabına yaşayır.
Ermənistan Azərbaycanın güclü və qüdrətli ordusundan narahatdır
Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Səs" qəzetinə açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın qüdrətli ölkələrindən birinə çevrilib və Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək və doğma torpaqlarından didərgin düşmüş bütün insanlar geri qayıdacaqlar: "Son günlər Prezident İlham Əliyev separatçı rejim haqqında olduqca sərt bəyanatlarla çıxış edir. Xatırladaq ki, Azərbaycan Prezidentinin "Ermənistan ordusu geri çəkilmə prosesinə başlamalıdır" bəyanatında dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, o qədər yaxşıdır. Ermənistan əslində mövqeyindən geri çəkilməlidir. Onların mövqeyi Dağlıq Qarabağı müstəqil ölkə kimi görməkdir. Ancaq bu, mümkün olmayacaqdır. Çünki Azərbaycanın razılığı olmadan bu, ola bilməz. Biz isə buna heç vaxt razılıq verə bilmərik. Ona görə, əgər Ermənistan bu mövqedən geri çəkilərsə, o zaman biz tezliklə məsələnin həllinə nail ola bilərik. O zaman ermənilərin Dağlıq Qarabağda yaşaması, yəni normal yaşaması, təhlükəsizlik şəraitində yaşaması mümkün olacaqdır. Bundan artıq Ermənistanda və Dağlıq Qarabağdakı separatçı ermənilər arasında ciddi təlaş müşahidə edilməkdədir. Bunu son günlər düşmən ölkə mediasında dərc olunan yazılardan açıq görmək mümkündür".
Politoloq onu da bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin avqustun 6-da cəbhə bölgəsinə səfəri beynəlxalq təşkilatlara ciddi bir mesaj idi: "Azərbaycan Prezidentinin istər ölkə xaricinə, istərsə də ölkədə regionlara səfəri həmişə əhəmiyyətlidir, ancaq dünən Ağdama etdiyi səfər xüsusi əhəmiyyət kəsb edir. Çünki bu səfərin həm psixoloji, həm hərbi, həm də iqtisadi əhəmiyyəti var. Dövlət başçısının Ağdamda olması, orada yerli şəraitlə və hərbi vəziyyətlə tanış olması, Ali Baş Komandan kimi hərbçilərlə müşavirə keçirməsi və onlara tövsiyə və tapşırıqlarını verməsi artıq beynəlxalq mediada da geniş müzakirə olunur və qiymətləndirilir. Bu səfərin böyük hərbi əhəmiyyəti ondan ibarətdir ki, düşmənlər artıq dərk etdilər ki, Azərbaycanın niyyəti çox ciddidir, Azərbaycan Prezidentinin məqsədi həmişə söylədiyi kimi Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir və bu məqsədin həyata keçirilməsi üçün Azərbaycanın istənilən real imkanı vardır. Səfərin psixoloji əhəmiyyəti isə ondan ibarətdir ki, artıq bizim həm hərbçilərimiz, bütövlükdə Azərbaycan xalqı Azərbaycan Ali Baş Komandanının ordu ilə, xalq ilə bir yerdə olmasının və bir yerdə daha sıx fəaliyyət göstərməsinin şahidi oldu və həm hərbçilərimiz, həm də mülki vətəndaşlarımız bundan böyük ıruh yüksəkliyi əldə etdilər".
Erməni politoloq: "Qərb Qarabağın Bakıya qaytarılmasına mane olur"
Xatırladaq ki, hazırda erməni politoloqlarının əsas müzakirə mövzusu da son günlər cəbhə xəttində baş verən hadisələr, Azərbaycan Prezidenti ilə Ermənistan prezidentinin avqustun 8-9-da keçiriləcək görüşləri və Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması ilə bağlı Bakı-Moskva arasında danışıqların getməsi barədə xəbərlərdir. Ermənistan ictimaiyyətinin ümumi qənaəti budur ki, Moskva 3 və yaxud 5 rayonun Azərbaycana qaytarılması əvəzində rəsmi Bakını Avrasiya İttifaqına üzv etməyə çalışır.
Qeyd edək ki, bu informasiya erməni mətbuatının yaydığı məlumatdır. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, bizdə elə bir məlumat yoxdur. Göründüyü kimi, Ermənistan yaranmış bu vəziyyəti nə qədər tez anlasa, o qədər də az itkilər verəcəkdir.
R.HÜSEYNOVA