Mübariz Əhmədoğlu: "Lavrov Sarkisyanın boynuna qoyur ki, Dağlıq Qarabağın Ermənistana aidiyyatı yoxdur"
"Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevə xüsusi münasibəti aşkar hiss olunurdu. Hesab edirəm ki, Rusiya prezidenti Azərbaycan prezidenti haqqında söz deməkdən ötrü əlinə düşən bütün fürsətlərdən istifadə edirdi. Sambo yarışına baxarkən o, Azərbaycan prezidentinə minnətdarlıq bildirdi ki, Sambo idmanına qayğı göstərir və idman növünü Avropa Olimpiya oyunları siyahısına saldıra bilir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Soçi görüşünün nəticələrini şərh edərkən deyib.M. Əhmədoğlu bildirib ki, Vladimir Putin üçtərəfli görüşdə ən azı iki dəfə Prezident İlham Əliyevə istinad edib: "Hesab edirəm ki, bu doğrudan da böyük göstəricidir. Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan görüşdə isə məhz iki ölkə arasında etimadın çox yüksək səviyyədə olduğu bildirilmişdi. Azərbaycan ilə Rusiya arasında inam problemi vardı. Yəni ermənilər Azərbaycan ilə Rusiyanı düşmən vəziyyətinə gətirib çıxarmışdılar. Hələ indi-indi vəziyyət normallaşır. Yəni, Soçi görüşü göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri inamlıdır, bir-birini tamamlayır və irəliyə doğru gedir. Azərbaycan prezidentinin Avropada olduğu kimi Rusiyada da böyük nüfuzu var".Politoloq qeyd edib ki, yuxarıda bildirdiyi fikirləri tamamilə tərs variantda Ermənistan və onun rəhbəri haqqında demək mümkündür: "Ermənistan prezidenti əlacsızlıqdan məcbur qalaraq Rusiyanın təklifini rədd etdi. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində Rusiyanın xüsusi rolunu qəbul etdisə, Ermənistan tərəfi bu rolu qəbul etməkdən boyun qaçırdı. Sarkisyan bildirdi ki, münaqişənin həlli yalnız ATƏT-in irəli sürdüyü prinsiplər əsasında mümkündür. Bunu deyən isə həmin Sarkisyandır ki, bir ay bundan əvvəl demişdi: "Biz heç bilmirik ki ATƏT-in sənədlərində nə var. Azərbaycan və Ermənistan bu prinsipləri fərqli qəbul edirlər".ATƏT-in sənədlərinin məzmununu, mahiyyətini anlamayan Sarkisyan deyir ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in sənədləri əsasında tənzimlənməlidir. Yəni, faktiki olaraq Sarkisyan Putinin təklifini rədd etdi. Hesab edirəm ki, bu Ermənistana çox baha başa gələcək. Çünki, Sarkisyan Rusiyanın əvvəlki prezidenti Dimitri Medvedyevin təşəbbüsünü də heçə endirmişdi. Bununla da o, həm Medvedyevin həm də Rusiyanın imicinə ciddi zərbə vurdu. İndi Sarkisyan Putinə qarşı da eyni taktikanı seçib. İstəyir ki, Putinin də imici zərbə altına düşsün. Sarkisyan Putinin imicinə zərbə endirmək üçün amerikalılarla birləşib və onlarla cütlük şəklində çıxış edirlər. Hesab edirəm ki, Lavrovun səsləndirdiyi "Ermənistan Gömrük İttifaqına Ermənistan kimi daxil olacaq və Sarkisyan bu dəfələrlə deyib" fikri məhz erməniləri sancmaq üçün idi. Çünki Sarkisyan elə bir söz deməyib. Sadəcə Lavrov Sarkisyanın boynuna qoyur ki, Ermənistan Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə, Ermənistan kimi girir. Yəni, Dağlıq Qarabağın Ermənistana aidiyyatı yoxdur. Birmənalı şəkildə Lavrov Rusiya adından dedi ki, Dağlıq Qarabağın Ermənistana aidiyyatı yoxdur".
sia.az