"Son günlər cəbhə bölgəsində baş verən gərginlikdən sonra həmsədrlərdən biri ilk dəfə prezidentlərin görüşünü öz ərazisində keçirməyə qərar verdi. Rusiyanın da bu təşəbbüsdən çıxış etməsi təqdirəlayiq idi və həmin ölkənin bu addımı problemin həllinə təsir etmək imkanına malik olduğunu bir daha göstərmiş oldu". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə prezidentlərin Soçi görüşünün Azərbaycan üçün əhəmiyyətindən danışarkən deyib.Onun sözlərinə görə, Soçi görüşünün nəticələri tək Azərbaycan ictimaiyyətinin deyil, eləcə də bütün dünya ölkələrinin xalqları üçün maraqlı idi: "Dünyanın ağrılı və uzun müddətli problemlərindən biri də Dağlıq Qarabağ münaqişəsidir və problemin həlli ara-sıra müharibə vəziyyətinə qədər gəlib çatır. Ancaq burada vəziyyətin gərginləşməsi dünyanın maraq dairəsində deyil. Avqustun əvvəllərində cəbhə bölgəsində baş verən vəziyyət nəzarətin pozulmasına gətirib çıxarırdı. İlk dəfə idi ki, görüşlər iki gün ərzində müxtəlif formatlarda baş tutdu. Mətbuata az məlumat verilsə də, sonradan məlum oldu ki, prezidentlər arasında qeyri-formal xarakterli görüşlər də olub. Təbii ki, Azərbaycan Soçi görüşünə mənəvi qalib kimi getmişdi. Yəni bu gün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü qəbul edir".Millət vəkili həmçinin qeyd edib ki, bu gün Ermənistan nəinki müharibədən, ümumilikdə Azərbaycanın istənilən məsələdə üstünlüyündən böyük əziyyət çəkir: "Odur ki, prezidentlərin Soçi görüşünün nəticələrini pozitiv qəbul etmək olar. Rusiya prezidenti Vladimir Putinin istər Azərbaycan, istərsə də Ermənistanın ölkə başçıları ilə ayrı-ayrılıqda görüşməsi mövcud vəziyyətlə bağlı hər bir ölkənin mövqeyini ortaya qoymağa kömək etdi. Çünki tərəflər nə qədər vasitəçilərin əli ilə problemin həllində iştirak etsələr, o zaman münaqişənin həlli də bir o qədər uzanacaq. Lakin Qarabağ dalğası üzərindən hakimiyyətə gəlmiş erməni qrupu bu gün vəziyyətdən çıxış yolunu tapa bilmir. Bu baxımdan görüşün keçirilməsi, tərəflərin mövqeyini bildirməsi müsbət amil kimi qiymətləndirilməlidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi açıqlamaya görə görüşdə danışıqlar prosesinin davam etdirilməsi qərara alınıb. Bu da o deməkdir ki, yaxın gələcəkdə prezidentlər yenidən görüşəcək. Eyni zamanda yaxın günlərdə XİN rəhbərlərinin də görüşü qaçılmazdır".Görüşün bundan sonra cəbhə bölgəsində gərgin vəziyyətə nə kimi təsir edəcəyi məsələsinə gəlincə millət vəkili əlavə edib ki, erməni tərəfi hərbi gücünə görə Azərbaycandan zəif olsa da, provokasiyadan əl çəkmir: "Çünki Sarkisyan siyasi hakimiyyəti ölkə daxilindəki heç bir problemi həll edə bilmir. Ona görə də bütün diqqəti sırf Dağlıq Qarabağ məsələsinə yönəldirlər. Buna misal olaraq, görüş zamanı ermənilərin Azərbaycan ordusunun əsgərini güllələdilər. Ancaq həm Ermənistan, həm də Rusiya bilməlidir ki, Azərbaycan öz torpaq itkisinə əbədi dözmək, yaxud da münaqişənin həllini sırf danışıqlara yönəldilməsinin tərəfdarı deyil".
sia.az