PDF Oxu

Siyasət

  • 54

I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurları sadələşdiriləcək

I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurları sadələşdiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin akkreditasiya sisteminin təşkili üçün müvafiq tədbirlər görüləcək

Azərbaycan Avropanın idman tarixində ən böyük hadisələrdən birinin başlanğıcındadır. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının ən yüksək səviyyədə, dolğun və parlaq keçirilməsi üçün hər kəs çalışır ki, Avropa Oyunları tarixində xatırlanacaq zamana çevrilsin.

Məlumdur ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıb. İlk Avropa oyunlarının Bakıda keçirilməsi böyük nailiyyətimiz, uğurumuzdur. Romada keçirilən 41-ci AOK Baş Assamblyeasında Azərbaycan paytaxtı Bakı şəhərini 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi gizli səsvermə yolu ilə 84% əksər səs çoxluğu ilə təsdiqləməsi əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edib. Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanıdıb. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilən qərarın əsasında da məhz bu amillər dayanıb.

Məlumdur ki, Bakıda ilk Avropa Oyunlarını 2015-ci ildə lazımi səviyyədə keçirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü və YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə iyun-iyul 2015-ci il tarixlərində Bakıda ilk Avropa Oyunlarını keçirmək məqsədilə Təşkilat Komitəsinin yaradılması haqqında Fərman imzalayıb. Təşkilat Komitəsində həm dövlət qurumlarının nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar, ictimai sahədə fəaliyyət göstərən insanlar cəmləşib.

Artıq "Bakı Avropa Oyunları 2015"-in Təşkilat Komitəsi tədbirin rəsmi xəbərlər mənbəyi olan www.baku2015.com internet səhifəsini açıb. Rəsmi internet səhifəsi dünyanın bütün ölkələrində olan insanlara ilk Avropa Oyunlarının məramı, keçirildiyi yeri və miqyası, idman növləri və yerləri haqqında məlumat almaq, Azərbaycan Respublikasının coğrafiyası, tarixi, iqtisadiyyatı, idmanı, mədəniyyəti və bir çox digər mühüm sahələri ilə tanış olmaq imkanı yaradıb. İnternet səhifəsi "Bakı Avropa Oyunları 2015"-ə aid hazırlıq işlərinin gedişi dövri olaraq yeniləşir və oyunlara müsafir, könüllü, idman azarkeşi və media nümayəndələri kimi qatılan insanlar üçün interaktiv bölmələri təqdim edir.

Bu günlərdə I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam bu tədbirin möhtəşəm, nizamlı təşkilinə olan diqqətin daha bir nümunəsidir. Sərəncama əsasən, I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə oyunların iştirakçılarının akkreditasiya sisteminin təşkili üçün müvafiq tədbirlərin görülməsi nəzərədə tutulur. Akkreditasiya olunacaq şəxslərin dairəsinin müəyyən edilməsi, akkreditasiyadan keçmə qaydası və akkreditasiya kartının formasının təsdiq edilməsi Sərəncamda əksini tapıb. Rəsmi sənəddə qeyd olunur ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və gedə bilərlər.

Avropa Oyunları ilə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi də Sərəncamda göstərilir. Belə ki, I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet-informasiya ehtiyatlarında yerləşdirilməsi təmin ediləcək.

Ölkəmizdə bu beynəlxalq tədbirə böyük hazırlıq işləri görülür. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında İlham Əliyevin dediyi kimi bu oyunların Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir: "Mən əminəm ki, bütün müvafiq qurumlar bu oyunların yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyəcəklər və həmişə olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirəcəyik".

Ölkəmizdə bu oyunların keçirilməsi üçün istənilən şərait mövcuddur. Şəhər infrastrukturu müasirləşir və Bakı dünyanın ən gözəl şəhərləri sırasındadır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər