Avqustun 8-9-da Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünə münasibət bildirən siyasətçilər Qarabağ probleminin istər sülh, istərsə də müharibə yolu ilə həll olunması üçün ilk növbədə prezidentlərin danışıqlar aparmasının vacib olduğunu bildiriblər.
Qabil Hüseynli: "Putin Azərbaycan naminə Ermənistanın üzərindən xətt çəkməyə məcburdur"
Politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutan Soçi görüşü barədə fikirlərini bildirərkən qeyd edib ki, bu görüşün keçirilməsi vacib idi: "Prezidentlərin budəfəki görüşü daha real və effektiv görünür. Əvvəllər belə görüşlər dekorasiya xatirinə keçirilirdi. İndi isə Putinin özünə lazım idi ki, Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirib münaqişənin həlli istiqamətində real addımların atılmasına nail olsun. Xüsusilə, Azərbaycanın könlünü almaq Kreml üçün vacibdir. MDB məkanında nüfuzunu itirən Rusiya ölkələri bir-bir itirməkdədir. Nəyə görə? Putin bu suala yəqin ki, cavab tapıb. Çünki Moskvanın yürütdüyü ədalətsiz, birtərəfli, bir qədər də işğalçı siyasəti nəticəsində dövlətlər Kremldən üz döndərib Qərbə doğru meyillənirlər. Putin yaxşı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Azərbaycan Rusiya ilə strateji müttəfiq səviyyəsində münasibət qurmayacaq, onun heç bir layihəsində yer almayacaq. Soçi görüşü əslində Sarkisyanı yola gətirmək, torpaqları öz sahibinə qaytarmağa təhrik etmək xarakteri daşıyırdı. Klüarlarda da belə söhbətlər gəzir ki, artıq 5 rayonun qaytarılması barədə ideya ortaya atılıb".
Q.Hüseynli hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tarixi şərait yetişib: "Putin Azərbaycanın hərbi və iqtisadi gücünün artdığını görür. Onun təşəbbüskarı olduğu Avrasiya və Gömrük ittifaqlarında olan ölkələrdən heç biri Azərbaycan qədər güclü deyil. O, Azərbaycanı öz tərəfinə çəkmək üçün hər şeyə razıdır. Putin Azərbaycan naminə Ermənistanın üzərindən xətt çəkməyə hazırdı. Rusiya nə isə etməlidir ki, Azərbaycanın razılığını ala bilsin. İndiki məqamda "nə isə" Dağlıq Qarabağ münaqişəsini həll etməkdir.
Aydın Hüseynov: "Cənab Prezident beynəlxalq birliyin Qarabağ münaqişəsinə davamlı passiv münasibətini, onun "nə hərb, nə də sülh" vəziyyətini saxlamaq istəməsini kəskin tənqidə tutub"
- Soçi görüşü bilavasitə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirildi. O da bəllidir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşlərə qatılmadılar. İlk növbədə qeyd etmək istədiyim məqam budur ki, Soçidəki görüşün keçirilməsinə əsas səbəb məhz təcavüzkar Ermənistanın separatçı "DQR" silahlıları vasitəsilə təmas xəttində təxribat xarakterli və davamlı hücumları olub. Belə ki, məhz iyulun 31-dən bəri Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində atəşkəs ardıcıl olaraq pozulur, hər iki tərəf itki verir, yaralananlar var. Artıq yerli və xarici ekspertlər Qafqazda yeni müharibə təhlükəsindən yazırlar. Ancaq təbii ki, Azərbaycanın güclü iqtisadiyyatı və qüdrətli ordusu ac-yalavac Ermənistanı istənilən an işğal olunmuş ərazilərdən uzaqlaşdırmağa qadirdir. Əbəs yerə deyil ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev cəbhə bölgəsinə etdiyi səfərində bu barədə çox kəskin və ədalətə söykənmiş bəyanatlar səsləndirdi. Bəli, bütün bunlar məhz Soçi görüşü ərəfəsində baş verdi. Bununla Ermənistanın nəzərinə çatdırıldı ki, bu kimi təxribatçı hərəkətlərə yol verilərsə, günah məhz ermənilərin hakimiyyətində axtarılmalıdır.
Bəli, Azərbaycan öz torpaqlarını geri istəyir və yaxın zamanlarda biz bu torpqalarımızın geri alınacağının şahidinə çevriləcəyik. Lakin göründüyü kimi, ermənilərin dövlət başçısı Serj Sarkisyan yenə də nala-mıxa vuraraq dolğun bəyanat səsləndirmədi. Hansı ki, bizim ölkə başçımız İlham Əliyev Cənabları vurğuladı ki, artıq Qarabağ məsələsi həddindən artıq uzanıb və onun həll olunması vaxtı çatıb. Bu isə o deməkdir ki, Azərbaycan xalqının səbri tükənib və uzun illərdir ki, aparılan sülh danışıqlarının nəticəsizliyi, Ermənistanın BMT-nin dörd qətnaməsini icra etməməsi Qarabağın erməni təcavüzkarlarının tapdağı altından güc yolu ilə azad edilməsini sürətləndirir. Məhz avqustun 6-da cəbhə bölgəsinə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev yalnız bunu deyib ki, Azərbaycan öz torpaqlarını hərb yolu ilə qaytarmaq iqtidarındadır, amma hələ də danışıqlar prosesinə ümidlə yanaşır. Ona görə də Cənab Prezident beynəlxalq birliyin Qarabağ münaqişəsinə davamlı passiv münasibətini, onun "nə hərb, nə də sülh" vəziyyətini saxlamaq istəməsini kəskin tənqidə tutub. Onun fikrincə, bəziləri problemə dondurulmuş münaqişə kimi baxmaq istəyir, amma Azərbaycan bu münaqişəni dondurulmuş saymır və öz torpaqlarını geri istəyir.
R.HÜSEYNOVA