Erməni xalqı quldur Sarkisyan rejimindən qurtulmaq üçün fasiləsiz mitinqlər keçirməyə başlayıb
Son vaxtlar Ermənistanın paytaxtı Yerevanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələr və prezident Serj Sarkisyanın həyata keçirdiyi uğursuz siyasətə qarşı izdihamlı aksiyaların keçirilməsinə başlanılmışdır.
Ermənistanın tert.am saytının yaydığı məlumatda bildirilir ki, əllərində Ermənistanın və Avropa İttifaqının bayraqlarını dalğalandıran narazı vətəndaşlar "Serjə yox deyək!", "Bu, bizim deyil, rejimin müharibəsidir", "Silahlardan əl çəkin!", "Rejimin siyasəti ölkəni boşaldır" kimi şüarlar səsləndirirlər. Yerevanda aksiyaların keçirilməsinə əhalinin gündən-günə ağırlaşan sosial şəraiti də öz təsirini göstərir. Ermənistan Milli Statistika Xidmətinin son məlumatında deyilir ki, iyun-iyul aylarında elektrik mallarının qiyməti 0,1 faiz, tikinti materialları 0,1 faiz, mebel 0,2 faiz, dərman pereparatları 0,2 faiz, tekstil malları 0,3 faiz, yanacaq 0,4 faiz, dəftərxana məhsulları 1,3 faiz, geyim 1,5 faiz, ayaqqabı 0,6 faiz bahalaşmışdır. Bahalaşma ölkənin bütün regionlarında müşahidə edilmişdir. Ötən ilin iyul ayı ilə müqayisədə ölkədə çörək və un məmulatlarının qiymətləri də artmışdır. Yüksək sort çörək 30,4 faiz, lavaş 0,4 faiz, buğda yarması 0,5 faiz, manna 0,7 faiz, makaron məmulatları 0,7 faiz, peçenye 1,1 faiz, düyü 1,7 faiz, uşaq yeməyi 3,1 faiz bahalaşmışdır.
Ermənistandakı ağır sosial vəziyyət insanların təkcə gündəlik həyatında deyil, bütün sahələrdə özünü göstərir. Nəticədə "Böyük Ermənistan" indi artıq kənd-kənd boşalır. Ermənistan milli konqresinin nümayəndəsi Vahan Xaçaturyan jurnalistlərlə görüşündə iqtisadi şəraitin dözülməzliyi barədə demişdir ki, bu ölkənin iqtisadiyyatında hər hansı müsbət irəliləyişdən belə söhbət gedə bilməz. Onun sözlərinə görə, vəziyyət gələcəkdə daha da pis olacaq. İqtisadiyyatın fəaliyyəti üçün labüd olan mexanizmlərin artıq işləməməsi bu fikri söyləməyə əsas yaradır. Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən hazırda regional təcrid vəziyyətinə düşən Ermənistanda şərait getdikcə daha gərgin mərhələyə qədəm qoyur. Xüsusən də sürətlə davam edən bahalaşma insanların sosial durumunun daha acınacaqlı hal almasına rəvac verir. Bu fonda qabarıq müşahidə edilən odur ki, iqtisadiyyatı ildən-ilə tənəzzülə uğrayan Ermənistanda inflyasiya sürətlə dərinləşməkdədir. Məsələn, bu ölkədə konkret ərzaq məhsullarının qiyməti son bir ildə 9,9 faiz, qeyri-ərzaq məhsullarının qiyməti isə 4,3 faiz bahalaşmışdır. Həmçinin əhaliyə göstərilən xidmətlərin qiymətlərində də bahalaşma qeydə alınmışdır. Vəziyyətdən çıxış yolunu isə ermənilər müxtəlif xarici ölkələrə qaçmaqda görürlər.
Karapet Rubinyan: "Xalqın quldur Sarkisyan rejimindən qurtulmaq vaxtıdır"
Ermənistan parlamentinin sabiq spikeri Karapet Rubinyan vəziyyətin təhlükəli həddə çatdığını bildirir, ölkənin ağır-sosial iqtisadi böhrana yuvarlanmasının kökündə hakimiyyətin yanlış siyasətinin və məmurların biznes maraqlarının durduğunu vurğulayır. Bu kontekstdə o, Ermənistan Konstitusiyasına zidd olaraq deputatların bizneslə məşğul olmasına diqqət çəkir. Sabiq spiker bildirir ki, əgər hakimiyyət xalq tərəfindən özünə qarşı etimad görmək istəyirsə, korrupsiya hallarına qarşı mübarizə aparmalıdır: "Lakin belə mübarizənin indiki hakimiyyət dövründə heç vaxt olmayacağı şübhəsizdir. Çünki qanunazidd olaraq deputatların bizneslə, inhisarçılıqla məşğul olmasına Serj Sarkisyan iqtidarı özü şərait yaradır. Elə hakimiyyətin digər qollarındakı məmurlar da iri biznesin əsas təmsilçiləridir. Buna görə də Sarkisyan kimi prezidentin və onun quldurlarının belə hallara qarşı hansısa addımlar atacağını düşünmək sadəlövhlük olardı. İndi xalq ya bu cinayətkar rejimdən xilas olmalıdır, ya da onun öz qanunsuz əməllərinin miqyasını necə genişləndirməsinə şahidlik etməlidir".
Levon Zurabyan: "Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil"
"Novosti Armenii" saytının verdiyi xəbərə görə, bu barədə müxalif "Erməni Milli Konqresi"nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib. O, qeyd edib ki, ötən il ərzində respublikada xarici investisiyaların həcmi 32 faiz, birbaşa investisiyalar isə 64 faiz azalıb. "Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil. Vətəndaşlara yalnız ölkəni birdəfəlik tərk etmək, xaricdə iş axtarmaq, və yaxud fəal etiraz yolu ilə öz haqlarını bərpa etmək və xalqı viran etmiş hökumətin hakimiyyətdən getməsinə nail olmaq qalır" deyə Zurabyan qeyd edib və vurğulayıb ki, hakim koalisiya müxalifətlə istənilən kompromisə getməkdən imtina edir. Ölkənin ağır iqtisadi durumda olduğunu yazan erməni jurnalist Tatul Akopyan bildirir ki, zülm içindəyik, məmurların hamısı rüşvət alır: "Hərbi komissar hərbi bilet satır. Yol polisləri, polislər canımızı boğazımıza yığıb. Kimdir müharibəyə gedən? Məni çağırsalar getsəm, məndən alçağı yoxdur. Adamları soymaq lazım olanda başımıza tökülürlər, amma elə ki, atışma oldu polis yoxa çıxır. Nə taxılımızı yığırıq, nə adam kimi yaşaya bilirik. Belə həyatın içini... Bura bax. Buğdaya bax. Quruyub tökülür. Kombayn tapılmır. Hamısı məhv olur gedir. Nə iş görək? De görüm?"
Vahan Ovanyan: " Xalq ümidini itirib, xalq ayılmalıdır"
Erməni politoloqu Vahan Ovanyanın çıxışı Ermənistanda ciddi əks-səda doğurub. Erməni şərhçi Aykazn Qaqriyan erməni oliqarxiyasının nədən ibarət olmasını yazıb: "Bu, dövlət rıçaqlarını və milli sərvətləri ələ keçirmiş bir qrup insandır. Onlar bu mövqeyə yuxarı rəhbərliyə göstərdikləri xidmət hesabına gəliblər. Seçki mexanizmini ləğv ediblər, ictimai etirazı və qanuni tələbləri neytrallaşdırıblar, bir sıra başqa cinayətlər də törədiblər",- deyə Qaqriyan vurğulayıb.
Vahan Ovanyan onu da bildirib ki, Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir: "Belə gedərsə, yaxın günlərdə Ermənistanda hakimiyyət dəyişikliyi olacaq. Buna səbəb isə ölkədə xalqın indiki hakimiyyətə olan nifrətidir. Bu gün Yerevanda baş verən hadisələr, xüsusilə də son günlər cəbhədə həlak olan əsgər anaları Serj Sarkisyana qarşı ayağa qalxaraq onun istefasını tələb edirlər".
Politoloqun sözlərinə görə, Ermənistanda yalnız hakimiyyətin dəyişdirilməsi ilə siyasi, iqtisadi və müvafiq olaraq demoqrafik vəziyyəti düzəltmək mümkün olmayacaq: "Sarkisyanın yarıtmaz siyasəti Ermənistanın regionda reallaşdırılan miqyaslı layihələrdən kənarda qalmasının səbəbidir. Nəticədə, Ermənistanda əhalinin yaşamaq üçün süründüyü vaxtda onun qonşularında həyat səviyyəsi Avropanın ən inkişaf etmiş dövlətlərindəkindən heç də pis deyil. Amma bu acınacaqlı vəziyyətdən çıxış yolu var. Bunun üçün əsas görülməli olan iş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bunu Yerevan da anlayır. Hələ 1997-ci il sentyabrın 26-da Ermənistan prezidenti kimi, L.Ter-Petrosyan keçirdiyi geniş mətbuat konfransında çoxları üçün gözlənilməz bəyanat səsləndirmişdi: "Bu gün bizim rədd etdiklərimizi gələcəkdə özümüz istəyəcəyik. Amma o zaman onu da ala bilməyəcəyik... Realist olmaq və anlamaq lazımdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağdakı vəziyyətlə uzun müddət barışmayacaq. Çünki bu vəziyyət regional əməkdaşlığa, təhlükəsizliyə, Qərbin neft maraqlarına ziddir".
L.Ter-Petrosyan: "Nə qədər ki, Qarabağ problemi çözülməyib, Ermənistan normal dövlət olmayacaq, biz yaxşı yaşaya bilməyəcəyik"
L.Ter-Petrosyan isə vurğulayıb ki, vaxtilə hələ o zaman erməni mətbuatında açıq şəkildə bildirirdim ki, Ermənistan seçim qarşısındadır: ya Qarabağ probleminin həllində kompromis, ya da uzun illər ərzində iqtisadi durğunluq, aşağı yaşayış səviyyəsi: "Ermənistan normal dövlət olmayacaq. Qarabağ problemi çözülmədən, blokada aradan qalxmadan biz yaxşı yaşaya bilməyəcəyik. Ya bu, ya o. Ya bütün dünyaya deməliyik: kənara çəkilin, problemimizi özümüz həll edəcəyik, öz gücümüzə əminik və heç bir güzəştə getməyəcəyik. Amma bu halda heç kəsin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını tələb etməyə haqqı çatmayacaq. Əksinə, yaşayış səviyyəsinin daha da aşağı düşəcəyi fikri ilə barışmaq lazım gələcək. Ya da yaxşı yaşamaq, iqtisadiyyatımızı inkişaf etdirmək istəyiriksə, özümüzdə cəsarət tapmalı, ciddi qarşılıqlı güzəştlərə getməliyik".
L.Ter-Petrosyan onu da söyləyib ki, ölkədə əhali qalmayıb, iqtisadi durumu xalq görür ki, Ermənistan dilənçi vəziyyətindədir: " Sarkisyanı siyasətçi deyil, siyasətçi olsaydı, hakimiyyftdə olduğu illərdə bir addım irəliləyiş olardı. Lakin Ermənistan bu illər ərzində nəinki bir adddım, heç bir qarış belə qabağa getməyib. Belə olan haldı Sarkisyan kimi siyasi savadsız, saxtakar, xalqın qanını soran bir səviyyəsizin hakimiyyətdə qalması bu xalqın yer üzündən silinməsi deməkdir".
Almaniyalı deputat: "Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik"
Qeyd edək ki, Ermənistanın təcavüzkar ölkə olduğunu xarici ölkələrin beynəlxalq təşkilatları da təsdiqləyirlər. Almaniyanın Xristian Demokrat İttifaqının ölkə parlamentindəki deputatı Stefen Kanitz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrini dəstəklədiyini bəyan edib. S.Kanitz Avropa Azərbaycan Cəmyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırarkən deyib. Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi tanıyır. Erməni siyasətçilər bunun əksini iddia etməklə "odla oynayırlar". S.Kanitz vurğulayıb ki, Avropada ərazi bütövlüyü prinsipinin tətbiqi Ermənistanın Azərbaycana qarşı zorakılığına qədər birmənalı idi: "Ermənistan Azərbaycan ərazisinin böyük bir hissəsini və Dağlıq Qarabağı işğal etməklə özünü beynəlxalq hüquq standartlarından nəzərəçarpacaq dərəcədə kənarlaşdırdı. Belə bir davranış biz parlamentarilər tərəfindən xoş qarşılana bilməz".
Deputat bildirib ki, Avropa Şurasının Parlament Assambleyası açıq-aydın bəyan edib ki, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquqa ziddir: "AŞPA-nın həmin qətnaməsini rəhbər tutan Almaniya və Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Sovet İttifaqının süqutundan sonra Ermənistan qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edərək, bir milyona yaxın azərbaycanlını didərgin vəziyyətinə saldı. Aydındır ki, insanların bu acınacaqlı durumuna biganə qalmaq olmaz. Buna görə də biz, münaqişənin sülh yolu ilə həlli üçün cəhdlərimizi gücləndirməliyik".
S.Kanitz bəyan edib ki, Avropa ictimaiyyəti Ermənistanın beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına qarşı yönələn hərəkətlərini qətiyyətlə pisləyir: "Ermənistan beynəlxalq səviyyədə məsuliyyət və cavabdehlik daşıyır. Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik".
A.SƏMƏDOVA