YAP Ağcabədi rayon təşkilatında cari ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar yığıncaq keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları iştirak ediblər.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyatov çıxış edərək seçici siyahılarının dəqiqləşdirilməsi üçün YAP fəallarının müəyyənləşdirilməsi, siyahılar dəqiqləşdirildikdən sonra YAP Ağcabədi rayon təşkilatının kompüter bazasına ötürülməsi, Dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərin və müşahidə aparacaq YAP fəallarının forma üzrə siyahılarının hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq ilk təşkilatların həyata keçirəcəyi tədbirlər barədə məlumat verib.
Yığıncaqda YAP Ağcabədi rayon təşkilatının idarə heyətinin üzvü Qurban Babayev çıxış edərək, qeyd edib ki, bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülənlərin arasında gənclərin və qadınların, ali təhsilli mütəxəssislərinin və əhali arasında nüfuzu olan insanların daha çox olmasına xüsusi diqqət yetirilməlidir.
YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov Bələdiyyə seçkilərinə hazırlıq prosesi ilə əlaqədar olaraq seçki qərargahlarının yaradılması və qərargahda fəaliyyət göstərəcək qərargah üzvlərinin siyahısının hazırlanması və seçki kampaniyasında iştirak edəcək YAP fəallarının müəyyən edilməsi barədə fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Toplantıda çıxış edən ərazi ilk təşkilat sədrləri növbəti bələdiyyə seçkilərinin də həmişə olduğu kimi yüksək səviyyədə keçiriləcəyini bildirib.
Zümrüd BAYRAMOVA