"Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli hərb yolundan daha üstün ola bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, bu, o zaman mümkün ola bilər ki, Minsk qrupuna həmsədrlik edən ölkələr, o cümlədən Rusiya sözügedən məsələdə yetərincə prinsipial mövqe tutsun: "Həmsədrlər neytral mövqedə olduqlarını bildirsələr də, əslində bu sözlər özlərini doğrultmur. Neytrallıq o demək deyil ki, işğalçı ilə işğala məruz qalana eyni gözlə baxılsın. Neytrallıq o deməkdir ki, tərəflər birmənalı şəkildə beynəlxalq normaların, beynəlxalq hüquqların prinsipinə əməl etməyə çağırılmalıdır".S. Alıyev vurğulayıb ki, prezidentlərin Soçi görüşü öncəsi cəbhə xəttindəki döyüşlər həm ermənilər, həm də onları himayə edən qüvvələrə Azərbaycanın nəyə qadir olduğunu göstərdi: "Məhz bu və sosial ideallıqdan çıxış edəndə münaqişənin tezliklə və sülh yolu ilə həllinin nə qədər Azərbaycanın maraqlarına cavab verirsə, bir o qədər də Ermənistanın və eyni zamanda Soçi görüşünü təşkil edən Rusiya Federasiyasının maraqlarına cavab verdiyi görünür. Azərbaycanın maraqlarına nəyə görə cavab verdiyi aydındır.Bizim torpaqlarımız işğal altındadır və qayıtmalıdır. Ermənistanın marağına ona görə cavab verir ki, münaqişə hər ötən il bu ölkənin iqtisadiyyatı üçün sarsıntı olur. Ermənistan əhalisi üçün bu sarsıntı son həddədir. Çünki onlar təcrid vəziyyətindədirlər. Eyni zamanda ermənilərin öz statistikası göstərir ki, hər il 10 minlərlə insan Ermənistanı tərk edir. Bir az sonra nəinki işğal altında olan Azərbaycan torpaqları, eyni zamanda Ermənistanın özündə də erməni qalmayacaq. Hazırkı reallığı nəzərə alsaq, bu münaqişənin həlli Rusiyanın da maraqlarına cavab verir. Rusiya hələ ki, bu münaqişəni həll etmək qüdrətindədir. Amma proseslər göstərir ki, müəyyən bir vaxtdan sonra Rusiya bunu istəsə belə edə bilməyəcək və bundan əldə edə biləcəyi dividentləri də itirmiş olacaq. Ona görə də mən hazırkı dövrü münaqişənin həlli yollu baxımından olduqca əlverişli bir dövr kimi qiymətləndirirəm. Gözləyək ki, Ermənistan prezidenti hansı tapşırığı alacaq və necə hərəkət edəcək. Amma təəssüf ki, Soçi görüşü bitəndən sonra Ermənistan prezidentinin verdiyi açıqlamalar çətinliyə əsas yaradır".
sia.az