PDF Oxu

Siyasət

  • 71

Ordu Ali Baş Komandanın əmrini gözləyir

Ordu Ali Baş Komandanın əmrini gözləyir

İlham Əliyev: "Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır"

Bu gün Azərbaycan regionun aparıcı siyasi-iqtisadi nüfuz və güc sahibi olmaqla yanaşı, hərbi müstəvidə də əsas söz sahibidir. Yalnız hərbi potensialına görə deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz erməni işğalına məruz qalmış torpaqlarımızı qısa müddət ərzində azad etmək gücünə qadirdir. Belə bir reallıq nəinki rəsmi Yerevan, eləcə də beynəlxalq güclər tərəfindən də etiraf olunmaqdadır. Hamı dərk edir və separatçılıq əhval-ruhiyyəsi gözlərini örtmüş zavallı Ermənistanın da dərk etməsinə çalışır ki, problemin hərbi yolla həlli variantı bu ölkəni fəlakətlərin girdabına sürükləyəcək, onun sonunu reallığa çevirəcəkdir.

Məhz son günlər qoşunların təmas xəttində atəşkəsin ciddi şəkildə pozulması və nəticədə Azərbaycan Ordusunun qətiyyətli cavabı düşmən ölkəni qorxuya salıb. Xüsusilə də, ölkə Prezidenti İlham Əliyevin cəbhə xəttinə etdiyi səfər zamanı səsləndirdiyi fikirlər ermənilərin kürklərinə birə salıb. Ali Baş Komandan bildirib ki, həqiqət ondan ibarətdir ki, bu hadisələrdə yenə də Azərbaycan Ordusu üstün olub və bu hadisələrdə biz qələbə qazanmışıq: "Bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Bütün bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir, möhkəmlənir. Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma "Dağlıq Qarabağ" müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın".

Sarkisyanın qorxu blefi

S.Sarkisyan Soçi görüşündən qayıtdıqdan sonra o, Ermənistan mətbuatına verdiyi açıqlamasında Azərbaycana yönələn hədələyici bəyanatlar səsləndirdi. Qeyd edək ki, bu, Sarkisyanın birici açıqlaması deyil, ucuz təfəkkürə malik Ermənistan rəhbərliyindən bu tipli açıqlamalar çox olub. Ancaq Sarkisyan unudur ki, Azərbaycanın iqtisadi və hərbi gücü Ermənistandan qat-qat güclüdür. Eyni zamanda son hadisələr bir də onu göstərdi ki, Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhu çox yüksəkdir. Ölkə Prezidenti bildirdi ki, düşmən artıq bizim qabağımızda dura bilməyəcək: "Hər halda, bu gün Azərbaycan Ordusu öz gücünü göstərərək, danışıqlar prosesinə də müsbət təsir edir. Çünki düşmən açıq-aydın görür ki, bizim qabağımızda dura bilməyəcək. Əgər Azərbaycan Ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir. Ona görə hesab edirəm ki, son günlər ərzində yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək. İşğalçı dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son qoyulmalıdır".

Eyni zamanda, vurğulamaq lazımdır ki, Ali Baş Komandanın müharibə ehtimalının qaçılmaz olması ilə bağlı fikirləri də erməniləri çox ciddi narahat edib. Dövlət başçısı qeyd edib ki, hazırda biz sülh şəraitində deyil, atəşkəs rejimi olsa da, müharibə şəraitində yaşayırıq və bunu hamı bilməlidir: "Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz. Biz müharibə istəmirik, biz sülh istəyirik. Ancaq eyni zamanda, biz torpaqlarımızı istəyirik. Ermənistan, əlbəttə ki, indiki vəziyyəti, status-kvonu saxlamaq istəyir. Vasitəçilərin də əsas istəyi və fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə başlamasın. Biz də müharibə istəmirik. Ancaq biz onlardan fərqli olaraq, torpağımızı istəyirik".

Ordu quruculuğu dövlətin diqqət mərkəzindədir

Bu bir həqiqətdir ki, regionun lider dövləti olan Azərbaycan, eyni zamanda, bölgədə sülhün, əmin-amanlığın qarantı rolunda çıxış edir. Dövlətimizin və xalqımızın əsas amalı Cənubi Qafqazı sabitlik və inkişaf məkanına çevirməkdir. Bununla belə, məlum olduğu kimi, Azərbaycanın davamlı sülh çağırışlarının müqabilində işğalçı Ermənistan tərəfindən adekvat addımlar atılmır. Belə ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində suveren dövlətlərin ərazi bütövlüyünü təsbit edən beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Daha dəqiq desək, 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, təxminən 1 milyon soydaşımız doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, AŞPA, İƏT Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiqləyən və pisləyən, işğalçı qoşunların zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələr çıxarmalarına baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam etdirir, həmçinin, hər vəchlə aqressiya nəticəsində yaranmış status-kvonun saxlanmasına nail olmağa çalışır. Təbii ki, mövcud durum heç bir halda Azərbaycanı qane edə bilməz. Və sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, Azərbaycan gec-tez öz torpaqlarını güc yolu ilə geri qaytarmaq məcburiyyətində qalacaq. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bəyan etdiyi kimi, "belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcəkdir və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaqdır".

Bir sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi, güclənən Azərbaycan Ordusu Ermənistan üçün ciddi təhlükə mənbəyinə çevrilib. Azərbaycan Ordusunun güclənməsinin fonunda Ermənistan cəmiyyətində getdikcə artan psixoloji deqradasiya, ruh düşgünlüyü hiss olunmaqdadır. Ermənilər getdikcə daha dərindən dərk edirlər ki, ikinci Qarabağ savaşı başlayacağı təqdirdə güclü Azərbaycan Ordusunun həmlələrinə cavab verə bilməyəcəklər. Beləliklə , Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bundan sonra da ölkənin hərbi-sənaye potensialının güclənməsinə, ordunun qüdrətinin artmasına daha da böyük dəstək veriləcək, daha da böyük vəsait ayrılacaq: "Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər