PDF Oxu

Siyasət

  • 52

İlham Əliyev: “Ən ali məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir”

İlham Əliyev: “Ən ali məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir”

Dünyanın qlobal enerji layihələrindən biri kimi Azərbaycanın ən yeni tarixinin parlaq və əlamətdar səhifəsinə çevrilən, xalqın taleyində həlledici rol oynayan, respublikanın yeni dövr üçün sosial-iqtisadi inkişaf prioritetlərinin dəqiq şəkildə müəyyənləşməsinə həlledici təsir göstərən "Əsrin müqaviləsi"nin imzalanmasından 20 il keçir. 1994-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ardıcıl və sistemli şəkildə həyata keçirilmiş yeni neft strategiyası ötən illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələr üzrə dinamik inkişaf yolunda olan respublikaya çevrilməsi, beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirməsi, habelə milli təhlükəsizlik maraqlarını yüksək səviyyədə təmin etməsi baxımından mustəsna rol oynamışdır.

Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu tarixi müqavilə Azərbaycanın yeni gənc müstəqil dövlət olaraq təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqləmişdir. Ən əsası isə bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək dünya birliyinə sıx inteqrasiyasını təmin etdi. Qərbin bir sıra aparıcı, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşıyan "Əsrin müqaviləsi" regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni bir mərhələnın başlanğıcını qoydu.

Bu barədə Prezident İlham Əliyev çox dəqiq deyib: ""Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik".

Müstəqil enerji siyasəti

Bu gün dünyada baş verən müxtəlif proseslər - yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi üçün daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması ilə mövcud ideyaların reallaşdırılması istiqamətində əməli hərəkətə keçməlidirlər. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dövlətlərin diqqətini cəlb edib. Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı mühüm rol birinci növbədə özünün neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Belə ki, hazırda Azərbaycan nefti və qazı mövcud enerjidaşıyıcı sistemlərlə bütün istiqamətlərə nəql edilir. Azərbaycanın təşəbbüsü ilə BTC, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı ki, bu da Azərbaycanın enerji siyasətinin müstəqil olmasından xəbər verdi. Bu layihələrdən sonra Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir.

Azərbaycanın enerji

siyasətində növbəti

uğurlu hadisə

Azərbaycanın yeni tarixinə və enerji siyasətində növbəti möhtəşəm hadisə "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarının imzalanması oldu. İmzalanma mərasimində Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib: "Bu gün müasir Azərbaycanın tarixində tarixi bir gündür. "Şahdəniz-2" enerji layihəsinin icrasına başlanılacaqdır. Bu isə ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir. "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir".

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə TANAP və TAP qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşəcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. Azərbaycanın enerji siyasətinin növbəti mərhələyə qədəm qoyduğunu göstərən "Şahdəniz-2" üzrə yekun investisiya qərarı, sadəcə, iqtisadi və kommersiya deyil, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə xidmət edən çox mühüm sənəddir. Bu layihənin reallaşması Azərbaycanın gələcək inkişafı üçün zəmin yaradan çox mühüm amillərdən biri olmaqla yanaşı, ölkəmizin dünyadakı mövqelərini, regional və qlobal miqyasda rolunu və yerini daha da gücləndirəcək.

"Əsrin müqaviləsi" ilə müqayisə olunan "Şahdəniz-2" üzrə yekun investisiya qərarı Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi, Prezident İlham Əliyevin enerji siyasətinin uğurlu nəticəsidir. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin inamla gerçəkləşdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft strategiyası davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə, Azərbaycanın iqtisadi cəhətdən daha da güclü dövlətə çevrilməsini təmin edəcəkdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər