İlham Əliyev: "Bu il ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcək"
Azərbaycanda qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlər nəticəsində ölkənin maliyyə imkanları ilbəil genişlənir. Bu da ölkəmizdə uğurlu investisiya siyasətinin həyata keçirilməsinə imkan yaradır. Təsadüfi deyil ki, keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanda hazırda bütün sahələrin inkişafına iri məbləğdə investisiyalar yönəldilir. Bunun da nəticəsində nəzərdə tutulmuş bütün infrastruktur layihələri vaxtında və müvəffəqiyyətlə icra olunur, ölkədə quruculuq işləri gündən-günə sürətlənir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, böyük məbləğdə investisiyaların qoyuluşu Azərbaycan iqtisadiyyatına və Azərbaycanın gələcəyinə böyük inamın təzahürüdür.
Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, Azərbaycan böyük maliyyə resursları ildən-ilə artırılacaq və investisiya portfeli həm sahələr üzrə, həm də xaricə qoyulan investisiyaların coğrafiyası baxımından "şaxələndiriləcək": "Ölkəmizdə çox gözəl investisiya şəraiti vardır. Xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək. Bunu da xüsusilə qeyd etməliyəm ki, biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik. İnfrastruktur, sosial layihələr, müdafiə xərcləri, əlbəttə ki, bu, lazımdır və düşünülmüş siyasətdir".
Dövlət başçısının sözlərinə görə, bu il ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcək: "Bu il ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmuşdur. Burada bu rəqəm səsləndi - 7,6 milyard manat. Yəni, 6 ayda 11,5 milyard dollar investisiya qoyulmuşdur. Biz bu templəri saxlayırıq. Bu, bizə imkan verir ki, bütün infrastruktur, sosial layihələri icra edək".
Regionlarda uğurlu investisiya siyasəti
Dünya təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafının yalnız bir amil üzərində qurulması və iqtisadiyyatın yalnız bir amildən asılılığı məqsədəuyğun hal deyildir və böhran təhlükəsi yaradır. Bu baxımdan təbii ki, Azərbaycanda da neft ehtiyatları ilə olduqca zəngin olmasına baxmayaraq, bu prinsip həyata keçirilir. Və iqtisadiyyatımızın neft amilindən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində ildən-ilə fəal, məqsədyönlü işlər aparılır. Cənab Prezident İlham Əliyevin çıxışlarının əksəriyyətində "Qara qızılı insan qızılına çevirməliyik fikrini vurğulaması artıq bu istiqamətin dövlət başçısı tərəfindən əsas strateji məqsəd olaraq seçilməsindən xəbər verir. Qeyd edək ki, ildən-ilə ÜDM istehsalında qeyri-neft sektorunun payı, eləcə də qeyri-neft sektoruna ayrılan investisiyaların həcmi artır. Hazırda bu sahələrin inkişafına qoyulan investisiyalar daha çox dövlət investisiyaları şəklində həyata keçirilsə də gələcəkdə yerli və xarici investorların da qeyri-neft sektoruna marağının kifayət qədər artacağı gözlənilir. Elə regionlara yatırılan sərmayələr və onların nəticələri bunu aydın formada nümayiş etdirir.
Kənd təsərrüfatı sahələrinə qoyulan sərmayələr artıq ötən illərlə müqayisədə daha çox məhsul istehsalına imkan verir. Hər şeydən əvvəl bu sahənin inkişafının Azərbaycanda çox qədim ənənələri vardır. Daha sonra yerli xammal bazası, əlverişli iqlim şəraiti, ekoloji cəhətdən təmiz məhsul istehsalı, yerli mütəxəssislərin böyük təcrübəyə malik olması, kənd təsərrüfatı məhsullarının istehsalı 2009-cu ilədək bütün rüsumlardan azad olması (torpaq vergisi istisna olmaqla) və s. amillər gələcəkdə arıçılığın ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacağına dəlalət edir. Bütün bunlar onu göstərir ki, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurduqdan sonra Azərbaycan həm də yeni şəraitə uyğun olaraq iqtisadiyyatının daha güclü hala gəlməsini təmin edir, qarşıya qoyulan əsas hədəf kimi inkişaf etmiş ölkələr sırasına daxil olmaq istiqamətində sürətlə irəliləyir.
Təməlli maliyyə siyasəti bu uğurların məntiqi nəticəsidir
2014-cü ilin 6 ayında Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Məhz bunun nəticəsidir ki, cari ilin ötən dövrü ölkənin ayrı-ayrı şəhər və rayonlarında yeni-yeni obyektlərin açılması ilə əlamətdar olmuşdur. Belə ki, həmin müddətdə Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Gimnastika Arenası, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, AMEA-nın Mərkəzi Kitabxanası, Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası istifadəyə verilmişdir. Sevindirici haldır ki, ilin buraxılış obyektlərinin əksəriyyəti regionların payına düşmüşdür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında Arpaçay Su-Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncə şəhərində Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları, Ağdaş rayonunda yem və meyvə emalı zavodları, Ağdaş elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya-İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Şamaxıda "Şamaxı Palace Platinum By Rixos" oteli fəaliyyətə başlamışdır. Bundan əlavə, ilin altı ayında bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 824,6 min kvadratmetr olan yaşayış evləri, 200 çarpayılıq xəstəxana, 2640 şagird yelik ümumtəhsil məktəbləri və 672 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilmişdir. Hazırda isə 300-dən çox sosial obyektin təmir-tikintisi həyata keçirilir.
Beləliklə, bütün bunlar sübut edir ki, Azərbaycanda mövcud olan investisiya siyasətinin uğurları növbəti illərdə də əsas amil kimi şərtləndiriləcək. Həm iqtisadi, həm maliyyə, həm də digər sahələrdə əldə edilən davamlı nailiyyətlər məhz bu cür qənaətə gəlməyə kiyfayət qədər zəmin yaradır.
RƏFİQƏ KAMALQIZI