PDF Oxu

Siyasət

  • 57

Seymur Orucov: “Baş verənlər sadəcə şoudur” AÇIQLAMA

Seymur Orucov: “Baş verənlər sadəcə şoudur” AÇIQLAMA

"Onlar heç vaxt bir-birləri ilə yaxın və yaxşı münasibətdə olmayıblar. Sadəcə, müəyyən maraqlar çərçivəsində birləşməyə çalışsalar da imkan tapan kimi arxadan zərbə vurmaqla önə çıxmağa çalışıblar. Yəni bunlarda heç cür liderlik görüntüsü, davranışı yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədri Seymur Orucov qondarma siyasi məhbus məsələsi ilə bağlı müxalifətdə yaçanan ikitirəliyə münasibətini açıqlayarkən deyib.

Seymur Orucovun fikrincə, artıq bu gün müxalifətdə ikitirəlik deyil, məhz çoxtirəlik əmələ gəlib: "İlk növbədə onların xalq arasında dayağının olmaması məsələsidir. Ona görə də zaman-zaman müəyyən addımlar atmaqla, öz varlıqlarını cəmiyyətə göstərməyə cəhd edirlər. Eyni zamanda xaricdəki havadarlarına özlərini göstərməyə çalışırlar. Təbii ki, bu da onlarda alınmır. Baxın, indi də "siyasi məhbus" məsələsini qabardaraq, bir neçə "müdafiə komitələri" yaradıblar. Sanki həmin komitələri yaratmaqla həqiqi müxalifət olduqlarını sübut etməyə çalışırlar".

YAP GB-nin sədri həmçinin bildirib ki, burada məqsəd həbs olunanların müfadiəsini təşkil etmək deyil və əslində, məqsəd yaradılan "müdafiə komitələri" adı ilə qrant almaqdır: "Ancaq görünən də budur ki, ortada "siyasi məhbus" deyilən bir şey ümimiyyətlə yoxdur və onlar da həbs olunanlara görə ortalığa çıxmayıblar. Daha dəqiq desək, görünən budur ki, onlar qrant almaqdan ötrü bu qədər səylər göstərirlər. Çünki hər kəsə bəllidir ki, müdafiə komitələri yaradılandan sanra xarici təşkilatlar tərəfindən qrantlar ayrılır. Görün, vəziyyət nə həddə çatıb ki, İsa Qəmbərlə Əli Kərimli ayrı-ayrılıqda müdafiə komitələri yaradıb, xarici təşkilatlradan qrant almaq üçün bir-birləri ilə barışmaz savaşa qalxıblar. Onları həbsdə olan insanlar deyil, maliyyə, maddi vəsait əldə etmək maraqlandırır".

"İkinci məsələ isə budur ki, əgər biz həbs olunanların kimliklərini araşdırsaq, görərik ki, onların siyasi məsələlərə heç bir aidiyyatları yoxdur", - deyə vurğulayan Seymur Orucov əlavə edib ki, onlardan "siyasi məhbus" düzəltməyə çalışan insanlar var: "Məsələn, Leyla və Arif Yunusları, eyni zamanda onların toruna düşmüş Rauf Mirqədirovu götürək. Birincilər QHT rəhbərləri, ikinci isə jurnalistdir. Onlar Vətənə xəyanət etməkdə, erməni kəşfiyyatına satılmaqda ittiham olunurlar. Yaxın zamanlarda istintaq yekunlaşacaq və digər faktlar da ortaya çıxacaq. Bu adamlar nədən siyasi məhbus adlandırırlar?

Digərləri də onlar kimi. Bəziləri vergidən yayınmaya görə qanun qarısında cavab verməli olacaqlar. Burada hansı siyasi motivdən danışmaq olar? Əlbəttə ki, heç bir siyasi məsələnin bu həbslərə aidiyyatı ümumiyyətlə, yoxdur. Baş verənlər isə sadəcə şoudur. Bu gün onlara sual etmək lazımdır ki, müdaifə komitəsi yaratmaqla onlar daha nəyə nail olmaq istəyirlər?".

YAP GB-nin sədri müxalifət liderlərinin özlərini hər zaman qanundan üstün tutduqlarını da qeyd edib: "Belələri nədənsə hər zaman özlərini qanundan üstün tutmağa cəhd göstəriblər. Belə düşünürlər ki, istənilən an qanunları ayaq altına ata bilərlər. Ancaq çox ciddi şəkildə yanılırlar. Azərbaycanda qanun şahdır və qanunları pozan istənilən şəxs qanun qarşısında da cavab verməyə məhkumdur".

Seymur Orucov bəzi gənclərin aldadılaraq müxalifət sıralarına cəlb olunduqlarına münasibət bildirərək deyib ki, belə gənclər daha sonradan dırnaqarası liderlərinin biganəliyi ilə qarşı-qarşıya qalmış olurlar: "Mən təəssüf edirəm ki, İsa Qəmbər, Əli Kərimli kimilərinin ətrafında görünməyəcək qədər də olsa həyatları zəhərlənmiş gənclər də var. Mən həmin gənclərə üzümü tutub deyirəm ki, hələ də gec deyil. Bu gün ölkənin və regionun ən qüdrətli partiyası – Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyətini davam etdirməkdədir. Bu gün YAP-ın sıralarında uğur qazanan gənclərimiz var və müxalifətdə olan aldadılmış gənclər sağlam düşüncəli gənclərə qoşularaq, qələbələrə, zəfərlərə doğru birgə addımlaya bilərlər. Çünki bu günə qədər heç bir gənc İsa Qəmbərin, ya da Əli Kərimlinin "siyasətindən" səmərə görməyiblər. Onlar ya həbsə düşür, ya da təhsillərini yarımçıq qoyaraq arzuolunmaz vəziyyətə düçar olurlar. Başqa tərəfdən, onlar öz "liderləri" tərəfindən biganəliyə məruz qalır, sonradan gec də olsa anlayırlar ki, hansı səhvlərə yol veriblər. Ancaq necə deyərlər, ziyanın da yarısından qayıtmaq xeyirlidir. Belə gənclər məhz YAP sıralarına gələrək, öz uğurlu gələcəklərini təmin edə bilərlər".

sia.az

Digər xəbərlər