PDF Oxu

Siyasət

  • 62

Azərbaycanın yenilənən yol infrastrukturu

Azərbaycanın yenilənən yol infrastrukturu

İlham Əliyev: "Biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq"

Dinamik inkişaf tempinə malik olan Azərbaycanın iqtisadi tərəqqisinin əsasında duran mühüm faktorlardan biri də çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsidir. Məlumdur ki, bu gün paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanır. Məhz qəbul və icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində çoxsaylı, əhəmiyyətli infrastruktur layihələri həyata keçirilib. Məqsəd Bakı və onun mərkəzi ilə yanaşı, ətraf qəsəbələr və bölgələr arasında fərqi aradan qaldırmaqdır.

Prezident İlham Əliyev çıxışlarında son 10 ildə infrastruktur layihələrinin icrasının prioritet məsələ olduğunu bildirib: "Son on ildə infrastruktur layihələrinin icrası prioritet məsələ idi. Çünki biz yaxşı başa düşürdük ki, bu layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaqdır. Xüsusilə, ölkəmizin enerji potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq çox ciddi addımlar atılmışdır".

Uğurlu infrastruktur layihələr uğurluk inkişaf deməkdir

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı infrastruktur layihələrin uğurla başa çatmasına da toxunaraq bildiribdir ki, nəzərdə tutulan bütün infrastruktur layihələr uğurla başa çatmalıdır: "Gələn altı ayda biz əlbəttə çalışmalıyıq ki, nəzərdə tutulmuş bütün infrastruktur layihələrini başa çatdıraq. Son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür, amma hələ ki, görüləsi işlər çoxdur. Xüsusilə nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur, - mən bunu giriş sözümdə də demişəm, bizim maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər vəsaitimiz vardır, - ona görə, infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin".

Prezident İlham Əliyev xüsusilə də kənd yollarının tikintisinə daha çox diqqət verilməsini tapşırıb: "İnfrastruktur layihələri arasında biz son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstəririk. Çünki buna böyük ehtiyac vardır. Yerlərdən gələn xahişlər də bunu göstərir. Bəlkə ona görə ki, son illər digər infrastruktur layihələrinə, xüsusilə elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük investisiyalar qoyulmuşdur. Ancaq bu sahədə vəziyyət hələ bizi tam şəkildə qane etmir. Buna baxmayaraq müəyyən uğurlu addımlar atılmışdır. Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir".

Dövlət başçısı üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisinin xüsusi yeri olduğunu da vurğulayıbdır: "Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər".

Müasir standartlara cavab verən nəqliyyat sistemi yaradılıb

Son 10 ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz respublikada müasir standartlara cavab verən nəqliyyat sisteminin yaradılmasıdır. Belə ki, son illər Azərbaycanda nəqliyyat infrastrukturunun sürətli templərlə yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Vətəndaşların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, yollarda tıxacların yaranmasının qarşısının alınması, iri tonnajlı yük maşınlarının şəhərə daxil olmadan rahat mənzil başına çatdırılması üçün yeni yollar, yol qovşaqları, yeraltı və yerüstü piyada keçidləri, körpülər tikilərək istifadəyə verilib.

Ökənin nəqliyyat sektorunun inkişafının iqtisadiyyatın digər sahələrində yüksəlişə ciddi təsir göstərən amil olduğunu əvvəlcədən nəzərə alaraq dövlət investisiya siyasətində bu sektora xüsusi diqqət ayırıb. Nəqliyyat sektoruna yatırılan investisiyaların artması xüsusilə 2006-cı ildən etibarən başlanıb. Bu sahəyə dövlət büdcəsindən ayırmalarla yanaşı, xarici kreditlər də cəlb edilib. Nəqliyyat sektoruna yatırılan investisiyalar 2009-cu ildə ölkə iqtisadiyyatına bütün kapital qoyuluşlarının 23,8 faizini təşkil edib. Bu investisiyaların 85 faizi avtomobil yollarının, körpülərin, piyada keçidlərinin və s. tikintisi və yenidən qurulmasının payına düşüb.

Bütövlükdə, regionlarının inkişafı, ölkə əhalisinin sosial problemlərinin həlli, o cümlədən bölgələrdə nəqliyyat xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə qəbul edilmiş dövlət proqramlarında yol-nəqliyyat kompleksinin - dəmiryolu, avtomobil, hava, su nəqliyyatı və avtomobil yolları sahələrində müasir infrastrukturların yaradılması üzrə mühüm işlər görülüb. 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş 2 Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilib və təmir olunub, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilib, 85 körpü əsaslı təmir olunub. Bundan əlavə, 400 kilometrdən çox dəmiryolu əsaslı təmir olunub, regionlarda yeni 4 hava limanı tikilib, 2 liman tam yenidən qurularaq istismara verilib. Bu dövr ərzində 16 avtovağzal tikilib, 9 avtovağzal yenidən qurulub. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunub. Eyni zamanda, regionun ən böyük nəqliyyat layihələrindən biri olaraq Avropa və Asiya arasında Azərbaycan ərazisindən keçməklə daha etibarlı nəqliyyat bağlantısını təmin edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yanaşı, Ələt qəsəbəsində bu bağlantının tərkib hissəsi olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi sürətlə davam etdirilir. Uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılıb. Hazırda cari ildə istismara veriləcək bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir.

Göründüyü kimi, Azərbaycanın ümumi inkişafında əhəmiyyətli rolu olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində reallaşdırılan davamlı infrastruktur layihələri ölkəmizdə yeniləşməyə, davamlı tərəqqiyə, sosial-iqtisadi tarazlığın yaranmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, rahatlığına xidmət edib. Müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi nəticəsində respublikanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər