"Kiminsə bizi bəyənməsi, yaxud da "sağ ol" deməsi üçün fəaliyyət göstərmirik"
"Hər kəs müxtəlif məsələlərdə yanaşmasına görə özü məsuliyyət daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan müdafiə komitəsinin üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Şura tərəfindən yaradılan digər müdafiə komitəsinin təmsilçisi olan AXCP rəsmilərinin onları intriqaçılıqda günahlandırmalarına münasibətini bildirərkən deyib. Ümid sədri qeyd edib ki, əslində, AXCP rəsmiləri özləri kimin araqarışdıran, qarşıdurma yaradan olmasını müəyyənləşdirməlidir: "Əgər Cəbhədə belə yanaşma varsa özləri konkretləşdirsinlər ki, qarşıdurma yaratmaq nədir və bunu nədən edirik? Şəxsən biz siyasi partiya olaraq istər parlamentdə, istərsə də digər tribunlarda lazım olan insanları təmənnasız müdafiə etmişik". İqbal Ağazadə AXCP-nin hansı mövqe sərgiləməsinə baxmayaraq, öz işləri ilə məşğul olacaqlarını deyib: "Bundan sonra da kimin xoşuna gəlsə də, gəlməsə də belə davam edəcəyik". Partiya sədri daha bir ilginc məqama da toxunub. O, Arif Yunusun ABŞ-da yaşayan qardaşı Ramis Yunusun onların yaratdıqları müdafiə komitəsinə deyil, məhz Milli Şuranın sədri Cəmil Həsənlinin yaratdığı, eləcə də AXCP-nin təmsil olunduğu eyniadlı quruma etimad göstərməsi haqqında etdiyi müraciətə cavab olaraq bildirib ki, təmsil olunduğu müdafiə komitəsi kimlərinsə onları bəyənməsi üçün fəaliyyət göstərmir: "Biz kiminsə bizə etimad göstərməsi üçün kimisə müdafiə etmirik. Kiminsə bizi bəyənməsi, yaxud da "sağ ol" deməsi üçün fəaliyyət göstərmirik. Biz bildiyimizi edirik. Ona görə də kimsədən umacağımız yoxdur". Xatırladaq ki, Ümid Partiyasının sədri bir müddət öncə də mətbuata verdiyi msahibəsində dolayısı ilə AXCP sədri Əli Kərimliyə eyham vuraraq, vaxtilə AXC daxilində şantajçılıqla məşğul olduğunu bildirmişdi.
sia.az