PDF Oxu

Siyasət

  • 35

Səbailli yeniyetmələrin növbəti qrupu Qusar rayonuna istirahətə yola düşdülər

Səbailli yeniyetmələrin növbəti qrupu Qusar rayonuna istirahətə yola düşdülər

Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon icra hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində yeni layihə həyata keçirilib. "Sahil bağı"nda start verilən növbəti tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə layihədir. Gənclərin sağlam böyüməsi, idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə bu il ilk dəfə olaraq Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri, ümumilikdə 100 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı "N" saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay istirahət düşərgəsi yaradılıbdır.

Tədbir Azərbaycan Respublikası Silahlı Qüvvələri Təlim-Tədris Mərkəzinin hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının dövlət himninin ifası ilə başlanılıbdır. Mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısı Cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışaraq, bildirib ki, bu ayın əvvəlində RİH və Daxili Qoşunların birgə layihəsi çərçivəsində artıq 9-cu dəfə 250 yeniyetmə Qubada təşkil olunmuş "Şahinlər" yay istirahət düşərgəsində istirahət ediblər. Qeyd olunub ki, Qusar rayonunda isə ilk dəfədir ki, belə düşərgə yaradılır. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istirahəti üçün hər cür şərait yaradılıbdır. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaradacaqdır. Bildirilib ki, düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Müdafiə Nazirliyinin Qusar şəhərindəki "N" saylı hərbi hissəsi tərəfindən bütün hazırlıq işləri görülübdür. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaq, onlar hərbi hissənin döyüş texnikası və silahları ilə tanış olacaqlar. Həmçinin, uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olacaq, hərbiçilər hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. İstirahət edən yeniyetmələrin həmçinin Qusar rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyaları təşkil olunacaqdır ki, bu da məktəblilərin respublikamızın regionları ilə yaxından tanış olmalarına böyük kömək olacaqdır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev, Səbail rayon veteran təşkilatları şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışaraq onlara xoş istirahət arzulayıblar. Sonra Müdafiə Nazirliyinin orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək Qusar rayonuna yola düşüblər.

Yola düşməzdən əvvəl "Gənc Heydərçilər" Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və tər çiçəklər düzüblər.

ÜLVİ

Digər xəbərlər