Və ya yaradılacaq növbəti "birliklər" də düşərgənin passiv vəziyyətdə qalacağını şərtləndirir
Məlum olduğu kimi, öz siyasi ömrünü çoxdan başa vurmuş dağıdıcı müxalifət hər seçki öncəsində olduğu kimi, bu dəfə də iflasa məhkum olduğu qabaqcadan aydın görünən qurumlarla gündəmdə qalmaq istəyiblər. O səbəbdən ki, 1993-cü ildən ötən 20 il ərzində müxalifətin çoxlu sayda birlikləri, siyasi və ya seçki blokları ən müxtəlif adlarla mövcud fəaliyyət göstərmiş və son nəticəsi uğursuzluq olub. O da sirr deyil ki, bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərindən sonra, növbəti il daha bir seçki - parlament seçkisi baş tutacaq ki, bu seçkilərdə də müxalifətin iştirakı şübhəsiz ki, baş verəcək. Məhz belə bir məqamda və məğlubiyyət fonunda ənənəvi müxalifət yenə də növbəti birliklər yaratmaqla yanaşı düşərgədə ziddiyyətlər də səngimir. Belə ki, bu gün özlərini müxalifət düşərgəsinin aparıcı partiyaları hesab edən Müsavatla AXCP arasında yaşanan gərginlik, xüsusilə də "mənəmlik" hər iki iddialı siyasi təşkilatın uğursuzluq zolağından çıxmasına imkan verməyib. Məsələn, hələ 2010-cu ildə keçirilən parlament seçkiləri ərəfəsində baş verən Müsavat-AXCP qarşıdurmasını bir daha xatırlayaq. Həmin vaxtlarda da Əli Kərimlinin İsa Qəmbəri hədəfə aldığı deyilirdi. Maraqlıdır ki, həmin proses bu gün də davam edir.
Digər bir məqam isə, Müsavat partiyasının "Milli Şura"dan ayrılması, növbəti seçkilərə AXCP-siz gedəcəyini bəyan etməsi, o cümlədən, partiyaların bir-birlərini hakimiyyətə işləməkdə suçlamaları ənənəvi düşmənçiliyin bariz nəticəsidir. Ona görə də indidən proqnozlaşdırmaq mümkündür ki, istər AXCP, istərsə də Müsavat əlinə imkan düşən kimi, bu ittihamları dərinləşdirəcək və qarşıdan gələn bələdiyyə, eyni zamanda parlament seçkilərində qarşılıqlı olaraq ittihamlar burulğanları yaşanacaq. Bütün bu deyilənlərlə yanaşı, müxalifətin üzləşdiyi bu problemin mahiyyətində dayanan bir sıra səbəblər var. Ən əsas səbəb isə, müxalifət düşərgəsində birinin sözü digərinin boğazından keçmir.
Yaradılan birliklər müxalifətin növbəti uğursuzluğunu şərtləndirir
Seçkiərəfəsi yaranmış bu durumdan xilas younu müxtəlif birliklər və strukturlar təqdim etməkdə görsələr də, bu birlik və strukturların hamısı birmənalı olaraq uğursuzluqla nəticələnir. Çünki onların hamısı şəxsi təşəbbüslə, şəxsi maraqlar, yaxud birlik yaratmaq məqsədilə deyil, digərinin sosial bazasını ələ keçirmək üçün qurulan təşkilatlardır. Bu gün iqtidar öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi üçün cəmiyyət də iqtidarı dəstəkləyir. Cəmiyyətin iqtidarın dəyişilməsində marağı yoxdur. Müxalifət isə o vaxt güclü olur ki, iqtidar işləmir, zəif olur. Bu zaman cəmiyyətin böyük bir hissəsi müxalifəti dəstəkləyir, onun şüarlarının, siyasi xəttinin arxasınca gedir. Yaradılan həmin birliklər də üzdə yaradılan, cəmiyyətin daxilində sosial kökləri olmayan, cəmiyyətin istəyi ilə yaradılmayan strukturlardır. Kiçik bir qrupun onları dəstəkləməsi isə hələ sosial baza demək deyil. Reallıq milli qüvvənin Yeni Azərbaycan Partiyası olmasından ibarətdir. Cəmiyyətin böyük bir hissəsini öz sıralarında birləşdirmək, Azərbaycanın bütün coğrafiyası üzrə güclü ərazi təşkilatlarına malik olmaq, cəmiyyətin bütün problemlərinin həlli üzrə səmərəli fəaliyyət proqramlarını təqdim etmək bir reallıqdır. Yeni Azərbaycan Partiyası ümummilli maraqları özündə əks etdirən, milli köklərə söykənən, milli maraqları beynəlxalq aləmdə müdafiə edən bir siyasi partiyadır. 21 il ərzində bu təşkilat müxalifətdən iqtidaradək gəlib çıxıb. Eyni zamanda, artıq 20 ildir ki, hər seçkidən-seçkiyə qalib gəlir. Bu, sözün əsl mənasında güclü, nüfuzlu, cəmiyyətin onun mövcudluğunda marağı olan böyük bir qüvvədir".
Ərəstun Oruclu: "Yanlış prinsiplər üzərində qurulan koalisiyalar uzunömürlü olmur, ola da bilməzlər"
"Şərq-Qərb" Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə bildirib ki, müxalifətin birlik modellərinin uğursuzluğa düçar olmasının səbəbi fərdlər üzərində qurulmasıdır: "Nə qədər ki, müxalif koalisiyalar dəyərlər, prinsiplər, hədəflər, mövqelər üzərində deyil, fərdlər, partiyalar, qruplar üzərində qurulub, mən şəxsən bundan heç bir nəticə gözləmirəm. Çünki nə qədər ki, bu birliklər fərdlər üzərində yaranıb və onun mübahisəsi gedirsə ki, kim sədr olsun, ya olmasın, bu qrupun kvotası pozuldu və sair, bu şeylərin perspektivi sıfırdır. Yanlış prinsiplər üzərində qurulan koalisiyalar uzunömürlü olmur, ola da bilməzlər".
Sərdar Cəlaloğlu: "AXCP-Müsavat müxalifətin uğursuzluğunun səbəbkarı və günahkarı olduğunu etiraf etməlidir"
Müxalifətin 20 ildə uğursuzluğa düçar olmasınının səbəblərinə aydınlıq gətirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, 20 ildə müxalifətin məğlubiyyətləri AXCP-Müsavatın adına yazılmalıdır: "Müxalifət genişlənməsi və güclənməsi istiqamətində hər hansı nailiyyət əldə edə bilməyib. Əksinə, ilbəil geriləmələr müşahidə olunub. Ona görə də, AXCP-Müsavat aparıcı olmaq iddiasından imtina etməlidir. Çünki onların aparıcılıq iddiasında olması müxalifətə heç bir töhfə verməyib".
Müxalifətin uğursuzluğuna kimin cavabdeh olmağına gəlincə, S.Cəlaloğlu bildirdi ki, kim ki deyirsə mən müxalifətin əsas gücüyəm, o da müxalifətin bütün uğursuzluğuna cavabdeh olmalıdır: "Lakin desəydilər ki, bu uğursuzluqların mənə aidiyyatı yoxdur, bu, da çox gülünc səslənərdi. AXCP-Müsavat müxalifətin uğursuzluğunun səbəbkarı və günahkarı olduğunu açıq etiraf etməlidir. Yox, əgər etmirsə, o zaman bu partiyaları müxalifətin aparıcı qüvvələri kimi təqdim etmək düzgün deyil".
S.Cəlaloğlu bu müddət ərzində AXCP və Müsavatın apardığı siyasətdə fərqli bir dəyişilmə olmadığını vurğulayıb: "Yəni 20 il bundan qabaq necə münasibətlər var idisə, indi də həmin münasibətlər sərgilənir. Müxalifətdaxili münasibətlərin bugünkü duruma gəlməsində bu iki partiyanın günahı olduğunu etiraf edirəm".
Rəfiqə HÜSEYNOVA