Məlum olduğu kimi, avqustun 10-da Türkiyədə ilk dəfə xalqın səsverməsi ilə keçirilən seçkilərdə ölkənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. R.T.Ərdoğan bu qələbəsi ilə bir daha sübut elədi ki, türk xalqı onu dəstəkləyir, onun rəhbərliyi altında həyata keçirilən siyasəti bəyənir. Prezident seçkiləri zamanı ciddi qarşıdurmaların olmaması, namizədlərin bir-birinə hörmətlə yanaşması və səsvermə prosesinin tam demoktarik şəraitdə həyata keçirilməsi Türkiyə siyasətinin demokratiya yolunda qətiyyətlə irəliləməsindən xəbər verir.
Azərbaycan xalqı bu qələbəyə sevindi
Türkiyədə keçirilən prezident seçkiləri Azərbaycan üçün də olduqca maraqlıdır. Azərbaycanla Türkiyənin dostluq-qardaşlıq mövqeyində olması, R.T.Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinə həssas yanaşması baxımından qələbə çalması Azərbaycan üçün məqbul sayıla bilər. Bunun bariz nümunəsidir ki, yeni prezindeti təbrik edənlər arasında ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev yer aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Dövlət başçısı həmkarına telefon təbriki ilə yanaşı təbrik məktubu da göndərdi. Məktubda deyilir: " Hörmətli cənab Baş nazir, əziz Qardaşım, Türkiyənin tarixində ilk dəfə ümumxalq səsvermə yolu ilə keçirilən Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Heç şübhə yoxdur ki, bu seçkilər qardaş Türkiyənin tarixində yeni mərhələnin başlanğıcı olacaq. Birbaşa səsvermənin nəticəsi xalqın Sizə olan böyük inam və etimadının aşkar təzahürü, qardaş Türkiyənin hərtərəfli inkişafı və çiçəklənməsi yolunda həyata keçirdiyiniz uğurlu siyasətə və əvəzsiz xidmətlərinizə verilən yüksək qiymətdir. Cəmiyyətin demokratik inkişafı yolunda tarixi hadisə olan, açıq, sərbəst və şəffaf şəraitdə keçirilən bu seçkilər, eyni zamanda, qardaş Türkiyə xalqının iradəsinin bariz ifadəsidir. Bu qələbəniz həmçinin Türkiyənin qələbəsidir.
Məmnunluqla qeyd etmək istəyirəm ki, son 10 il ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib. Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri isə bu müddət ərzində möhtəşəm yol keçərək möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Uğurlu ikitərəfli və çoxtərəfli əməkdaşlığımız, birgə səylərimizlə həyata keçirdiyimiz nəhəng layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmiryol xətti və yenicə başladığımız TANAP və digərləri ölkələrimizin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırır, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət edir. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da davam və inkişaf edəcək.
Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın isə əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm".
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasının üzvü Məzhər Bağlı bununla əlaqədar açıqlama verib. Qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gəlməsindən sonra Ankara Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirəcək. Onun sözlərinə görə, Azərbaycan Türkiyə üçün mühüm ölkələrdən biridir: "Türkiyə daim Azərbaycanın problemlərini özününkü kimi qəbul edir, onun uğurlarını da öz uğuru hesab edir".
Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq
Türkiyə ilə Azərbaycan ortaq kökə və keçmişə sahib iki dövlətdir. İki ölkə əlaqələrindəki təyinedici faktorlar Türk Dünyasının böyük lideri Mustafa Kamal Atatürkün sözləriylə "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Azərbaycanın Ümummilli Lideri, görkəmli şəxsiyyət Heydər Əliyevin "bir millət - iki dövlət" sözləriylə ifadə edilib. Azərbaycan-Türkiyə qardaşlığı və iki qardaş ölkələr arasındakı siyasi əlaqələr ilk dəfə Azərbaycanın 28 may 1918-ci il tarixində müstəqilliyini elan etməsindən, Nuru paşa əmrindəki Türk-İslam Ordusunun müstəqillik elanından sonra Azərbaycana gəlməsi ilə başlayıbr. Ancaq bu ordu Birinci Dünya müharibəsinin sonunda imzalanan Mudros razılaşmasına uyğun olaraq, geri çəkilmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Türkiyə Respublikası 9 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının ikinci dəfə əldə etdiyi müstəqilliyini tanıyan ilk ölkə olub. 14 yanvar 1992-ci il Bakıda Türkiyə tərəfindən səfir Bilal Şimşir və Azərbaycan tərəfindən xarici işlər naziri Hüseyn Sadıqov tərəfindən "Yenidən Diplomatik Əlaqələrin Təsisi Haqqında Protokol" imzalanıb. Beləliklə, 25 may 1991-ci il tarixindən etibarən Baş konsulluq olaraq fəaliyyət göstərən təmsilçilik səfirlik səviyyəsinə yüksəldilib. Bundan sonrakı illərdə iki ölkə arasındakı əlaqələrin hüquqi infrastrukturunu təkmilləşdirən 200-dən çox anlaşma imzalanıb. Hazırda Türkiyənin Bakıda səfirliyi, Gəncə şəhəri və Naxçıvan Muxtar Respublikasında Baş konsulluqları fəaliyyət göstərir.
Türkiyə işğalçı Ermənistana qarşı barışmaz mövqedədir
Məlum olduğu kimi, beynəlxalq aləmdə bütün məsələlərdə bir-birinin mövqeyini dəstəkləyən Azərbaycanla Türkiyə ümumi maraqlar uğrunda da mübarizə aparır. Sirr deyil ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti kimi 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və Ermənistanın beynəlxalq hüquqa zidd əməlinin dayandırılmasını tələb edən qərarların qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib. Öz növbəsində, Azərbaycan da qardaş ölkəni hərtərəfli dəstəkləyir, ermənilərin Türkiyəyə qarşı apardıqları qondarma "soyqırımı" təbliğatını pisləyir. Onu da qeyd etmək yerinə düşər ki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cənab Ərdoğanın Azərbaycana hər səfərində də əsas müzakirə mövzusu olur. R.T.Ərdoğanın sonuncu dəfə səfəri zamanı həmin məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, bu gün biz regional məsələlərə də toxunduq, regional təhlükəsizlik məsələlərini müzakirə etdik: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar mən hörmətli Baş nazirə Azərbaycanın mövqeyini bir daha ifadə etdim və danışıqların son durumu haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövləti çox minnətdardır. Bu həqiqətən də dostluq, qardaşlıq münasibətidir. Biz bunu çox yüksək qiymətləndiririk".
Öz növbəsində, Baş nazir Rəcəb Tayyib Ərdoğan bu məsələdə ölkəsinin mövqeyinin dəyişməz olduğunu bəyan edib: "Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik".
Qardaş ölkənin Baş naziri, həmçinin, "Bunun təkrar bilinməsini istəyirəm: bilin - Türkiyə olaraq, xüsusilə iqtidarımız olaraq biz bu illər müddətdə hər zaman, hər yerdə, hər toplantıda azərbaycanlı qardaşlarımızın yanında olduğumuz kimi, bundan sonrakı müddətdə də Ədalət və İnkişaf Partiyası iqtidarı bütün gücü ilə, Türkiyə olaraq hər zaman Azərbaycanın, qardaşlarının yanında olacaqdır. Buna heç kim şübhə etməsin" sözlərini də əlavə edib.
İki ölkə arasında strateji əməkdaşlıq daha da möhkəmlənir
Yeri gəlmişkən, Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli bir strateji tərəfdaş olaraq görür və müxtəlif sahələrdə möhkəm təməllərə əsaslanan əhatəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir. Bu mənada "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqavilə iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahədə əlaqələrin bütün istiqamətlərini əhatə edən bir çərçivəyə malikdir.
Belə ki, Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gülün ötən il respublikamıza rəsmi səfəri çərçivəsində avqustun 16-da imzalanan həmin Müqavilə iki ölkə arasında strateji əməkdaşlığın möhkəmlənməsi yönündə atılan mühüm addımdır. Sənədin imzalanmasından sonra jurnalistlər qarşısında çıxışında Prezident İlham Əliyev Müqavilənin tarixi əhəmiyyətini vurğulayıb: "Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətlərini müəyyən edəcəkdir".
Onu da bildirmək yerinə düşər ki, ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" imzalanıb. Və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb. Bu günlərdə Bakıda səfərdə olan Baş nazir Rəcəb Tayyib Ərdoğan tezliklə qardaş ölkədə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçiriləcəyini bildirib: "Bundan sonrakı proses istiqamətində atacağımız addımlar içərisində, xüsusilə, Türkiyə-Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının toplantısı da həqiqətən həyəcanla gözlədiyimiz toplantı olacaqdır. Xarici işlər nazirlərimiz öz aralarında görüşməklə ilk addımı atacaq, inşallah, genişmiqyaslı bir toplantını həyata keçirmiş olacağıq".
Bir sözlə, görünən odur ki, Azərbaycan-Türkiyə strateji münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Bu iki qardaş ölkə arasında əməkdaşlıq isə bütövlükdə regionun inkişafına və türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə stimul verir.
Tərəflər arasında iqtisadi əməkdaşlıq da yüksək səviyyədədir
Yeri gəlmişkən, iki qardaş ölkə arasındakı xoş münasibətlər iqtisadi sahədə əməkdaşlıq üçün yeni-yeni imkanlar açır. Bunu Bakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul edən Prezident İlham Əliyev də bəyan edib: "Bir daha bəyan edirik ki, siyasi əlaqələr ən yüksək səviyyədədir, deyə bilərəm ki, zirvədədir. İqtisadi sahədə çox gözəl perspektivlər var. Çox şadam ki, bu il ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmışdır. Yeni planlar, yeni təkliflər var. İnvestisiya yönümlü təkliflər nəzərdən keçirilir. Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri Türkiyəyə sərmayə qoyur. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoymuşdur. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrinin icrasında türk şirkətləri fəal iştirak edir və biz onların fəaliyyətindən çox razıyıq".
Dövlət başçısı onu da vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nəqliyyat məsələləri də mühüm yer tutur: "Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi uğurla gedir. Demək istəyirəm ki, Azərbaycan tərəfi bu dəmiryolunun tikintisi üçün Gürcüstana təxminən 800 milyon dollar kredit ayırmışdır ki, məsələ tezliklə öz həllini tapsın və gələn ilin sonuna qədər dəmiryolu istifadəyə verilsin".
Beləliklə, bütün bu sadalananlar real mənzərini ortaya qoyur. Daha doğrusu, Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi iki qardaş ölkə arasındakı əlaqələr yüksək səviyyədədir: "Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır".
RƏFİQƏ HÜSEYNOVA