Naxçıvan görüşü Sarkisyanı təşvişə salıb
Məlum olduğu kimi, avqustun 19-da Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib. Görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. 3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulanılıb və danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin hər il növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi, əməkdaşlığın gedişatının müzakirə edilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi barədə qərar qəbul edilib. Həmçinin, 3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi də məqsədəuyğun hesab olunub.
Nazirlərin Naxçıvan görüşü erməniləri təşvişə saldı
Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda avqustun 18-ə nəzərdə tutulmuş görüşü Ermənistan siyasi dairələrində ciddi narahatlıq doğurub. Axar.az xəbər verir ki, erməni mediası bu görüşə xüsusi diqqət ayırmaqdadır və üç ölkənin ortaq hərbi qərarlarından əndişələndiklərini gizlətmirlər. Görüşlə bağlı erməni politoloqları Ruben Melkonyan, Ruben Mehrabyan və Aşot Melkonyanın açıqlamaları da bunu deməyə əsas verir.
Ruben Melkonyan hesab edir ki, bu görüşün keçirilməsinin iki əsas hədəfi var : "Birincisi, Türkiyənin yeni seçilmiş prezidenti növbəti dəfə nümayiş etdirmək istəyir ki, onun ölkəsinin Cənubi Qafqaz siyasəti şaxələndirilmiş qalır, Ermənistanla düşmən siyasəti davam edir və bunun yerinə Gürcüstan və Azərbaycanla sıx əlaqələr qurulur. İkinci hədəf isə xüsusi təşviqatdır - hər üç ölkə əməkdaşlıq edir, Ermənistan isə burada iştirak etmir".
Ruben Melkonyanın fikrincə, görüşün Naxçıvanda keçirilməsi ciddi siqnaldır: "Göstərmək istəyirlər ki, Naxçıvan anti-erməni proseslərin cərəyan etdiyi vacib platforma ola bilər. Bu da faktdır ki, məhz Naxçıvanda dəfələrlə müxtəlif görüşlər keçirilib. Azərbaycan da bir daha buranın vacibliyini vurğulamaq istəyir".
Ermənistan Tarix İnstitutunun direktoru Aşot Melkonyan daha təskinedici açıqlama verib. O, qeyd edib ki, Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bu ölkə Ermənistanla balanslaşdırılmış xarici siyasət aparır. Onun sözlərinə görə, bu görüşü nə iləsə əlaqələndirmək olmaz: "Bunu türklər və azərbaycanlılar etmək istəyər. Yadda saxlayın ki, Gürcüstan Dağlıq Qarabağda baş verən son proseslərə yüksək səviyyədə reaksiya verdi və narahatlığını bəyan etdi ki, əgər irimiqyaslı müharibə başlayarsa, bu, Gürcüstana təsir edəcək".
Politoloq Ruben Mehrabyan isə bu üç ölkənin hərbi müttəfiqliyinə doğru atılan addımı ümumi enerji kommunikasiyası ilə izah etməyə çalışıb: "Onların bu məsələ ilə bağlı daima müzakirəyə ehtiyacı olan gündəmi var. Bu məsələnin vacib tərəfidir, əsas problem isə təxribatdır: həm Türkiyə, həm Azərbaycan istəyirlər ki, onların səsi regionda, eləcə də region sərhədlərindən o tərəfdə eşidilsin. Siyasi, geopolitik, iqtisadi dividend qazanmaq üçün Gürcüstanın burada iştirakı məntiqlidir. Gürcüstan barəsində deyə bilərik ki, bu ölkənin maraqları müxtəlifdir və türk qonşuları ilə üst-üstə düşmür".
Politoloqların fikirlərində Gürcüstan barədə təsəlliverici sözlər işlətmələri təsadüfü deyil. Ermənistan bu üçlüyün Qafqazda siyasi gündəmi dəyişmək imkanında olmalarından narahatdır və Gürcüstanın milli maraqlarının ayrı olduğunu irəli sürməklə, daxili auditoriyaya köklənən açıqlama verirlər. Halbuki iqtisadi baxımdan Bakı-Tbilisi-Ankara birliyi həm də siyasi maraqlarda üst-üstə düşür. Çünki Gürcüstan iki subyektinə - Cənubi Osetiya və Abxaziyaya görə ərazi bütovlüyü pozulmuş durumdadır və təbii olaraq, Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən ölkələr sırasındadır, Türkiyə isə artıq onillərdir ki, qondarma erməni soyqırımı təhdidləri ilə üz-üzədir. Digər tərəfdən, Cavaxetiya ermənilərinin Gürcüstan ərazisinə iddiaları var və Dağlıq Qarabağ işğalının təsdiqlənməsi Gürcüstan ərazisini ermənilərin növbəti hədəfinə çevirəcək. Buna görə də Gürcüstanın Azərbaycan və Türkiyə ilə hərbi-siyasi əlaqələrində öz milli maraqlarından çıxış etdiyi və hər üç ölkənin bu məqamda maraqlarının üst-üstə düşdüyü şübhəsizdir.
Ekspertlərimiz belə düşünürlər ki...
Məsələ ilə bağlı siyasətçilər, ekspertlər, millət vəkilllərimiz müdafiə nazirlərinin görüşünü ölkələr arasında əməkdaşlığın güclənməsində, sabitliyin təmin edilməsində uğurlu addımların atılacağına imkan yaradılacağının söylədilər.
Aydın Mirzəzadə: "Üç ölkənin hərbi əməkdaşlığının güclənməsi və regionda sakitliyi təmin edən faktın meydana gəlməsində müsbət rolu olacaq"
Millət vəkili Aydın Mirzəzadə "Səs" qəzetinə verdiyi açıqlamasında adıçəkilən ölkələrin müdafiə nazirlərinin Naxçıvanda görüşünün əhəmiyyətindən danışarkən bildirib ki, bu görüş strateji inkişafın gücləndirilməsinə xidmət edəcək: "Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşünün, məhz Naxçıvanda keçirilməsi həmin ərazinin qüdrətindən və muxtar respublikanın digər ölkələrlə əməkdaşlıq istəyindən irəli gəlir. Şübhəsiz ki, görüş 3 ölkənin bundan sonrakı əməkdaşlığının güclənməsi, eləcə də stabilliyin təmin edilməsi üçün birgə addımların atılması, ən əsası da strateji inkişafın gücləndirilməsinə xidmət edəcək".
O bildirib ki, nazirlərin görüşünün 3 ölkənin hərbi əməkdaşlığının güclənməsi və regionda sakitliyi təmin edən faktın meydana gəlməsində müsbət rolu olacaq: "Azərbaycan, Türkiyə və Gürcüstan artıq uzun müddətdir ki, bir çox sahələr üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq onların strateji müttəfiqliyinin bir parçasıdır. Bu məsələdə ilk növbədə ölkələrin hərbi quruculuq sahəsində təcrübə mübadiləsinin aparılması, ölkələrin yaxınlaşması mühüm rol oynayır. Şübhəsiz ki, ərazi bütövlüyü Ermənistan tərəfindən pozulduğuna görə Azərbaycan güclü ordu qurmağı vacib hesab edir və digər ölkələrin təcrübəsindən yararlanmaq, eləcə də əməkdaşlıq etmək ölkəmiz üçün önəmlidir".
Ermənistanın bu görüşdən təşvişə düşməsinin əsas səbəbinin həmin ölkənin işğalçı xarakterindən irəli gəldiyini deyən A. Mirzəzadə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməklə yanaşı, Türkiyə və Gürcüstana qarşı da torpaq iddiası olduğunu əlavə edib: "Ermənilər uzun müddətdir ki, həmin ölkələrlə ciddi problemlər yaşayır. Bu səbəbdən də Ermənistanın digər ölkələrin əməkdaşlığına marağı ola bilməz. Cənubi Qafqaz kiçik bir ərazi olsa da, müxtəlif siyasət yürüdən ölkələrin toplaşdığı regiondur. Bu baxımdan maraqların bir araya gətirilməsi və stabilliyin təmin edilməsi əsas şərtdir. Ermənistanın qonşu dövlətlərə qarşı torpaq iddiası, beynəlxalq hüquq normalarını pozması regionda qeyri-stabillik yaradan əsas şərtdir".
Musa Quliyev: "Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünün böyük əhəmiyyəti var"
Millət vəkili Musa Qasımlının sözlərinə görə, hər şeydən öncə Azərbaycan, Tükiyə və Gürcüstan strateji tərəfdaş ölkələr kimi hələ 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən təhlükəsizlik sahəsində əməkdaşlıq edirlər: "2001-ci il 11 sentyabr terror hadisəsindən sonra bu üç ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığı genişlənib. Müdafiə sahəsində əməkdaşlıq üç ölkə arasında əməkdaşlığın mühüm sahələrindən biridir. Bu da onu göstərir ki, hər üç ölkə təhlükəsizliyə olan təhdidlərin qarşısını almaq istiqamətində əməkdaşlığa hazırdır. Cənubi Qafqazda təhükəsizliyə olan başlıca təhdid Ermənistanın təcavüzkar siyasətindən gəlir. Fikrimcə, növbəti görüşlərdə bu əməkdaşlığın yeni sahələri inkişaf edərək oturuşacaq və təkcə tərəflərə deyil, regionada və Avropda təhlükəsizliyə xidmət edəcək."
Zahid Oruc: "Bu görüşü Ermənistanın əleyhinə dəyərləndirərdim"
Millət vəkili Zahid Oruc bildirib ki, son dövrlər regionda gərginləşən şəraiti göz önünə almaq lazımdır: "Son itkilər, atışmaların intensivliyinin daha da genişlənməsi və İlham Əliyevin İkinci Qarabağ savaşının başlana biləcəyinə işarə etməsi də bunu sübuta yetirir. İkinci Qarabağ müharibəsi Ermənistan-Azərbaycan müharibəsi olmayacaq. Çünki Azərbaycan regionda nəhəng iqtisadi infrastruktur qurulan, transmilli layihələr həyata keçirən ölkədr. Gürcüstan, Azərbaycan, Türkiyə bu prosesə iqtisadi, sosial və siyasi səbəblərdən qatıla bilər. Naxçıvan bundan əvvəl də, Türk dövlət başçılarının görüşdüyü ünvana çevrilib. Bu görüşü Ermənistanın əleyhinə dəyərləndirərdim".
Fərəc Quliyev: "Üçlük Cənubi Qafqazda müharibəyə son qoymaq üçün əsas rol oynayacaq"
Millət vəkili Fərəc Quliyev Naxçıvanda 3 ölkənin müdafiə nazirlərinin görüşməsini təqdirəlayiq hal kimi qiymətləndiribdir: "Görüş bir-birilərini müdafiə edən, eyni zamanda təhdidlərə qarşı birgə mübarizə aparan dövlətlərin əməkdaşlığının daha da güclənməsinə şərait yaradacaq. Hesab edirəm ki, bu üçlük Cənubi Qafqazda sabitlik yaratmaq və müharibəyə son qoymaq üçün əsas rol oynayacaqlar".
F.Quliyev Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin görüşünün əhəmiyyətindən danışarkən bildirib ki, Azərbaycansız Cənubi Qafqazın təhlükəsizliyi mümkün deyil və buna görə də digər dövlətlər ölkəmizin ağırlığını qiymətləndirir: "Məlumdur ki, Azərbaycan müharibə şəraitində yaşayır və ərazilərimiz ermənilər tərəfindən işğal olunub. Lakin edilən vəhşiliklərə baxmayaraq, biz ərazilərimizin geri qaytarılmasını dinc yolla həll etmək istəyirik. Təbii ki, ermənilər bundan narazıdır və bu məsələdə təhdidi üstün tuturlar. Ona görə də Azərbaycan güclənməkdə maraqlıdır".
R.KAMALQIZI