Azərbaycanın AŞPA-kı nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva son günlərdə cəbhə bölgəsində yaranmış durumla bağlı mövqeyini açıqlayarkən bildirib ki, cəbhə bölgəsində yaranmış gərginlik bir daha bəzi həqiqətləri ortaya çıxardı: "Ermənilər hər zaman Azərbaycan əleyhinə hansısa təbliğat kampaniyası aparmağa cəhd göstərib və bundan sonra da bu cəhdlərdə bulunacaq. Amma onların bundan sonrakı cəhdləri uğursuzluğa düçar olacaq. Bundan sonra istər Ermənistan nümayəndə heyətinin, istərsə də digər parlamentarilərin AŞPA-da Azərbaycan əleyhinə qaldırdığı məsələlər istənilən reaksiyanı verməyəcək. Çünki Azərbaycan Prezidentinin AŞPA-nın son sessiyasında çıxışı zamanı ölkəmizdəki real vəziyyətlə bağlı bütün detallara toxundu və oradakı deputatalar da bu məruzədən məmnun qaldılar və Azərbaycan haqqında dolğun məlumat aldılar. Əgər indiyədək bəzi deputatalar Azərbaycan haqqında məlumatsız olduqlarından bunu edirdilərsə və yaxud qərəzli yanaşırdılarsa, artıq bundan sonra bunu etməyəcəklər. Çünki artıq onlarda istər Azərbaycan, istərsə də regiondakı vəziyyətlə bağlı kifayət qədər məlumat bazası yarandı. Ona görə də bundan sonra Azərbaycan əleyhinə hansısa cəhdlər olacaqsa belə onu dəstəkləyənlərin sayı olduqca az olacaq".
Son günlərdə cəbhə bölgəsində yaranmış durumla bağlı da mövqeyini açıqlayan millət vəkili bildirib ki, cəbhə bölgəsində yaranmış gərginlik bir daha bəzi həqiqətləri ortaya çıxardı: "Bu reallıq təsdiqini tapdı ki, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ikili standartların bariz nümunəsi olmaqla yanaşı, ədalətsiz və riyakar yanaşmadır. Belə hallarda beynəlxalq ictimaiyyət Ermənistana qarşı ciddi adekvat tədbirlər görüb sanksiyalar tətbiq etməli idi, amma biz beynəlxalq aləmin riyakarlığının şahidi olduq."
Millət vəkili vurğulayıb ki, Azərbaycanın tutduğu prinsipial mövqe artıq beynəlxalq aləmin mövqeyində dəyişikliyə səbəb olmaqdadır: "Artıq bunun nəticəsidir ki, Ermənistana qarşı sanksiyaların tətbiq olunması məsələsi gündəmdədir. Bu, hazırkı şəraitdə məqbul və ədalətli seçim olar. Çünki beynəlxalq hüquq normaları tam əsas verir ki, Ermənistana sanksiyalar tətbiq edilsin, işğalçı ölkə işğal edilmiş əraziləri boşaltmağa vadar olunsun."
Cəbhə xəttində yaranmış gərginlikdən sonra Azərbaycanda vətənpərvərlik əhval-ruhiyyəsinin artması və müharibə yolu ilə torpaqların işğaldan azad edilməsi iddialarının çoxalması ilə bağlı məsələyə aydınlıq gətirən millət vəkili söyləyib ki, vətənpərvərlik hansısa məsələyə görə cəmiyyətin mövzusu olmamalıdır: "Bu daimi bir hiss olmalıdır. Çünki bi müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğal altındadır. Ümumiyyyətlə vətənpərvərlik təkcə torpaqları işğaldan azad edilməsi istiqamətində deyil, bütün sahələrdə özünü göstərməlidir və bu hiss daimi olaraq təlqin olunmalıdır. Biz ölkəmizin gözəl və işiqlı sabahını qurmaq naminə bu ruhda böyüyüb tərbiyə almalıyıq. Bu, bizim ümdə vəzifələrimizdən biri olmalıdır. Vətənpərvərlik həm də ürəyimizdə olmalıdır."
R.HÜSEYNOVA