PDF Oxu

Siyasət

  • 41

Yeniləşməkdə davam edən infrastruktur layihələri

Yeniləşməkdə davam edən infrastruktur layihələri

Prezident İlham Əliyevin bu sahəyə dair imzaladığı sərəncamlar bu işin davamlı olacağından xəbər verir

Sirr deyil ki, Azərbaycan regionun ən dinamik inkişaf edən dövləti kimi uğurlu tərəqqi mərhələsini keçməkdə davam edir. Hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət, respublikada aparılan davamlı sosial islahatlar ölkə daxilində iqtisadi və siyasi sabitliyin möhkəmlənməsini şərtləndirib. Yalnız son 10 ildə ümumi daxili məhsul (ÜDM) 300 faiz artıb, yoxsulluq 50 faizdən 6 faizə enib, işsizlik 5 faizə qədər azalıb. Ötən müddət ərzində Azərbaycanda 1 milyondan çox iş yeri yaradılıb. Həmçinin, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olunub. Təkcə onu demək kifayətdir ki, son 10 il ərzində Azərbaycanın avtomobil yollarında 222 yeni körpü və yolötürücüsü tikilib. Son bir neçə il ərzində paytaxt Bakı şəhərində mövcud 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib. 2008-2013-cü illər ərzində Bakı şəhərində yeni tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 703,3 km olub.

Statistik rəqəmlər yeniləşmə mərhələsidir

Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan başlıca vəzifələrdən biri yol təsərüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olub. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil". Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası nəticəsində yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilib. Bu çərçivədə həyata keçirilən bütün işlər ölkə Prezidenti İlham Əliyevin həmişə diqqət mərkəzində olub. Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər edib, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar verib. Yerinə yetirilən konkret tədbirlərin fonunda Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Agstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin və digər avtomobil yollarının yenidən qurulması dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Gündən-günə, aydan-aya müasirləşən, dünyanın ən gözəl şəhərinə çevrilən paytaxt Bakı şəhərinində nəqliyyat intensivliyinin artması vaxtilə küçə və yollarda kəskin tıxacların yaranmasına gətirib çıxarırdı. Belə ki, insanlar hər gün meydana gələn nəqliyyat tıxaclarında vaxtlarının çox hissəsini itirməli olurdu. Həlli vacib olan digər məsələlərlə yanaşı, nəqliyyat sisteminin fəaliyyətinə təsir edən bu problem də ölkə başçısı İlham Əliyevin diqqətindən yayınmadı. Nəqliyyat tıxaclarının ən çox yarandığı yerlərdə vəziyyətlə tanış olduqdan sonra məslənin həllinə böyük diqqət və həssaslıqla yanaşaraq bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqramın hazırlanması tapşırığını verdi. Beləliklə dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmiklləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsi ilə müşayiət olundu.

Uğurlu infrastruktur layihələr uğurlu inkişaf deməkdir

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı infrastruktur layihələrin uğurla başa çatmasına da toxunaraq bildiribdir ki, nəzərdə tutulan bütün infrastruktur layihələr uğurla başa çatmalıdır: "Gələn altı ayda biz əlbəttə çalışmalıyıq ki, nəzərdə tutulmuş bütün infrastruktur layihələrini başa çatdıraq. Son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür, amma hələ ki, görüləsi işlər çoxdur. Xüsusilə nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur, - mən bunu giriş sözümdə də demişəm, bizim maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər vəsaitimiz vardır, - ona görə, infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin".

Prezident İlham Əliyev xüsusilə də kənd yollarının tikintisinə daha çox diqqət verilməsini tapşırıb: "İnfrastruktur layihələri arasında biz son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstəririk. Çünki buna böyük ehtiyac vardır. Yerlərdən gələn xahişlər də bunu göstərir. Bəlkə ona görə ki, son illər digər infrastruktur layihələrinə, xüsusilə elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük investisiyalar qoyulmuşdur. Ancaq bu sahədə vəziyyət hələ bizi tam şəkildə qane etmir. Buna baxmayaraq müəyyən uğurlu addımlar atılmışdır. Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir".

Dövlət başçısı üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisinin xüsusi yeri olduğunu da vurğulayıbdır: "Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər".

Bir sözlə, bütün bunlar həm də onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı, eləcə də digər layihələrin gerçəkləşdirilməsi üçün dövlət başçısı əldə olunan bütün imkanlardan istifadə edəcək. Belə ki, bütün bu faktorlar yalnız bir amilə xidmət edir - Azərbaycan xalqının daha yaxşı və rifahlı yaşaması üçün.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər