"Əslində Fransanın bu kimi addımlarından təəccüblənməmək lazımdır". Sözügedən fikirləri Azəri -Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Romen Nadalın "Fransa Azərbaycan əsirliyində Karen Petrosyanın ölməsindən dərindən sarsılıb" bəyanatına və bu ölkənin Azərbaycan hakimiyyətindən onun cəsədini təxirə salmadan qaytarması, eləcə də ölümünün səbəblərinə işıq salması tələbinə münasibətini bildirərkən deyib.
Tənzilə Rüstəmxanlının fikrincə, Fransanın çox ciddi şəkildə erməni yanlısı olması, orada erməni diasporasının hələ XVI əsrdən kök salması, və bir çox Fransa vətəndaşının erməni əsilli olması adəçəkilən dövlətinin Ermənistandan yana münasibət bildirməsinə səbəb olur: "Yəni bu kimi hallar onların gələnəksəl, ənənə şəklini almış bir münasibətidir".
Azəri-Türk Qadınlar Birliyinin sədri həmçinin qeyd edib ki, Fransanın Azərbaycandan hansısa bir dövlət səviyyəsində erməni təxribatçısının ölümü ilə bağlı açıqlama tələb etməsinə ümumiyyətlə, haqqı yoxdur: "Bu gün Ermənistan atəşkəsi pozur, mülki əhslimizi daim atəş altında saxlayır, vətəndaşlarımız həlak olur, beləliklə, Ermənistan öz işğalçılıq siyasətini yürüdür. Əgər Fransa ciddi bir dövlətdirsə, cəbhədə şəhid olan əsgərlərimizin qanının hesabını Ermənistandan sorsun. Xocalı soyqırımını və digər qətliamları dövlət səvissəyində müzakirəyə çıxarsın. Bununla da xarici siyasətdə ədalətli mövqe tutduğunu sübut etsin. Onu da unutmamalıyıq ki, Fransa eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindəndir. Bu baxımdan, birtərəfli mövqe bildirməsi Fransanın saxtakar və ikiüzlü olduğunu bir daha göstərir".
Qeyd edək ki, avqustun 7-də Azərbaycan tərəfində saxlanılan və erməni təxribatçısı olan Petrosyan ertəsi gün qəfildən dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilib.
sia.az