"Şahdəniz-2" çərçivəsində 1 mlrd. dollarlıq kredit sazişi imzalanıb
Dünyanın sabit və dinamik inkişaf etməkdə olan ölkələrindən sayılan Azərbaycan Respublikası uzun illərdir ki, müstəqil iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
Məlum olduğu kimi, bu günlərdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağının işlənməsi ilə əlaqədar Türkiyənin TPAO şirkətinin payının maliyyələşdirilməsi üzrə Ankarada kredit sazişi imzalanıb. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın iştirakı ilə imzalanan saziş TPAO ilə "Vakıf BANK" və "Türkiyə İş Bankı" arasında 1 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirməni nəzərdə tutur.
"Şahdəniz-2" layihəsi çərçivəsində 6 yeni müqavilə imzalanıb
"Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri konsorsiumları "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) layihələrinin işlənməsi üçün əsas müqavilələri imzalamaqla işləri qrafik üzrə planlaşdırılmış qaydada davam etdirir. Həm layihə idarəetmə xidmətlərini, həm də tikinti işlərini əhatə edən bu müqavilələr 17 dekabr 2013-cü il tarixində elan edilmiş yekun investisiya qərarlarından sonra gerçəkləşib. Bu müqavilələrin bağlanması layihənin icrası qrafikinin əsasını təşkil edir və mühüm işlənmənin çoxsaylı sahələrində əldə edilən irəliləyişə əlavədir.
Onu da qeyd edək ki, bu müqavilələrin vaxtında imzalanması, həmçinin "Şahdəniz" və CQBK layihələr vaxtında və büdcə daxilində həyata keçiriləcək və ilk qaz 2018-ci ilin sonlarında əldə ediləcək. Bu müqavilənin imzalanması "Şahdəniz" konsorsiumu tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin optimallaşdırılması öhdəliyini bir daha təsdiq edir. Müqavilə çərçivəsində tikinti işləri üçün təqribən 8 milyon adam-saat iş həcmi yerinə yetirilməklə təxminən 2750 nəfər yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir və bütün işlər ölkə daxilində həyata keçiriləcək. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir.
"Şahdəniz-2" layihəsi Azərbaycanın beynəlxalq aləmə verəcəyi enerji töhfəsidir
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsi uğurla davam etdirilir. Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş "Şahdəniz" layihəsi Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təsadüfi deyil ki, hazırda "mavi yanacağa" olan tələbatının ödənilməsinə çalışan bir sıra Avropa ölkələri "Şahdəniz" qazına daha çox ümid bəsləyirlər. Bu da ölkəmizin regionda etibarlı tərəfdaş kimi mövqeyini getdikcə möhkəmləndirir. Təsadüfi deyil ki, hazırda gündəmdə olan bir sıra nəhəng qaz ixracı layihələrinin tərəfdaşları da Azərbaycanı ən potensial qaz təchizatçısı hesab edirlər.
Prezident İlham Əliyev "Şahdəniz 2" layihəsinin həm iqtisadi, həm də siyasi cəhətdən Azərbaycana böyük dividendlər gətirəcəyini bildirərək vurğulamışdır ki, bu layihələrin reallaşması ölkəmizə böyük həcmdə investisiyalar gətirilməsi deməkdir: "Şahdəniz-2", TANAP, TAP - yəni bu məsələ ilə bağlı olan layihələrin icrası ancaq ilkin hesablamalara görə, 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət göstərəcək. Nəzərə alsaq ki, artıq Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin icrasında, neft-qaz əməliyyatlarının aparılmasında böyük təcrübə toplamış həm dövlət, həm özəl qurumlar, şirkətlər var, əlbəttə, bu şirkətlərə böyük sifarişlər veriləcək. Beləliklə, bizim biznesimizdə qeyri-neft sektorumuz yeni imkanlara çatacaq".
Eyni zamanda, dövlətimizin başçısı "Şahdəniz" layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger isə "Şahdəniz-2" layihəsinin yekun qərarının imzalanmasının səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayaraq demişdir: "Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq "Cənub" qaz dəhlizinin icrasına başlayır. "Cənub" qaz dəhlizinin işlənilməsi hökumətlər və biznes dairələri arasında əməkdaşlığın parlaq nümunəsidir və bu əməkdaşlıq qarşılıqlı faydalıdır".
Onun qənaətinə görə, "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarının imzalanması Avropanın qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcək və Qafqazla Avropa İttifaqı arasında əlaqələri möhkəmləndirəcəkdir. Böyük Britaniya parlamentinin deputatı, Energetika və İqlim Dəyişikliyi Komitəsinin üzvü Kristofer Pinçer belə bir mülahizə yürüdüb ki, Ukraynada baş verənlər üzündən Avropa Rusiyadan enerji asılılığını azaltmalıdır. Onun fikrincə, enerji təchizatının diversifikasiyası prosesində Azərbaycandan qaz tədarükü vacib rol oynayacaq. Bununla belə, hazırda Avropanın Rusiyadan enerji asılılığının yüksək olduğunu bəyan edən britaniyalı deputat hesab edir ki, bu aslılığı minimuma endirmək üçün Qərbə Xəzər dənizindən, hətta Şimali İraqdakı Kürdüstandan təbii qaz nəql oluna bilər. K.Pinçer, həmçinin bildirmişdir ki, yaxın illərdə qaz hasilatını xeyli artıran Azərbaycan, həm də bütün Orta Asiya qazının tranzit mərkəzinə çevrilə bilər.
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolunu yüksək dəyərləndirən Böyük Britaniya parlamenti deputatının qənaətinə görə, Azərbaycan Rusiyadan yan keçməklə neft və qazı Qərbi Avropaya nəql edə biləcək boru xətləri şəbəkəsini maliyyələşdirə və təşkil edə bilər. Bu isə enerji təhlükəsizliyi məsələsinin xüsusi əhəmiyyət daşıdığı müasir dövrdə Azərbaycanın potensial qaz təchizatçısı və etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir. Təsadüfi deyil ki, bu yaxınlarda ABŞ ilə Avropa İttifaqı arasında keçirilən zirvə görüşündən sonra təşkil olunan birgə mətbuat konfransında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayaraq demişdir: "Enerji təhlükəsizliyimizi təmin etmək və Rusiyadan enerji baxımından asılılığımızı azaltmaq üçün "Cənub qaz dəhlizi" vasitəsi ilə biz ilk dəfədir ki, Şərqdən, ancaq Rusiyadan deyil, Azərbaycandan qaz alacağıq".
Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları təqribən 3 milyard kubmetrə yaxındır. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaqdır.
Beləliklə də, bütün bu amillər isə Azərbaycanın iqtisadi gücünü və beynəlxalq nüfuzunu bir qədər də artıracaq, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək.
RƏFİQƏ HÜSEYNOVA