Bu dəfə o, Almaniyanın məşhur kurort zonası Baden Badendən qovuldu
Erməni portalı "Armenian Report" Ermənistan prezidentinin adminstrasiyasına yaxın mənbəyə istinadən bildirir ki, Sarkisyan 2012 və 2013-cü illərdə yayı həmin oteldə keçirib. Həmin illərdə prezidentin ətrafında bir neçə erməni oliqarx da olub . Onlar həm oteldə intizam qaydalarını pozublar, həm də onlar kurorta iri məbləğdə pul borclu qalıblar. "Ermənistan prezidentinə və onun dəstəsinə diplomatik qaydada başa salıblar ki, onlar bu pansionatda arzuorlunmaz qonaqdırlar", - deyə portal vurğulayır.
Portalın məlumatına görə, hazırda Serj Sarkisyanın aparıtı prezidentin hansı ölkəyə gedəcəyi ilə bağlı baş sındırır. Mümkün variant kimi Fransa və ya Sloveniya nəzərdə tutulur.
Quldur hakimiyyətin qaranlıq yolu
"İki səfil, iki yoxsul oturub burjuanın pullarını sayanda gülünc görünür. İki quldur oturub qarət etdikləri adamın niyə varlı olmamasından danışanda, deməli, bizi ələ salır". Otto fon Bismark bu sözləri deyəndə Prussiyadakı durumu nəzərdə tuturdu. Lakin "Dəmir kansler"in sözlərini indiki Ermənistana tam şamil etmək olar.
Erməni ekspertlərinin sözlərinə görə Serj Sarkisyanın təpiklə çiliklənmiş arzuları puç olmalı idi. "Çünki bir ölkədə səfalət, özbaşınalıq, hərc-mərclik, korrrupsiya, qanunsuzluq Ermənistanın bir ölkə kimi yer üzündən silinməsi deməkdir. Belə ölkəni sivil dövlətlər qəbul etmirsə, deməli onun prezidentinin hansı psixologiyaya malik olduğu aydın məsələdir"-deyən Ermənistan parlamentinin sabiq spikeri Karapet Rubinyan xalqın quldur Sarkisyan rejimindən qurtulmaq vaxtının olduğunu bildirib: "Sarkisyanın hər hərəkəti erməni xalqına başucalığı gətirmir. Bu gün erməni mətbuatı ölkənin prezidentinin bu hərəkətini geniş yaymaqla, bir daha xalqın bu quldur prezidentdən və onun əlaltılarından qurtarmaq istədiyini göstərir".
Karapet Rubinyan həmçinin ölkədə vəziyyətin təhlükəli həddə çatdığını, ağır-sosial-iqtisadi böhrana yuvarlanmasının kökündə hakimiyyətin yanlış siyasətinin və məmurların biznes maraqlarının durduğunu vurğulayır. Sabiq spiker bildirir ki, əgər hakimiyyət xalq tərəfindən özünə qarşı etimad görmək istəyirsə, korrupsiya hallarına qarşı mübarizə aparmalıdır: "Lakin belə mübarizənin indiki hakimiyyət dövründə heç vaxt olmayacağı şübhəsizdir. Çünki qanunazidd olaraq deputatların bizneslə, inhisarçılıqla məşğul olmasına Serj Sarkisyan iqtidarı özü şərait yaradır. Elə hakimiyyətin digər qollarındakı məmurlar da iri biznesin əsas təmsilçiləridir. Buna görə də Sarkisyan kimi prezidentin və onun quldurlarının belə hallara qarşı hansısa addımlar atacağını düşünmək sadəlövhlük olardı. İndi xalq ya bu cinayətkar rejimdən xilas olmalıdır, ya da onun öz qanunsuz əməllərinin miqyasını necə genişləndirməsinə şahidlik etməlidir".
Erməni mətbuatının yazdığına görə, müxtəlif ölkələrdə yaşayan ermənilərin diaspor təşkilatları Ermənistan prezidenti Serj Sarkisyanın hakimiyyətini, onun yürütdüyü uğursuz və bivec siyasəti sərt tənqid ediblər: "Baş verənlər Sarkisyanın siyasəti yox, onun siyasətinin fiaskosu idi. Səbəb isə Serj Sarkisyan illərdir ki, ermənilərə "kiçik dövlət böyük siyasət yürüdə bilməz" fikrini aşılamağa çalışır və israrla bildirir ki, "Ermənistan təki müşkül geosiyasi vəziyyətdə olan ölkə mütləq şəkildə Rusiyanın dəstəyinə arxalanmalıdır. Fəqət, kiçik ölkə belə konformizm, təşəbbüsün, ümümiyyətlə, gözə dəyməməsi, müstəqilliyin tapdanması və hakimiyyətdə hansısa məsuliyyətin yoxluğundan ibarət siyasət yürütdüyünə görə utanmalıdır. İş o yerə çatıb ki, Sarkisyanı otellərdən də qovurlar. Bu birinci dəfə baş verən hal deyil. Dəfələrlə beynəlxalq toplantılarda və yüksək səviyyəli görüşlərdə Ermənistan prezidenti Serj Sarkisyan lağa qoyulur, ona məsxərə ilə gülürlər. Gülənlər arasında Yerevandakı rejimi himayə edən Rusiyanın siyasətçiləri də var. Ermənistanın MDB Gömrük Birliyinə "könüllü" daxil olmasından sonra isə dünya birliyi bu ölkəni istənilən istiqamətə təpiklə vurub yönləndirmək üçün mümkün futbol topu sayır. Bəla odur ki, belə təpiklənmək, deyəsən, topun xoşuna gəlir. Ermənistandakı Serj Sarkisyan bandokratiyası hakimiyyətdən kənarlaşdırılmayınca vəziyyət belə davam edəcəkdir".
Erməni xalqı quldur Sarkisyan rejimindən qurtulmaq üçün fasiləsiz mitinqlərə başlayıb
Son vaxtlar Ermənistanın paytaxtı Yerevanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələr və prezident Serj Sarkisyanın həyata keçirdiyi uğursuz siyasətə qarşı izdihamlı aksiyaların keçirilməsinə başlanılıbdır. Narazı vətəndaşlar "Serjə yox deyək!", "Bu, bizim deyil, rejimin müharibəsidir", "Silahlardan əl çəkin!", "Rejimin siyasəti ölkəni boşaldır" kimi şüarlar səsləndirirlər. Yerevanda aksiyaların keçirilməsinə əhalinin gündən-günə ağırlaşan sosial şəraiti də öz təsirini göstərir. Ermənistan Milli Statistika Xidmətinin son məlumatında deyilir ki, iyun-iyul aylarında elektrik mallarının qiyməti 0,1 faiz, tikinti materialları 0,1 faiz, mebel 0,2 faiz, dərman pereparatları 0,2 faiz, tekstil malları 0,3 faiz, yanacaq 0,4 faiz, dəftərxana məhsulları 1,3 faiz, geyim 1,5 faiz, ayaqqabı 0,6 faiz bahalaşmışdır. Bahalaşma ölkənin bütün regionlarında müşahidə edilmişdir. Ötən ilin iyul ayı ilə müqayisədə ölkədə çörək və un məmulatlarının qiymətləri də artmışdır. Yüksək sort çörək 30,4 faiz, lavaş 0,4 faiz, buğda yarması 0,5 faiz, manna 0,7 faiz, makaron məmulatları 0,7 faiz, peçenye 1,1 faiz, düyü 1,7 faiz, uşaq yeməyi 3,1 faiz bahalaşmışdır. Ermənistandakı ağır sosial vəziyyət insanların təkcə gündəlik həyatında deyil, bütün sahələrdə özünü göstərir. Nəticədə "Böyük Ermənistan" indi artıq kənd-kənd boşalır. Ermənistan milli konqresinin nümayəndəsi Vahan Xaçaturyan jurnalistlərlə görüşündə iqtisadi şəraitin dözülməzliyi barədə demişdir ki, bu ölkənin iqtisadiyyatında hər hansı müsbət irəliləyişdən belə söhbət gedə bilməz. Onun sözlərinə görə, vəziyyət gələcəkdə daha da pis olacaq. İqtisadiyyatın fəaliyyəti üçün labüd olan mexanizmlərin artıq işləməməsi bu fikri söyləməyə əsas yaradır. Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən hazırda regional təcrid vəziyyətinə düşən Ermənistanda şərait getdikcə daha gərgin mərhələyə qədəm qoyur. Xüsusən də sürətlə davam edən bahalaşma insanların sosial durumunun daha acınacaqlı hal almasına rəvac verir. Bu fonda qabarıq müşahidə edilən odur ki, iqtisadiyyatı ildən-ilə tənəzzülə uğrayan Ermənistanda inflyasiya sürətlə dərinləşməkdədir. Məsələn, bu ölkədə konkret ərzaq məhsullarının qiyməti son bir ildə 9,9 faiz, qeyri-ərzaq məhsullarının qiyməti isə 4,3 faiz bahalaşmışdır. Həmçinin əhaliyə göstərilən xidmətlərin qiymətlərində də bahalaşma qeydə alınmışdır. Vəziyyətdən çıxış yolunu isə ermənilər müxtəlif xarici ölkələrə qaçmaqda görürlər.
Sabiq prezident Levon Ter-Petrosyan onu da söyləyib ki, ölkədə əhali qalmayıb, iqtisadi durumu xalq görür ki, Ermənistan dilənçi vəziyyətindədir: "Sarkisyanı siyasətçi deyil, siyasətçi olsaydı, hakimiyyətdə olduğu illərdə bir addım irəliləyiş olardı. Lakin Ermənistan bu illər ərzində nəinki bir addım, heç bir qarış belə qabağa getməyib. Belə olan halda Sarkisyan kimi siyasi savadsız, saxtakar, xalqın qanını soran bir səviyyəsizin hakimiyyətdə qalması bu xalqın yer üzündən silinməsi deməkdir".
Göründüyü kimi, artıq nəinki bir sıra ölkələr, o cümlədən erməni xalqı da Sarkisyan rejimindən çıxış yolu tapmaq üçün ciddi səylər göstərirlər. Bu səylərin nəticəsində Sarkisyan hakimiyyətinin devrilməsi yaxınlaşmaqdadır. Ermənistanın vəziyyəti fəlakət həddindədir.
A.SƏMƏDOVA