İlham Əliyev: "Azərbaycanda iş görmək üçün yaxşı şərait, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur"
İnkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizliyə tam şəkildə nail olunması buradakı bütün iqtisadi resursları dövriyyəyə cəlb edə bilən və bununla da, onların səmərəli istifadəsinə şərait yaradan sənaye məhsulu istehsalından keçir. Hazırda iqtisadi inkişaf səviyyəsinə görə ilk sıralarda olan ölkələrin bir çoxu sənayeləşmə mərhələsini bu və ya digər yollarla keçməklə öz ixrac potensialını möhkəmləndirmiş, əl əməyini əvəz edən yeni, innovativ texnologiyalı inkişafı mənimsəmişdir. Azərbaycanın müasir iqtisadi potensialı və sahib olduğu bütün sərvətlər bunu deməyə əsas verir ki, ölkəmiz də öz imkanları hesabına bu vacib məsələnin həllinə nail ola bilər.
Prezident İlham Əliyev 2014-cü ilin "Sənaye ili" elan edilməsi haqqında Sərəncamı və martın 12-də "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsində başlıca məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda, xammal və yarımfabrikat ixracatı mümkün qədər azaldılmalı, hazır məhsul istehsalına üstünlük verilməlidir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər.
Ölkə Prezidenti Cənab İlham Əliyev cari ildə qarşıda duran vacib vəzifələrdən danışarkən demişdir: "Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir".
Qeyri-neft sektorunda sənayenin inkişafı
Qeyd edək ki, ölkə iqtisadiyyatının, o cümlədən sənayenin inkişafında yeni dövr 2003-cü ildən başlanmışdır və bu sahədə əldə edilmiş nəticələr onu söyləməyə əsas verir ki, respublika iqtisadiyyatında qeyri-neft sektoru indi daha artıq önəm kəsb etməkdədir. Bu sektorda müşahidə olunan dinamizm iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin düzgünlüyünü göstərir. Belə ki, həyata keçirilən siyasət çərçivəsində 2003-2013-cü illər ərzində qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, idxaldan asılılığın azaldılması, ölkənin ixrac qabiliyyətinin diversifikasiyası, həmçinin yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin qurulması, xarici və yerli investorlar üçün cəlbedici investisiya mühitinin yaradılması, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, rəqabət mühitini təkmilləşdirən institutlara diqqətin artırılması istiqamətində mühüm uğurlar qazanılmışdır.
Eyni zamanda, qeyri-neft sənayesinin şaxələndirilməsi, yeni texnoloji infrastrukturların qurulması, innovasiya xarakterli texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi, məhsul istehsalında əldə edilmiş kəmiyyət və keyfiyyət artımı ölkəmizin ixrac potensialını daha da möhkəmləndirmiş, son 10 il ərzində xarici ticarət tərəfdaşlarımızın sayı iki dəfə artaraq 155-ə çatmış, xarici ticarət dövriyyəsinin həcmi 8,8 dəfə artmış və 2012-ci ildə qeyri-neft məhsulunun ixracı 11,2 faiz yüksəlmişdir. Bu sahədə görülən işlərin təhlili bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya qoyuluşu baxımından dünyanın ən cəlbedici ölkələrindən biridir. Həmçinin, qeyri-neft sənayesinin dayanıqlı inkişafının təmin edilməsi və bu sektorun ÜDM-də payının artırılmasına nail olunması üçün dövlətimizin müəyyənləşdirdiyi kimi, innovativ inkişafın hərtərəfli stimullaşdırılması, sənayeləşmə siyasətinin davam etdirilməsi, sənaye zonalarının yaradılması, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artırılması kimi tədbirlər həyata keçirilməklə Azərbaycan iqtisadiyyatının modernləşməsi zəruridir. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafı məsələsinə yeni yanaşma tələb edir.
Beləliklə, dövlətimiz tərəfindən həyata keçirilən və elmi əsaslara söykənən xarici və daxili siyasət, uğurlu diplomatik fəaliyyət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf tempini saxlayacaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da möhkəmləndirəcəkdir.
RƏFİQƏ KAMALQIZI