PDF Oxu

Siyasət

  • 80

İlham Əliyev: “Bizim mədəni irsimiz, tariximiz, mədəniyyətimiz çox zəngindir”

İlham Əliyev: “Bizim mədəni irsimiz, tariximiz, mədəniyyətimiz çox zəngindir”

Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub

Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq

Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib. Muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olub. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdilər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeydə görülən işlərlə bağlı dövlətimizin başçısına və xanımına məlumat verdi. Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim edilir. Azərbaycan Prezidenti və xanımı burada fəaliyyət göstərən suvenir mağazası ilə tanış oldular. Dövlətimizin başçısı Xalça Muzeyinin yeni binasının yaradılması mərhələlərini əks etdirən fotoşəkillərə baxdı.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda tikiləcək Xalça Muzeyi həm daxili tərtibatı, eyni zamanda, xarici görünüşü ilə də fərqlənməli idi: "Çünki xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Ona görə layihələndirmə işlərinə böyük diqqət göstərilmişdir və nəticədə Avstriya memarlarının zəhməti hesabına bu layihə təqdim edilmişdir. Bu layihə öz nadirliyi ilə seçilir, fərqlənir. Bu bina xalçanı əks etdirir və əlbəttə ki, Xalça Muzeyinin yerləşdirilməsi ilə bağlı məndə heç bir tərəddüd olmamışdır. Çünki Xalça Muzeyi Bakının ən gözəl yerində, bulvarda olmalı idi. Bu, nadir memarlıq əsəridir.

Azərbaycanın çox zəngin və qədim memarlıq əsərləri vardır ki, onlar UNESCO tərəfindən qorunur. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası bizim milli sərvətimizdir. Eyni zamanda, son illərdə Azərbaycanın və Bakının müasir memarlıq nümunələri də göz oxşayır. Bakıda qədim memarlıq abidələri və müasir abidələr bir vəhdət, vahid ansambl təşkil edir və son illərdə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bayraq meydanı kimi müasir Azərbaycan simvolları yaradılmışdır. Bu memarlıq əsərləri müasir Azərbaycanın gücünü, inkişafını göstərir. Əlbəttə ki, bu memarlıq əsərləri təkrarolunmaz əsərlərdir. Deyə bilərəm ki, Xalça Muzeyinin binası da bu sıradadır. Bu da öz nadirliyi ilə seçilir və ümid edirəm ki, gələcəkdə heç kim bu memarlıq nümunəsini təkrar etmək istəməyəcək. Çünki Azərbaycanda yaradılan müasir memarlıq əsərlərini bəzi hallarda başqa yerlərdə də görmək olur. Ancaq bu, artıq Azərbaycan məhsuludur və çox şadam ki, bu gözəl, möhtəşəm muzey bu gün açılır.

Əminəm ki, Bakı sakinləri, qonaqlar üçün burada nümayiş etdirilən ekspozisiya çox böyük maraq doğuracaqdır. Çünki muzeydə 15 minə yaxın eksponat var. Burada həm ekspozisiya çox orijinal tərzdə nümayiş etdirilir, - mən burada tikinti zamanı dəfələrlə olmuşam, - eyni zamanda, saxlanma yerləri də müasir standartlara cavab verir. Burada əlbəttə ki, xüsusi temperatur rejimi də var. Yəni, bütün işlər ən müasir səviyyədə qurulub və burada həm daxili tərtibat, bizim milli sərvətimiz olan xalça nümunələri, eyni zamanda, nadir memarlıq birləşir və bu, məni çox sevindirir. Çünki bu, bizim xalqımızın nə qədər istedadlı xalq olduğunu bir daha göstərir. Çünki xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Təsadüfi deyil ki, muzeyin tikintisinə başlayandan sonra bizim təşəbbüsümüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi irsi üzrə reprezentativ siyahısına daxil edilmişdir.

Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilmişdir. Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik. Hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeyləri fəaliyyət göstərir. Bakıda artıq bu gündən fəaliyyət göstərəcəkdir. Eyni zamanda, son illər ərzində demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər. Eyni zamanda, bu gündən burada nümayiş etdirilən bizim gözəl xalçalarımız əminəm ki, gəncləri də bu sənətə gətirəcək və beləliklə, Azərbaycan xalçaçılıq sənəti bundan sonra da inkişaf etdiriləcəkdir.

Bizim mədəni irsimiz, tariximiz, mədəniyyətimiz çox zəngindir. Son illər ərzində dünyanın müxtəlif yerlərində Azərbaycanla bağlı təqdimatlar, sərgilər, konsertlər keçirilir. Əlbəttə ki, xalça o təqdimatların mərkəzində yerləşir. Çünki bu, doğrudan da dünya miqyasında böyük bir dəyərdir. Mən hesab edirəm ki, Azərbaycan xalçası dünyada xalçaçılıq sənətinin etalonudur. Təsadüfi deyil ki, bizim xalçalarımız dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir. Bu gün biz Azərbaycanı həm inkişafda olan, eyni zamanda, böyük dəyərlərə malik olan və bu dəyərləri qoruya bilən ölkə kimi təqdim edirik. Azərbaycana gələn xarici qonaqlar əlbəttə ki, Bakının gözəlliyini qeyd edirlər. Ölkəmizin inkişafını görürlər, eyni zamanda, bizim dəyərlərimizlə tanış olurlar. Memarlıq dəyərlərimiz, musiqi sənətimiz, rəssamlıq məktəbimiz və əlbəttə ki, xalçaçılıq sənəti bizim qürur mənbəyimizdir. Mən çox şadam ki, Azərbaycanda bu sahədə işlər ardıcıllıqla aparılır. Son illərdə Bakının bütün muzeyləri əsaslı təmir edilmişdir. Artıq bəzilərində indi təmir işləri gedir. Bakıda bir dənə də təmirsiz muzey qalmamışdır. Bölgələrdə, Bakıda yeni muzeylər yaradılır - Müasir İncəsənət Muzeyi, digər muzeylər, Xalça Muzeyi. Bu, əlbəttə ki, ölkəmizin ümumi inkişaf templərini göstərir, eyni zamanda, dövlət siyasətini əks etdirir.

Qeyd etdiyim kimi, xalçaçılıq sənətinin qorunması ilə bağlı qanunvericilikdə ciddi addımlar atılmışdır. Biz praktiki həyatda belə gözəl əsərləri yaratmaqla ölkəmizi zənginləşdiririk. Bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Biz məhz müstəqillik dövründə belə gözəl əsərləri yarada bilmişik. Qısa müddətdə - cəmi 23 illik müstəqillik dövründə Azərbaycan çox böyük və şərəfli yol keçmişdir. Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret proqramlar var. Siyasi, iqtisadi islahatlar aparılır. Regional inkişaf proqramları icra edilir. Əlbəttə ki, mədəni həyatımızla, tarixi irsimizlə, mədəniyyətimizlə bağlı bütün işlər ardıcıl şəkildə aparılır. Bugünkü tədbir bunun bariz nümunəsidir. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm." Sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış etdilər. Onlar birinci xanım Mehriban Əliyevanı ad günü münasibətilə təbrik etdilər. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeydə yaradılmış şəraitlə tanış oldular, burada nümayiş etdirilən xalçalara baxdılar. Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər