Zahid Oruc: "İnsan hüquqları adı altında öz maraqlarını yürütmək cəhdi istismarçı bir ideologiyanın nəticəsidir"
"Hesab edirəm ki, müəyyən hadisələr ictimailəşdirilib, ümumiləşdirilib, ölkəyə qarşı təzyiq alətinə çevrilməməlidir". Sözügedən fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin İlqar Nəsibovla bağlı Azərbaycan hökumətinə qarşı təzyiq dili ilə danışmasına və bəyanat yaymasına münasibətini bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlətinin illər ərzində gördüyü işlər insan haqları naminə həyata keçirilir: "Yəni infrastrukturun dəyişdirilməsi də, yeniləşmələr də, qaçqın və köçkünlərin ağır, məşəqqətli həyatdan ayrılaraq ən müasir standartlara cavab verən şəhərciklərə daşınması da, tikilən yollar da, davamlı olaraq həyata keçirilən quruculuq-abadlıq tədbirləri də bilavasitə insan haqqının, hüququnun aliliyi naminədir".
Zahid Oruc bu kimi bəyanatların, münasibətlərin yolverilməz olduğunu ifadə edib: "Bəziləri belə düşünürlər ki, sadəcə siyasi şüarlar, demokratik ibarələr, ayrı-ayrı bəyanatlar və belə demək mümkündürsə, guya hansısa sərbəst toplaşmaq azadlığı kimi məsələlərdən bəhs etməklə vətəndaşın bütün problemlərini həll etmək mümkündür. Ancaq bu çox yanlış bir yanaşmadır. Ona görə də hər hansı bir Dövlət Departamentinin, yaxud da beynəlxalq təşkilatın Azərbaycanda bəzən hər hansı bir məmur, yaxud da hüquq-mühafizə orqanı-vətəndaş münasibətində baş verən olaya əlahiddə bir hadisə kimi yanaşması doğru deyil. İşğal faktını, bu fakt ətrafında pozulan hüquqlarını bir kənara qoyub, ayrıca insanlar üzərində əlini qızdırmaq və bunu öz maraqlarının alətinə çevirib, ondan bəhrələnmək açıq şəkildə istismarçı bir ideologiyanın nəticəsidir. Düşünürəm ki, bununla bizim kimi ölkəyə təsir, təzyiq göstərmək, bunu xarici siyasətdə cilovlamaq mümkün deyil. Yəni belə demək mümkündürsə, ölkəmizi bu vasitələrlə idarə etməyə əbəs bir ümid bəslənilir. Çünki hər kəsə bəllidir ki, İlham Əliyevin liderliyi ilə yönləndirilən bir ölkənin ən mühüm məziyyəti, ən mühüm keyfiyyəti, ən mühüm simvolu onun müstəqil şəkildə idarə olunmasıdır. Ümumiyyətlə, bir dövləti bütövlükdə hər hansı bir vətəndaşın hüquqlarını qorumaqda ittiham etmək çox yanlış bir tendensiyadır və bunun qarşı tərəflərə heç bir effekt verməyəcəyi indidən məlumdur".
sia.az