"Rəcəb Tayyib Ərdoğanın Türkiyənin prezidenti seçilməsi bu gün beynəlxalq mətbuatda ciddi müzakirə mövzularından biridir. Onun indiyədək 10 ildən çox baş nazir kimi fəaliyyət göstərməsi, bir çox məsələlər barədə konkret mövqeyinin olması Türkiyə siyasətinin bundan sonra aydın, konkret və birmənalı olacağını göstərir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, R. T. Ərdoğan həm daxili, həm də xarici siyasətdə kifayət qədər təcrübəlidir: "Türkiyənin yeni prezidentinin ölkə daxilində də böyük şəxsi nüfuzu var. Ərdoğan özünün yaratdığı, bütün ölkə coğrafiyasını əhatə edən güclü siyasi təşkilata malikdir. Bütün bunların Türkiyənin xeyrinə işləyəcəyini güman etmək olar".Millət vəkili qeyd edib ki, R. T. Ərdoğanın siyasətində Azərbaycanla münasibətlər xüsusi yer tutur və o, özündən əvvəlki Türkiyə rəhbərləri kimi Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki mövqeyini birmənalı müdafiə edir: "Ərdoğan Ermənistanla münasibətlərin ancaq işğal edilmiş torpaqların azad olunmasından sonra mümkün olacağı barədə həm Ankarada, həm də Bakıda dəfələrlə müxtəlif tribunalardan bəyanatlar verib. Bunun belə davam edəcəyinə heç bir şübhə yoxdur. Azərbaycan nümayəndə heyətinin Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının qurultayına dəvət edilməsi, Azərbaycanın yüksək səviyyəli rəsmilərinin onun inaqurasiya mərasimində iştirak etməsi Azərbaycan - Türkiyə münasibətlərinin bundan sonra da birmənalı inkişaf edəcəyinə dəlalət edir. Bu, bir tərəfdən Ərdoğanın siyasi komandasının mövqeyi, digər tərəfdən Türkiyə cəmiyyətindən gələn sifarişdir. Onu nəzərə almamaq Türkiyənin özü üçün çox ciddi problemlər yarada bilər. Bu gün türk xalqının Azərbaycana olan sevgisinin qardaş ölkənin siyasətində prioritet istiqamətlərdən biri olması təqdirəlayiq haldır".
Ara-sıra Türkiyə siyasi hakimiyyətinin Ermənistanla münasibətlərində Azərbaycanı narahat edən müəyyən addımların olduğunu deyən millət vəkili sabiq prezident Abdulla Gülün futbol diplomatiyası həyata keçirərək İrəvana səfər etməsinin, sonradan Ermənistan - Türkiyə sərhədlərinin açılmasına dair uğursuz protokolun imzalanmasının bu qəbildən olan məsələ olduğunu vurğulayıb: "Bəziləri bunu protokol tələbi kimi qiymətləndirir və Ərdoğan siyasəti bu halın elə bir əhəmiyyət daşımadığını vurğulayır. Güman edirəm ki, tamamilə belədir. Amma bununla belə, Ermənistan prezidentinin Ərdoğanın inaqurasiyasına dəvət edilməsi Azərbaycan cəmiyyətində birmənalı qəbul edilmədi. Sarkisyan Türkiyəyə qarşı düşmən mövqeyində olan və vaxtaşırı antitürk bəyanatları ilə çıxış edən şəxsdir. O, Türkiyənin ərazi bütövlüyünü tanımır, münasibətləri ancaq Türkiyənin Ermənistanın maraqlarına tabe olması şərtləri ilə qəbul edir. Belə bir insanın inaqurasiyaya dəvət edilməsi heç bir halda nə siyasi maraqlar, nə də protokol tələbləri ilə izah edilə bilməz. Türkiyə rəsmiləri vaxtaşırı bəyanatlarında bunun heç bir halda Azərbaycan - Türkiyə münasibətlərinə təsir etməyəcəyini, sadəcə olaraq Türkiyənin sivil və hüquqi dövlət statusundan irəli gələn addımlar olduğunu vurğulayırlar. Ümid edirik ki, belədir. Türkiyədə bəzilərinin protokol qaydalarından kənara çıxacaq bir hərəkətinin olmayacağını düşünürük. Həm Türkiyənin, həm Azərbaycanın milli maraqları bu iki dövlətin dostluq - qardaşlıq siyasəti yeritməsində, birgə fəaliyyət göstərməsində, bir-birinin həm uğurlarına, həm də problemlərinə diqqətlə yanaşmasından keçir. Tarix boyu bu xalqlar bir-birinə dayaq olublar və bu gün də hər iki cəmiyyətdən dostluğa dair çox ciddi mesajlar var".A. Mirzəzadə bildirib ki, R. T. Ərdoğanın prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsinin özü də Türkiyənin Azərbaycanla münasibətlərə çox ciddi əhəmiyyət verdiyini və bu münasibətləri qoruduğunu göstərir. Millət vəkili qeyd edib ki, Azərbaycan bundan sonra da Türkiyənin inkişafını, uğurlarının çoxalması və nüfuzunun artmasını arzulayır, bu istiqamətdə həmişə Türkiyəyə dəstək olmağa hazırdır.
sia.az