PDF Oxu

Siyasət

  • 44

Qubadlılılar Minsk qrupuna etiraz edir

Qubadlılılar Minsk qrupuna etiraz edir

Bu gün Qubadlı rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.Daha sonra tədbir Sumqayıt şəhərində yerləşən Olimpiya İdman Kompleksində davam etdirilib.Tədbir Qubadlının işğalının işğalından bəhs edən filmin nümayişi ilə başlayıb.Açılış nitqi ilə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov deyib ki, 1993-cü il avqustun 31-də Qubadlının erməni hərbi birləşmələri tərəfindən işğalı Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı başladığı təcavüzkar müharibənin tərkib hissəsidir. Bu ədalətsiz müharibədə 238 qubadlılı şəhid olub, 200 nəfər ağır yaralanıb, 316 nəfər əlil olub, 100 nəfərdən çox sakin itkin düşüb, döyüşlərdə xüsusilə fərqlənən 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.M. İsaqov bildirib ki, 35 min 836 nəfərdən ibarət Qubadlı əhalisi yurd-yuvalarından didərgin düşərək məcburi köçkün kimi Sumqayıt şəhərində, eləcə də respublikanın 42 şəhər və rayonunda yaşayır. Məcburi köçkünlüyün ilk vaxtlarında ciddi problemlərlə üzləşən rayon əhalisinə Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı bu insanların həyat şəraitinə müsbət təsir göstərib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı siyasətini yüksək səviyyədə davam etdirir. Ötən illər ərzində qaçqın və məcburi köçkünlərin mənzil-kommunal və sosial problemlərinin həlli ilə bağlı davamlı iş aparılıb".İcra başçısı vurğulayıb ki, 21 ildir məcburi köçkün həyatı yaşayan qubadlılılar hər gün Qubadlı həsrəti ilə yaşayır: "Nə üçün BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və digər beynəlxalq strukturlar bu vəziyyətə biganədir? Nə üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilmir? Gürcüstan və Ukraynaya münasibətdə bir cür, Azərbaycana münasibətdə tamam fərqli mövqe ortaya qoyulur. Ata-baba yurdlarına dönməkdə israrlı olan köçkün soydaşlarımız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prinsipial mövqeyini birmənalı şəkildə dəstəkləyir və müdafiə edirlər. Biz əminik ki, Azərbaycan Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində torpaqlarımız azad olunacaq".Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Ermənistan tərəfindən işğal olunan ərazilərimizin anım gününü keçirilməsinin formatını dəyişmək lazımdır: "Təbii ki, düşmənin bizə vurduğu zərbəni yaddan çıxarmamaq üçün anım gününü qeyd etmək lazımdır. Artıq gənclərdə vətənpərvərlik ruhunun daha da inkişaf etdirilməsi üçün fərqli şəkildə tədbirlər keçirilir".Rayonun yaranma tarixindən danışan baş nazirin müavini deyib ki, Qubadlı rayon kimi 1930-cu ildə formalaşıb: "Qubadlının ərazisi əsasən dağlıq ərazidir. Əhalisi 35 min nəfərdir. Onlardan 22 mini hazırda Sumqayıtda, 10 mini Bakıda, qalan hissəsi isə ölkənin digər bölgələrində məskunlaşıb. Qubadlının çox qədimi tarixi var. Bundan başqa, Azərbaycanın xalq qəhrəmanları Qaçaq Nəbi, Həcər Qubadlının fəxrləridir. Qubadlı rayonu hər zaman ziyalıları ilə seçilib".

"Təəsüüf edirik ki, biz bu gün Qubadlıda deyilik, amma bu müvəqqəti haldır. Lakin qaçqınlıq dövründə Qubadlı camaatı üçün kifayət qədər işlər görülüb. Qubadlı camaatından da dövlət orqanlarına daxil olan şikayətlərin sayı çox azdır. Bu onu göstərir ki, icra strukturları işlərinin öhdəsindən lazımi səviyyədə gəlirlər. Son dövrlərdə Qubadlıda bir dənə də olsun yenidən qurulmamış və ya yeni tikilməmiş məktəb qalmayıb. Təbii ki, bu işlərdə Heydər Əliyev Fondunun rolunu mütləq qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qubadlı ictimaiyyətinə məxsus bir sıra müəssisələr təmir edilib. Hesab edirik ki, Mehriban xanım Əliyeva həm ölkənin Birinci xanımı kimi, həm də Heydər Əliyev Fondunun prezidenti kimi ölkəmizdə çox işlər görüb. Mehriban xanım Əliyeva gördüyü işlərlə dünya ölkələrinin birinci xanımlarına çox gözəl nümunədir" – deyə, Ə.Həsənov bildirib.Ə. Həsənov qeyd edib ki, bu gün müvəqqəti olaraq Qubadlı ictimaiyyəti ilə Sumqayıt şəhərində görüşür: "Gün gələcək biz Qubadlı camaatı ilə birgə o doğma yurdlara qayıdacağıq. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mühüm işlər görülür. Bu işlərin təməli xalıqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün instansiyalarda Azərbaycanın haqq səsini eşitdirib, bütün beynəlxalq təşkilatlar Azərbaycanın bütövlüyünü tanıyıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm işlər davam etdilir. Yaxın dövrdə biz erməni işğalçılarının torpaqlarımızdan rədd ediləcəyi günü də görəcəyik. İşğal altında olan rayonların əhalisi öz doğma yurdlarına dönəcəklər. Biz buna əminik. Dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycan dövlətini dünya miqyasında birincilər sırasına çıxaran, Azərbaycan xalqını bütün dünyaya qonaqpərvər, insanpərvər, xoşməramlı, sülhməramlı bir millət kimi tanıdan Prezident İlham Əliyev bu problemin də həllinə nail olacaq".Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan Prezident İlham Əliyev Avropa Şurasının tribunasından çıxış edərək öz cəsarəti ilə hamını heyran qoyub, bütün Avropanın iç üzünü açıb: "Bunu heç bir ölkənin prezidenti edə bilməzdi. Soçidə Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşdə Prezident İlham Əliyev Ermənistanın dövlət başçısına bildirdi ki, Ermənistanda faşist rejimi mövcuddur. Bu çox böyük mesajdır. Soçidə Ermənistan tərəfindən girov götürülmüş vətəndaşlarımızın geri qaytarılması məsələsi qaldırıldı, şəhid Həsən Həsənovun meyidinin geri qaytarılması tələb edildi. Amma Ermənistan tərəfi hələ də bu tələblərə reaksiya vermir. Biz öz təkliflərimizi göndərmişik. Azərbaycanda olan erməni ailəsini və ermənini, o cümlədən bir meyidi dəyişmək təklifini vermişik. Amma təəsüf ki, hələ də bu barədə Ermənistan tərəfi susur".Çıxışı zamanı komitə sədri Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətsizliyini kəskin tənqid edib: "Açıqlamalarım zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin ünvanına çox sərt tənqid etdim. Bu Azərbaycan hökumətinin mövqeyi idi. Düzdür, sonradan komitənin Bakı ofisi bir az fəallaşdı və həmin meyidin şəklini çəkib bizə təqdim etdilər. Amma sonradan yenidən passivləşdilər. Hesab edirəm ki, Xankəndində və Ermənistanda yerləşən BQX komitəsinin ofisləri də ermənilərə işləyir, ermənilərin təsiri altındadır. Belə olmasaydı, orada bir dəyişiklik baş verərdi. Amma bu gün demək olar ki, heç bir dəyişiklik baş verməyib".Əli Həsənov deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi verdiyi bəyanatla Azərbaycanda öz fəaliyyətlərini çox ciddi şəkildə şübhə altına alıblar: "Azərbaycan hökuməti olaraq, ölkə prezidentinin siyasətini həyata keçirərək son 20 ildə bütün beynəlxalq təşkilatlara hörmətlə yanaşmışıq. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə onların ölkəmizdə fəaliyyət göstərməsi üçün çox şəffaf şərait yaratmışıq. Dünyanın heç bir ölkəsində belə bir şərait yoxdur. Ancaq bunun müqabilində Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi bu günlərdə bəyanat yayaraq bildirib ki, "əsirlərin geri qaytarılması dövlətlərin işidir. Bizim işimiz deyil. Dövlətlər bunu həll etməlidir. Bu bizim nizamnaməmizə daxil olmur. Dövlət bunu həll edəndən sonra əsir və ya meyidi biz ordan bura gətirməliyik". Onlar öz funksiyalarını bunda görməklə bəyanat verirlərsə, buna çox təəssüf edirəm. Bir daha bildirirəm ki, Beynəlxalq Qırmızı Xaş Komitəsinin Bakı ofisi o bəyanatı ilə Azərbaycanda öz fəaliyyətlərini çox ciddi şəkildə şübhə altına aldılar".Ə. Həsənov vurğulayıb ki, bundan sonra Azərbaycan hökuməti onlara qarşı sərt addımlar atacaqsa, bu onların öz günahlarıdır: "Bunu onların mərkəzi və Bakıdakı ofisləri də yaxşı eşitsinlər. Ermənistandakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin həm İrəvandakı, həm də Xankəndindəki ofisləri ermənilərə işləyir. Onlar da ermənilərin təsiri altındadır".Baş nazirin müavini vurğulayıb ki, artıq Azərbaycan xalqı ATƏT-in Minsk qrupu adlı quruma nifrət edir: "Əgər bunların işi 20 ildə bir nəticə verməyibsə, kimə lazımdır o qurumlar? Bu gün biz təklənmişik. Azərbaycanın xalq, dövlət, millət olaraq yanında yalnız Türkiyə var. Düzdür, başqa dost ölkələrimiz var. Bunu inkar etmirik. Amma dövlət marağı, millətin, xalqın milli marağı gələndə hər kəs özünün dövlət marağını qoruyur, onda biz tək qalırıq. Bizim yeganə güvənc yerimiz Azərbaycan dövləti, Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu gün Azərbaycanı bu səviyyədə qüdrətləndirən Prezident İlham Əliyevdir"."Bu gün başqa ölkələrin prezidentləri nəylə məşğuldur? Başqa ölkələrin ərazilərini işğal etməklə, başqa millətləri qırmaqla, yeni-yeni münaqişələr yaratmaqla, dünyanın coğrafi xəritəsini yenidən bölməklə, dünyanın enerji sərvətlərinə yiyələnməklə. Azərbaycan Prezidenti İlham Əliyev isə öz xalqının, millətinin gələcəyi üçün, millətinin sosial rifahı üçün çalışır. Biz əminik ki, bu mütləq öz nəticəsini verəcək – deyə, Ə.Həsənov vurğulayıb.

Tədbir məktəblilərin paradı və idmançıların çıxışları ilə davam etdirilib.

sia.az

Digər xəbərlər