PDF Oxu

Siyasət

  • 44

Bilman Vəliyev: “Qorxurlar ki, bir gün yapışdıqları ətəklər əllərindən qopar” MÜNASİBƏT

Bilman Vəliyev: “Qorxurlar ki, bir gün yapışdıqları ətəklər əllərindən qopar” MÜNASİBƏT

"Adlarını müxalifətçi qoyanların heç biri nə Vətən, nə millət, nə də ki, dövlətçilikdən heç vaxt anlamayıblar, bu gün də anlamırlar". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev son günlər radikal müxalifətin "siyasi məhbus" adı altında xarici təşkilatlardan qrant almaq cəhdlərinə və bu yöndə bir-birləri ilə qarşıdurmalara getmələrinə münasibətini bildirərkən deyib.

Bilman Vəliyevin sözlərinə görə, hazırda həbsdə olan Leyla Yunus və digərləri erməni dəyirmanına su tökməklə haqq etdikləri ictimai qınağa səbəb olmaqdadırlar: "Baxın, istər Leyla Yunus olsun, istər onun əri Arif Yunus olsun, istərsə də digər "hüquq müdafiəçiləri", onların hər birinin cinayətində dövlətə xəyanət amili dayanıb. Onlar Azərbaycanda maraqları olan və erməni lobbisi ilə sıx təmasda olan bir çox xarici təşkilatların təlimatları vasitəsilə inkişaf edən qüdrətli Azərbaycana, onun xalqına qarşı mənfur hərəkətlər törədərək öz xislətlərini açıq şəkildə göstəriblər. Məhz bu xislətin nəticəsidir ki, indi onlara təlimat verənlər həmin üsnürlərin azadlığa çıxmalarını Azərbaycan hakimiyyətindən tələb edirlər. Ancaq bu tələbi edənlər birinci faktoru unudurlar ki, bu ölkə müstəqil dövlətdir və bu müstəqillik sarsılmaz olduğu qədər həm də əbədidir. Heç kim Azərbaycanla diqtə dili ilə danışa bilməz. Çünki indi 92-93 cü illər deyil. İndi bizim inkişaf edən məmləkətimizin özü dünyanın ən yüksək tribunalarından qətiyyətli sözünü deməyi bacarır. Bizim –hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Azərbaycan güclü dövlətdir və bu güc günü-gündən daha da artacaq".

YAP Abşeron rayon təşkilatının sədri həmçinin qeyd edib ki, bu gün Amerikanın Dövlət Departamenti olsun, ya da hər hansı bir digər təşkilat olsun, onların bizim dövlətdən etdiyi tələblərin heç biri reallığa əsaslanmır: "Bu gün ABŞ-da, istərsə də başqa Qərb ölkələrində baş verən demokratiya pozuntularına baxın, bu gün xarici ölkələrdə yaranan irqçilik savaşlarına baxın. Baxın və dərk edin ki, artıq Azərbaycanın belə demokratiyadan götürəcəyi heç nə yoxdur. Əksinə, Qərb Azərbaycan demokratiyasından çox şeylər götürməlidir. Əbəs yerə deyil ki, Qərbin bir sıra hadisələrə real gözlə baxmağı bacaran siyasiləri, ekspertləri də demokratik inkişaf mərhələsində Azərbaycandan bir çox örnəklərin götürülməsi vacibliyindən danışırlar. Təbii ki, radikal müxalifət belə çağırışları qulaq ardına vurur və onlara sərf edən sözləri daha çox qabardırlar. Ancaq reallıqla çıxış edənlərin bir kəlməsini olsa belə dillərinə gətirmirlər".

"Çünki qorxurlar"-deyə vurğulayan Bilman Vəliyev həmçinin qeyd etdi ki, bunun da bir səbəbi var: "Qorxurlar ki, sabah əllərində qalan və kif iyi verən partiyaları da əllərindən çıxar. Məhz bu səbəbdən də ermənipərəst dairələrin ətəyindən möhkəm yapışırlar. Ancaq bir gün yapışdıqları ətəklər də onların əlindən qopacaq. Buna əmin ola bilərlər".

sia.az

Digər xəbərlər