PDF Oxu

Siyasət

  • 54

Qubadlı rayonunun işğalından 21 il ötür

Qubadlı rayonunun işğalından 21 il ötür

Qubadlı rayonunun erməni təcavüzkarları tərəfindən işğalından 21 il ötür. 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Qubadlıdan 30 mindən artıq əhali didərgin düşdü. Erməni işğalçıları tərəfindəni 94 kənd qarət edildi, talandı, yandırıldı. Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, dənizdən-dənizə "böyük Ermənistan" yaradılması barədə daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. Tarixdən bizə məlumdur ki, Çar Rusiyası, eləcə də sovet imperiyasının çökməsi zamanı Dağlıq Qarabağ məsələsi dəfələrlə qaldırılıb. Azərbaycan torpaqlarına, o cümlədən Qubadlıya erməni işğalçıları hücum edib, kəndlər yandırılıb, talan edilib, dinc əhaliyə divan tutulub. Belə ki, ötən əsrdə 1915, 1918, 1920-ci illərdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. Bu dövrlərdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulub.

Göründüyü kimi, Qubadlı erməni təcavüzü ilə Dağlıq Qarabağ münaqişəsindən bir qədər əvvəl də üzləşmişdi. Ötən əsrin son illərində isə daha ağır nəticələrlə yaşamalı oldu. 1988-ci il fevral ayının 6-da Xankəndində ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılar qəbul etdilər.

Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni işğalçıları Qubadlıda terror-təxribat əməlləri törədirlər. Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər. Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir. Bilavasitə, Ermənistan ərazisindən Qubadlının sərhəddə yerləşən Əliquluuışağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Cibikli, Əyin, Çaxdaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə təcavüz edilir, kəndlər atəşə tutulurdu. Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarsılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq mümkün deyildi.

Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşaiyəti ilə hücuma keçir. Əsas zərbə Xanlıq istiqamətinə göndərilir. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxulur. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular.

Avqustun 31-də daha bir faciə törədilir. Qaniçən erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli olur. Avqustun 31-də Qubadlı bütünlükdə işğal olunur. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülüb.

Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Bu gün Qubadlının işğalından 21 il keçir. Bu illər ərizində ölkəmiz böyük iqtisadi potensialından layiqli şəkildə istifadə edərək, işğalçı ölkə qarşısında hərbi qüdrətini daha da möhkəmləndirib. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır. Belə olan halda, Azərbaycan işğalçı Ermənistandan müqayisəyəgəlməz dərəcədə üstündür. Bu da ölkəmizin labüd qələbəsini təmin edəcək mühüm amildir. Azərbaycan Prezident Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, torpaqlarımızın 20 faizinin işğalının davam etdiyi bir şəraitdə Azərbaycanın öz hərbi potensialını artırması təbii, gözlənilən və qanunauyğun haldır. Şübhəsiz ki, ölkəmiz torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə qətiyyən barışa bilməz. Artıq Azərbaycanda hərbi-sənaye kompleksi daha da möhkəmlənib, milli ordunun döyüş və təchizat qabiliyyəti ən müasir səviyyədə artırılıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordulardan biri hesab olunur. Belə olduğu halda, Azərbaycanın işğalda olan bütün torpaqları, eləcə də Qubadlı Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik, sülhsevər siyasəti nəticəsində azad olunacaq.

NƏZAKƏT

Digər xəbərlər