PDF Oxu

Siyasət

  • 49

Mübariz Qurbanlı: “Ölkəmizdə vicdan və etiqad azadlığı konstitusion təminat altındadır”

Mübariz Qurbanlı: “Ölkəmizdə vicdan və etiqad azadlığı konstitusion təminat altındadır”

"Mədəniyyətlərin nüvəsini təşkil edən dinlər universal dəyərlər sisteminin başlanğıc nöqtəsi və ilkin formasıdır. Bu baxımdan dinlər arasındakı dialoqu mədəniyyətlərarası dialoqun ilkin mərhələsi və ya onu şərtləndirən əsas amil və ölçü kimi qəbul etmək olar". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin nümayəndəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə çıxışı zamanı deyib.O bildirib ki, bu gün Avropa məkanında dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səylərinin birləşdirilməsi labüddür: "Bu baxımdan Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Bu gün Bakı iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Sammitinə və bu sahədə çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, dünyada analoqu olmayan Beynəlxalq Multikultiralizm Mərkəzi burada yerləşir. Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə mübadilə görüşünün ölkəmizdə keçirilməsi Azərbaycan Respublikası üçün əhəmiyyətli hadisədir. Bu vacib tədbir ölkəmizin sədrlik vəzifəsini üzərinə götürməsi zamanı müəyyənləşdirdiyi əsas prioritetlərin tərkib hissəsidir. Bu prioritetlər isə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək və ədaləti qorumaqdır. Mübadilə görüşünə ev sahibliyi etməklə biz tolerantlığın, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində bütün səylərimizi birləşdirmək məqsədimizi və bu yöndə bütün tərəflərlə əməkdaşlığa hazır olduğumuzu bəyan edirik".M. Qurbanlı vurğulayıb ki, mədəniyyətlərarası dialoqun mühüm şərtlərindən biri etnik separatizm və dini radikalizm nəticəsində meydana çıxmış münaqişələrin həll edilməsi, eləcə də regionda və dünyada sülh və əmin-amanlığın tam bərqərar olmasıdır: "Bu baxımdan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yalnız Avropa Şurasının üzvü olan bir dövlətin digərinə təcavüzü kimi deyil, eyni zamanda böyük bir regionda mədəniyyətlərarası dialoqa, demokratik Avropa dəyərlərinə, ümumbəşəri prinsiplərə, habelə, sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməlidir. Müsəlmanların əksəriyyət təşkil etdiyi bir ölkə kimi Azərbaycanda müxtəlif etnik və dini qruplar sülh şəraitində birgə yaşayırlar. Tarix boyu ölkəmizdə bütün xalqları və dinlərin nümayəndələrini həmişə dostluq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb. Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu dəyərlər sistemi daha da güclənməkdədir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan bu gün beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə bütün insan azadlıqları kimi vicdan və etiqad azadlığı da konstitusion təminat altındadır".DQİDK sədri qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənmiş, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib: "Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır. Bu gün Azərbaycanda bütün konfessiyaların ibadət evləri – məscid, kilsə, sinaqoq və s. – azad və dözümlülük şəraitində fəaliyyət göstərir. Milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi- mədəni abidələrimizin bərpasına böyük önəm verən Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bir sıra məscid və ziyarətgahların təmir və bərpasına dəstək verməklə yanaşı, xristian və yəhudi abidələrinin də yenidən qurulmasına xüsusi diqqət göstərir.Bu gün Azərbaycanın əməkdaşlıq üçün böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri heç şübhəsiz Avropa Şurasıdır. İqtisadi və siyasi sahədə həyata keçirilmiş uğurlu islahatlar Azərbaycanın regionun lider dövləti kimi mövqeyinin möhkəmlənməsini təmin etməklə yanaşı, ölkəmizi böyük Avropa ailəsinin də layiqli üzvünə çevirib. Unikal dini tolerantlıq modelinə malik olan dövlət kimi biz mədəniyyətlərarası dialoqla bağlı məsələlərə xüsusi qayğı və maraqla yanaşır, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik çərçivəsində bir çox təşəbbüslər vasitəsilə Avropada diskriminasiya və dözümsüzlüyə qarşı mübarizə istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu gün Avropada müxtəlif tərkibli cəmiyyətlərin sayı getdikcə artmaqdadır. Buna görə də bizim hökumətlərimizin diqqət ayırmalı olduğu əsas məsələ mədəni müxtəlifliyin ən yaxşı şəkildə idarə olunması, qarşılıqlı hörmət və anlaşmanın gücləndirilməsidir. Bu məsələ Avropanın iqtisadi böhranla üzləşdiyi və bəzi insanların bu sıxıntıların səbəbkarını axtardığı bir zamanda daha da aktualdır. Avropa Şurası üzv dövlətlərə bu mövzularda faydalı təlimatlar hazırlamış, eləcə də davamlı və çiçəklənən cəmiyyətlərə nail olunmasında mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayan "Mədəniyyətlərarası dialoq üzrə Ağ Kitab"ı təqdim etmişdir. Nazirlər Komitəsi də həmçinin mədəniyyətlərarası təhsil, dil qabiliyyətləri və tarixin tədrisi ilə bağlı tövsiyələrə dair əsas standart və prinsiplərini hazırlayıb. Biz inanırıq ki, Avropa Şurası mübadilə görüşündə dini zəmində ekstremizm və radikalizmin gücləndiyi dünyamızda fərqli din və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar olması ətrafında konstruktiv fikir mübadiləsi aparılacaq və dəyərli tövsiyələr səsləndiriləcək".Çıxışının sonunda M. Qurbanlı Avropa Şurası mübadilə görüşünün işinə uğurlar arzu edib.

sia.az

Digər xəbərlər