PDF Oxu

Siyasət

  • 45

İlham Əliyev: “Azərbaycan dünyada idman dövləti kimi tanınır”

İlham Əliyev: “Azərbaycan dünyada idman dövləti kimi tanınır”

Prezident İlham Əliyev Çinin Nankin şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Nankin şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib. Yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında milli komandamızın Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayan dövlətimizin başçısı idmançılarımızın uğurlarını böyük qələbə kimi qiymətləndirdi. İdmançıları təbrik edən Prezident İlham Əliyev dedi ki, 200-dən çox komandanın iştirak etdiyi həmin oyunlarda komandamızın 12 medal, o cümlədən 5 qızıl medal qazanmaqla ümumilikdə 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə layiq görülməsi tarixi qələbədir. Prezident İlham Əliyev idmançıların gələcəkdə də böyük uğurlara imza atacaqlarına əminliyini ifadə etdi.

Azərbaycanda keçirilən dünya və Avropa çempionatlarının ölkəmizdə idmanı təbliğ etdiyini, uşaqlar, yeniyetmələr və gənclərdə idmana olan həvəsi artırdığını vurğulayan dövlətimizin başçısı dedi ki, idmançılarımız ölkəmizi bütün yarışlarda layiqincə təmsil ediblər. Bu sahədəki siyasətin hər bir gənc üçün böyük imkanlar açdığını vurğulayan Azərbaycan Prezidenti London Olimpiadasında əldə etdiyimiz uğurları xatırlatdı. Qeyd etdi ki, idmanda qazanılan uğurlarla bağlı nəsillər arasındakı əlaqə kəsilməməlidir.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan müstəqil dövlət olduqdan sonra idmançılarımız iştirak etdikləri hər Olimpiadada böyük uğurlara imza atıblar. Dövlətimizin başçısı yeniyetmə-uşaq idmanına da böyük diqqət göstərildiyini, bunun da ümumilikdə ölkə idmanının inkişafı baxımından vacib olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə gənc istedadlı idmançıların, peşəkar məşqçilərin mövcudluğu, Bakı ilə yanaşı, bölgələrdə müasir idman infrastrukturunun yaradılması uğurlarımızı təmin edir.

Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının bizim üçün ciddi məsuliyyət olduğunu dedi və bildirdi ki, bu, Azərbaycan idmanının böyük nailiyyətidir. Avropa idman ictimaiyyətinin bu barədə qərarı Azərbaycanda idmanın inkişafı, müasir infrastrukturun yaradılması, ölkəmizin iqtisadi artım templəri və idmançılarınızın uğurlu çıxışları ilə bağlıdır. Avropa Oyunları standartlarının Bakıda müəyyən ediləcəyini deyən dövlətimizin başçısı bildirdi ki, bu oyunlar idmançıların və idman növlərinin sayına görə Qış Olimpiyasından böyük, Yay Olimpiadasına isə yaxındır:

"İdman yarışları, Olimpiya Oyunları, yeniyetmələrin Olimpiya Oyunları ölkələr arasındakı idman yarışıdır. Hər bir ölkə çalışır ki, bu yarışlarda daha da yüksək yerə sahib çıxsın. Ancaq Azərbaycanın milli komandası bunu sübut edibdir və bizdən qabaqkı yerlərdə dünya idmanının ənənəvi liderləridir. Belə olan halda bizim qələbəmizin mənası daha da böyükdür. Bu, tarixi qələbədir, böyük qələbədir. Azərbaycan idmanının yüksəklərə qaldırılması işində Azərbaycanın bütün idman ictimaiyyətini təbrik edirəm. Əminəm ki, bizim gənc idmançılarımız gələcəkdə də yüksək nəticələr göstərəcəklər və gələcək illərdə keçiriləcək Yay Olimpiya Oyunlarında da Azərbaycanı ləyaqətlə təmsil edəcəklər.

Azərbaycan idman dövlətidir, bunu beynəlxalq Olimpiya hərəkatının rəhbərləri qeyd edirlər. Son illərdə bu istiqamətdə aparılan dövlət siyasəti bu vəziyyətə gətirib çıxarıb ki, bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Ölkəmizin böyük idman uğurları vardır. Hər il idmançılarımız müxtəlif beynəlxalq idman yarışlarında yüzlərlə medal qazanırlar. Azərbaycanda keçirilən dünya, Avropa çempionatları idmanı ölkəmizdə geniş şəkildə təbliğ edir və uşaqları, gəncləri, yeniyetmələri idman bölmələrinə gətirir, beləliklə, ardıcıllıq təmin edilir. Bizim görkəmli idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər. Son Olimpiya Oyunlarında Londonda biz tarixi qələbə qazanmışıq. Bu Olimpiadada 10 medal qazanmışıq və komanda hesabında 30-cu yerdə, Avropa ölkələri arasında isə 15-ci yerdə idik. Əlbəttə ki, bu nəsillər arasındakı əlaqə kəsilməməlidir. Siz gənc idmançılar əlbəttə, təbii olaraq istəyirsiniz ki, gələcəkdə Olimpiya çempionları olasınız və sizin qarşınızda gözəl nümunələr var.

Çünki müstəqil Azərbaycan dövləti iştirak etdiyi bütün Olimpiya Oyunlarında, hər dəfə növbəti Olimpiya Oyunlarında daha da yüksək yerə layiq görülürdü. Bu ardıcıllıq, qələbə ardıcıllığı davam edir və nəsillər ardıcıllığı da bu gün təmin edilir. Bu, idmanın inkişafının əlamətidir. Çünki yeniyetmə-uşaq idmanına çox böyük diqqət göstərilir və hər bir ölkənin idman inkişafını məhz uşaq-yeniyetmə idmanı müəyyən edir. Çünki burada seleksiya işləri düzgün aparılmalıdır. Kadr hazırlığı, məşqçilərin peşəkarlığı və əlbəttə ki, idman siyasətinin məqsədyönlü olması burada əsas şərtlərdir. Bütün bu amillər - gənc, istedadlı idmançılar, peşəkar məşqçilər, idmana rəhbərlik edən qurumların arasında olan əlaqəlilik Azərbaycanda vardır ki, bu, heç də hər bir ölkədə mövcud deyil. Beynəlxalq Olimpiya Hərəkatının nümayəndələri daim bir məsələni qeyd edirlər ki, Azərbaycanda Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bir komanda kimi sistemli şəkildə fəaliyyət göstərirlər və bizim uğurlarımızın əsas səbəbi bundan ibarətdir.

Bu gün Azərbaycan hərtərəfli inkişaf edir, hər bir sahə inkişaf edir və idmanın inkişafı, əlbəttə ki, ölkəmizin ümumi inkişafını əks etdirir. İdmanla məşğul olmaq üçün indi bütün şərait var. Bakıda elə gözəl idman qurğuları tikilir və tikilibdir ki, onlar bütün yüksək standartlara cavab verir. Demək olar ki, bütün bölgələrdə müasir Olimpiya kompleksləri yaradılıb və o komplekslərə idmançıların axını təmin edilir. İdman infrastrukturunun yaradılması və bütövlükdə idmanı Azərbaycan cəmiyyətində önəmli bir amil kimi təqdimetmə siyasətimiz öz nəticəsini vermişdir. Belə olan halda əlbəttə, biz gələcəyə böyük ümidlərlə baxırıq və əminik ki, idmançılarımız gələcəkdə də bizi sevindirəcəklər. Siz gənc idmançılar öz idman həyatınızda çox böyük uğurlar əldə etmisiniz. Gənc yaşlarında Olimpiya çempionu olmusunuz. Bu, böyük qələbədir, eyni zamanda, böyük məsuliyyətdir. Təbii ki, qızıl, gümüş və bürünc medal qazanan idmançılara diqqət də böyük olacaqdır, cəmiyyətdə də sizdən nümunə götürmək istəyənlər olacaqdır. Ona görə siz, ilk növbədə, peşəkar idman həyatınızı elə qurmalısınız ki, daim yüksək nəticələrə nail olasınız, eyni zamanda, həyatda, məişətdə də nümunə olmalısınız. Azərbaycan gəncləri bizim qürur mənbəyimizdir. Mən gənclərlə Bakıda, bölgələrdə tez-tez görüşürəm, onlara ürək sözlərimi deyirəm və qeyd edirəm, biz fəxr edə bilərik ki, müstəqil Azərbaycanın gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar və öz işi ilə ölkəmizin inkişafına töhfə verirlər. Siz gələcək fəaliyyətinizdə bu məsələləri daim diqqət mərkəzində saxlamalısınız və eyni zamanda, çalışmalısınız ki, peşəkarlığınızı artırasınız."

Prezident İlham Əliyev gənc idmançıların milli komandamızın tərkibinə daxil olacaqlarını və bu yarışlarda uğurlar qazanacaqlarına ümidvar olduğunu söylədi. Güləş Federasiyasının baş katibi, oyunlarda hakimlər komissiyasının inspektoru olmuş Əjdər Cəfərov, idmanın atletika növündən bürünc medal qazanmış Nazim Babayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmana göstərilən qayğıya, Bakı ilə yanaşı, bölgələrimizdə də nəhəng idman infrastrukturunun yaradılmasına və idmançılarımıza diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Görüşə yekun vuran Prezident İlham Əliyev hələ sovetlər dövründə Azərbaycan idmançılarının mühüm nailiyyətlər qazandığını söylədi. Lakin müstəqilliyimizin ilk illərində bütün sahələr kimi, idmanın da tənəzzül dövrü yaşadığını dedi. Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişafı naminə gördüyü işlərdən danışan dövlətimizin başçısı o vaxtdan bəri ölkəni tərk etmiş idmançılarımızın Vətənə qayıtması, yeni idman komplekslərinin yaradılması, beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi, idmanla bağlı bütün qurumların uğurla birgə fəaliyyət göstərməsi sahəsində həyata keçirilən işləri qeyd etdi. Gənc idmançılarımızın uğurlarından çox sevindiyini deyən Prezident İlham Əliyev bildirdi ki, gənclərin qələbəsi müstəqil Azərbaycanın nəyə qadir olduğunu göstərir. Dövlətimizin başçısı bir daha idmançıları təbrik etdi, onlara daha böyük uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər