"1945-ci il sentyabrın 2-də ABŞ-ın Sakit Okeandakı "Missuri-Fəth" gəmisində Yaponiyanın danışıqsız təslim olması haqqında aktın imzalanması ilə İkinci Dünya müharibəsi başa çatıb. II Dünya Müharibəsində nasist Almaniyası, faşist İtaliyası və militarist Yaponiyası məğlubiyyətə uğradı. Anti-Hitler koalisiyası qalib gəldi". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.M.Qasımlı deyib ki, II Dünya Müharibəsinin ağır nəticələri olub: "İndi də müharibədə ölənlərlə bağlı müxtəlif rəqəmlər söylənilir. Bəzən 20, hətta 50 milyon nəfərin öldüyü deyilir. Bir çox ölkələr başdan-başa viran qaldılar, dağıdıldılar".
Professorun sözlərinə görə, II Dünya müharibəsinin böyük geosiyasi nəticələri olub: "Müharibənin başa çatması ilə liberal-demokratiya və kommunizm sistemləri arasında mübarizə başladı. Bu mübarizə isə SSRİ-nin dağılmasına qədər davam etdi. II Dünya Müharibəsində qələbənin qazanılmasında Azərbaycan müstəsna rol oynayıb. Azərbaycanlılar ön cəbhədə, sovet ordu hissələrində vuruşublar. Müharibə zamanı təqribən 600 min azərbaycanlı hərbi xidmətə çağırılıb. Azərbaycanlılar partizan hərəkatında və antifaşist müqavimət hərəkatında fəal iştirak ediblər. Avropanın faşizm zülmündən qurtarmasında müstəsna rol oynayıblar. Azərbaycanlılar həmçinin arxa cəbhədə xidmətləri ilə seçiliblər. Onlar əməkləri ilə ön cəbhəni ərzaq və digər məhsullarla təmin ediblər".
sia.az