" "Azadlıq" qəzeti "YAP-çı deputat Ərdoğanla bağlı mövqeyini niyə dəyişdi?" adlı bir məqalə dərc edib. Orada mənim bir həftə əvvəl Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistan prezidentinin dəvət edilməsi faktına mənfi münasibətimlə bir müddət əvvəl Türkiyə dövlət başçısının sentyabrın 3-nə olan rəsmi səfərinə olan şərhim üzbəüz qoyulur və bu nəticəyə gəlinir ki, YAP-çı deputat Ərdoğanla bağlı mövqeyini dəyişib. Səhv mülahizədəsiniz, cənablar!". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Aydın Mirzəzadə öz "Facebook" səhifəsində "Azadlıq" qəzetinin hərəkətinə cavab olaraq status paylaşıb.
Statusda deyilir: "İki müxtəlif məsələni qarışdırmaqla mülahizə predmetini amorf vəziyyətə salırsınız. Türkiyənin protokol nümunəsinə olan münasibət həmin ölkənin dövlət başçısına olan münasibət demək deyil. Bu gün də o qənaətdəyəm ki, Ərdoğan andiçmə mərasiminə düşmən dövləti dəvət etməməli idi. Bununla yanaşı, türk hökuməti Ermənistanın xarici işlər nazirinə gələn il İrəvanda keçiriləcək "uydurma" soyqırım yığıncağına dəvətnaməni Ankarada təqdim etməyə şans verməməli idi. Türkiyə Ermənistanın iştirakı ilə nüfuz qazanmır və onun böyüklüyü dünyada artıq qəbul edilən aksiomadır. Andiçmə mərasimi dostların məclisidir və Ermənistanın hansı statusda bu məclisdə iştirak etməsi Türkiyənin dostları üçün aydın deyil.Türk xalqının görkəmli dövlət xadimi Rəcəb Tayyib Ərdoğana isə münasibət həmişə müsbətdir. O, Türkiyənin müasir tarixində görkəmli yer tutur və sonuncu seçkinin I turunda qələbəsi cəmiyyətdə qazandığı yüksək nüfuzun göstəricisi idi. Onun Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi sahəsində rolu da kifayət qədər ciddidir və onun ölkəmizə səfəri qardaşın qardaş evinə olan səfəridir. Hər bir azərbaycanlı onun səfərinə "xoş gəlmisiniz" deyir".
sia.az