"Türkiyə prezidentinin seçkidən sonrakı ilk səfərini Azərbaycana etməsi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib". Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli SİA-ya açıqlamasında bu fikirləri bildirib.
Onun sözlərinə görə, Türkiyə prezidentinin ilk səfərini Azərbaycana etməsi bizim ölkəmizə xüsusi diqqət və qayğısından irəli gəldir: "Bu, bir daha Azərbaycanımıza xüsusi münasibət olduğunu təsdiq edir. Bu səfər zamanı bir çox məsələlər geniş müzakirə olunacaq. Ancaq heç şübhəsiz ki, danışıqlar prosesində ana xətt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında olacaq. Xüsusilə də iyulun sonu avqustun əvvəllərində təmas xəttində, eyni zamanda sərhəddə atəşkəs rejimini kobud surətdə pozması məsələsi, reallıqlar diqqət mərkəzində saxlanılacaqdır. Məsələyə bu prizmadan yanaşdıqda hesab edirəm ki, bu səfərin olduqca böyük əhəmiyyəti vardır.
Bəzi qüvvələr hesab edirlər ki, guya Ərdoğanın 2015-ci ildə Ermənistana dəvət alması müəyyən mənada Ermənistanla sərhədlərin açılması məsələsinə yenidən baxılmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu məsələdə Türkiyənin dəyişməz, qətiyyətli mövqeyi var. R.T.Ərdoğan hələ baş nazir olarkən də dəfələrlə bildirmişdi ki, onlar Ermənistanla münasibətlərin bərpasının əleyhinə deyillər, ancaq bu, yalnız Azərbaycanın torpaqlarının işğalı ilə bağlıdır. Ona görə də əgər həmin səbəb aradan qalxsa, işğala son qoyulsa, bu halda yeni şərait formalaşar və Ermənistanla münasibətlərə, eyni zamanda səhədlərin açılması məsələsinə baxıla bilər. Yəni bu mövqe bəlli mövqedir".
Elman Nəsirli bildirib ki, Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu hökumətin yeni proqramını elan edərkən Dağlıq Qarabağ münaqişəsində Türkiyənin dəyişməz mövqedə olduğunu vurğulayıb: "Bütün bunların yekunu olaraq onu da qeyd etmək istərdim ki, Türkiyə prezidentinin Ermənistana dəvət alması yeni fikir formalaşmasından irəli gəlir. Ermənistan özlüyündə sərhədlərin açılması arzusu ilə yaşayır. Hesab edirəm ki, bu onların xam xəyallarıdır".
sia.az