PDF Oxu

Siyasət

  • 51

ƏBƏDİ İKİTƏRƏFLİ MÜNASİBƏT

ƏBƏDİ İKİTƏRƏFLİ MÜNASİBƏT

Türkiyə-Azərbaycan əbədi dostluq və qardaşlıq faktoru

Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkisindən sonra sentyabrın 2-də ilk səfərini Azərbaycana edib. Qeyd edək ki, Türkiyə ilə Azərbaycan ortaq kökə və keçmişə sahib iki dövlətdir. İki ölkə əlaqələrindəki təyinedici faktorlar Türk Dünyasının böyük lideri Mustafa Kamal Atatürkün sözləriylə "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Azərbaycanın Ümummilli Lideri, görkəmli şəxsiyyət Heydər Əliyevin "bir millət - iki dövlət" sözləriylə ifadə edilib.

Elman Nəsirli: "Dağlıq Qarabağ məsələsində Türkiyənin dəyişməz, qətiyyətli mövqeyi var"

Türkiyə prezidentinin seçkidən sonra Azərbaycana ilk səfəri ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib. Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Səs" qəzetinə açıqlamasında Türkiyə prezidentinin ilk səfərini Azərbaycana etməsini bizim ölkəmizə xüsusi diqqət və qayğasından irəli gəldiyini bildirib: "Bu, bir daha qardaş ölkə başçısının Azərbaycanımıza xüsusi münasibətinin olduğunu təsdiq edir. Bu səfər zamanı bir çox məsələlər geniş müzakirə olunacaq. Ancaq heç şübhəsiz ki, danışıqlar prosesinin ana xəttini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təşkil edəcək. Xüsusilə də iyulun sonu, avqust ayının əvvəllərində təmas xəttində, eyni zamanda sərhəddə atəşkəs rejiminin kobud surətdə pozması məsələsi və digər mühüm reallıqlar diqqət mərkəzində saxlanılacaqdır. Məsələyə bu prizmadan yanaşdıqda hesab edirəm ki, bu səfərin olduqca böyük əhəmiyyəti vardır. O ki qaldı bəzi qüvvələr, bəzi informasiya vasitələri yazırlar ki, guya R.T.Ərdoğanın 2015-ci ildə Ermənistana dəvət edilməsi müəyyən mənada Ermənistanla sərhədlərin açılması məsələsinə yenidən baxılmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu məsələdə Türkiyənin dəyişməz, qətiyyətli mövqeyi var. R.T.Ərdoğan hələ baş nazir olarkən də dəfələrlə bildirmişdir ki, onlar Ermənistanla münasibətlərin normallaşmasının əleyhinə deyillər, ancaq onun bir yolu var ki, o da diplomatik münasibətlərin kəsilməsinə gətirib çıxaran səbəbdir, yəni Azərbaycan torpaqlarının işğalı ilə bağlıdır. Ona görə də əgər həmin səbəb aradan qalxarsa, işğala son qoyularsa, bu halda yeni şərait formalaşar və sözsüz ki, Ermənistanla münasibətlərdə, eyni zamanda sərhədlərin açılması məsələsinə baxıla bilər. Yəni bu mövqe bəlli mövqedir. Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu hökumətin yeni proqramını elan edərkən də bildirdi ki, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi dəyişməzdir. Bütün bunların yekunu olaraq onu da qeyd etmək istərdim ki, guya Türkiyə prezidentinin Ermənistana dəvət alması yeni fikir formalaşmasından irəli gəlir. Ermənistan özlüyündə sərhədlərin açılması arzusu ilə yaşayır. Hesab edirəm ki, bu, onların xam xəyallarıdır".

Aydın Hüseynov: "Azərbaycan-Türkiyə münasibətləri əsl qardaşlıq üzərində qurulub"

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov bildirdi ki, R.T.Ərdoğanın prezident seçkisindən sonra Azərbaycana ilk səfər etməsi Azərbaycanla Türkiyə arasındakı əsl tarixi köklərə əsaslanan əsl qardaşlıq və dostluq münasibətlərinin mövcudluğunu təsdiqləyən faktordur.

A.Hüseynov bildirib ki, bu gün ölkəmizə Qarabağ problemi ilə bağlı ən böyük siyasi dəstəyi də məhz qardaş Türkiyə dövləti verir: "Bu, dəstək sözlə bitmir. Bu gün Türkiyə Ermənistanla sərhədləri düşmən Qarabağı işğalda saxladığına görə açmır. Həmçinin, Türkiyə dövlətinin rəhbərləri zaman-zaman dünyanın ən böyük kürsülərindən Azərbaycanın ərazi bütövlüyünə olan dəstəklərini açıq şəkildə bəyan ediblər. İki ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlıq inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Ümumiyyətlə, Azərbaycan-Türkiyə əlaqələri o qədər çoxşaxəlidir ki, bu haqda şox arqumentlərə toxunmaq olar. Ancaq iki ölkə arasındakı iqtisadi əlaqələrə toxunsaq deyə bilərik ki, ölkələrimiz arasında uğurlu əməkdaşlıq həyata keçirilir. Hazırda Azərbaycanda 2000-dən çox türk şirkəti sənaye, nəqliyyat, kənd təsərrüfatı və başqa sahələrdə fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 40%-ə qədərini türk şirkətləri təşkil edir. Eyni zamanda, Türkiyədə 1000-dən artıq Azərbaycan şirkətləri müxtəlif sahələr üzrə uğurlu fəaliyyətlə məşğuldurlar".

A.Hüseynov onu da vurğuladı ki, Azərbaycan və Türkiyə bir-birinə açıq şəkildə dəstək olan, münasibətləri tam səmimiyyət əsasında qurulan dünyada bəlkə də yeganə dövlətlərdir: "R.T.Ərdoğan seçkidən sonra ilk səfərini ölkəmizə etməklə, ənənəyə sadiq qaldı. Bu, həm də uzun illərdir ki, haqlarımızı tapdalayan işğalçı qüvvələrə bir mesajdır. Bu səfər ölkələrimiz arasındakı əlaqələrə yeni bir stimul verəcək, hərtərəfli qarşılıqlı əlaqələrimizin bundan sonrakı inkişafı üçün mühüm amil olacaq. Azərbaycan-Türkiyə dostluğu yaxın illərin məsələsi deyil. Bu, yüzilliklər, minilliklər boyu tarixin sınağından çıxıb gələn bir dostluqdur. Şübhəsiz ki, bu dostluq və qardaşlıq bundan sonra da davam edəcək. İkincisi isə, seçkidən sonra cənab Ərdoğanın ilk səfərini Azərbaycana etməsi Türkiyənin xarici siyasətində bir çox mətləblərə aydınlıq gətirdi. O mənada ki, Türkiyə göstərdi ki, hər zaman dövlətimizin yanındadır, ilk səfər edəcəyimiz də məhz Azərbaycan olmalıdır. İki ölkə arasındakı ticarət dövriyyəsinin artması, bu rəqəmin milyardlarla ölçülməsi də qarşılıqlı etimadın nəticəsidir. Bu səfər Azərbaycan-Türkiyə bağlılığını daha da möhkəm etmiş olacaq".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər