"İlk olaraq qeyd edim ki, Ermənistanın dövlət başçısının dilindən Azərbaycan əleyhinə edilən çağırışlar araşdırmaya layiqdir. Çünki müəyyən fikirlərin etirafı guya onun öz xalqının qalxınmasına, inkişafına və bizimlə mübarizəsinə xidmət edən dırnaqarası proqram müdəalarıdır". Sözügedən fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycana uduzduğunu etiraf etməsinə münasibətini bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Sarkisyanın bu etirafı etməsi sadəcə səfərbərlik çağırışı deyil: "Öncə qeyd edim ki, Sarkisyanın dilindən Azərbaycanın gücünün etiraf edilməsi onun beynəlxalq məkanda fəal addımlar atdığını vurğulaması sadəcə bir səfərbərlik çağırışı deyil. Bu, həqiqətdir. Ötən dövr ərzində ölkəmizin xarici məkanda digər dövlətlərlə ikitərəfli, ya da çoxtərəfli formatda əlaqələri güclənmişdir. Əslində ermənilər müharibəni ona görə başımıza gətirmişdilər ki, bizi dünyaya inteqrasiyadan kənarda qoysunlar, güclü varlığımızı məhv etsinlər. Ancaq hər şey əksinə baş verdi. Bu gün guya müharibənin qalibi olan Ermənistan heç bir parametrlə inkişaf edə bilmir. Başqa cür də ola bilməz. Çünki Ermənistan hakimiyyəti özünü ağır və amansız bir duruma sürükləyib".
Zahid Oruc Ermənistanın hazırkı vəziyyətinin çox ağır olduğunu deyib və qeyd edib ki, faktlar amansız olur: "Digər tərəfdən, müqayisəli paralellər aparılır ki, istər idmanda, istər diplomatiyada, yaxud da başqa xarakterli məsələlərdə – bizim ölkəmiz bütün bunları təhrif edir. Faktlar amansızdır. Sual etmək lazımdır ki, son illər ərzində Ermənistan hər hansı bir beynəlxalq tədbirə ev sahibliyi edibmi? Bunu görən olubmu? Onun bu illər ərzində xarici səfəri Moskva və İrəvan arasındakı labirintdə dolanmaqdan başqa bir şey olmayııbdır. Əgər bu gün Ermənistan prezidenti hər hansı bir beynəlxalq tədbirlərə qatılırsa belə, bu onun nüfuzunun olması deyil. Əslində, cənab İlham Əliyevin diplomatik siyasi müdrikliyi, çox ali keyfiyyətləri, qəbul olunan xarizması, mühüm siyasi və beynəlxalq institutlarda Ona geniş yer verilməyinə səbəb olur. Bu parametr üzrə Sarkisyan İlham Əliyevə qat-qat, necə deyərlər, milyard dəfələrlə uduzur. Sarkisyanın bu kimi rüsvayçı vəziyyətini erməni xalqı da görməkdədir".
Zahid Oruc Sarksiyanın kapitulyasiyaya məruz qaldığını da deyib: "Məsələyə başqa bir tərəfdən də yanaşaq. Sarkisyan qeyd edir ki, guya Azərbaycanda ermənifobiya baş alıb-gedir, ölkədə ayrı-ayrı QHT təmsilçiləri həbs olunur, onlara casus damğası vurulur və s. Doğrusu bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarının açıqlaması fonunda Sarkisyanın sözlərini qiymətləndirməmək də mümkün idi.
Bu gün kimsə gözləyir Sarkisyan desin ki, Leyla Yunus həqiqətən də onlarla birgə işləyib və yaxud da ki, işləməyib, yəni burada mövqe onsuz da bəri başdan proqnozlaşdırılandır. Ermənistanla iş birliyində olan hər hansı qüvvələr, dairələr vurulduqca, ifşa edildikcə, qarşı tərəf açılacaq. Ona görə, hesab edirəm ki, əslində, Sarkisyanın bu açıqlaması və partiyadaşlarından eydiyi diləyi onun siyasi kapitulyasiyasının, eləcə də İlham Əliyev faktoru qarşısındakı məğlubiyyətinin bariz nümunəsi idi. Bu gün Sarkisyan İlham Əliyevin iqtisadi, sosial və s. qələbələrinin hərbi qələbə ilə nəticələnəcəyini bilir. Sarkisyan 90-cı illərdə məlum erməni cəmiyyətindəki "böyük", "xilsakar" səhra komandiri kimi "obrazını" – hərbi mundirini çıxarıb, onun əvəzinə xalqı qarşısındakı aciz, geopolitikanı dərk etməyən, siyasi nitq imkanları çox aşağı, xarizmaya dayanmayan bir simaya çevrilib".
sia.az