Sentyabrın 9-da Milli Məclisin regional məsələlər komitəsinin 2014-cü il payız sessiyasında ilk iclası keçirilib.
AzərTAc xəbər verir ki, komitə sədri Arif Rəhimzadə iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.
Arif Rəhimzadə ilk olaraq Milli Məclisin 2014-cü il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 13 məsələ müzakirə olunub ki, bunlardan 10-u qanun layihəsidir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub, bələdiyyələrlə bağlı bir neçə qanuna əlavə və dəyişikliklər edilib. Hesabat dövründə yerli özünüidarəetmənin inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilib. Qeyd edilib ki, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsinə əsasən, ümumilikdə respublikanın 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması və 110 bələdiyyənin ləğv edilməsi nəzərdə tutulub. Qanun qüvvəyə mindikdən sonra ölkədə bələdiyyələrin sayı 1717-dən 1607-yə enəcək.
Diqqətə çatdırılıb ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanuna edilən dəyişikliyə əsasən, yerli vergi və ödənişlərin ödənilməsinin yalnız banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməsi təsbit olunub. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağan edilib. Qanunun bu normasının 2015-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Çıxış edən deputatlar qanunvericiliyə edilən əlavə və dəyişikliklərin yerlərdə bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərdiyini bildiriblər.
Komitənin 2014-cü il yaz və növbədənkənar sessiyaları dövründə fəaliyyəti qənaətbəxş hesab edilib.
Sonra iclasda 2014-cü ilin payız sessiyasında görüləcək işlərin planına baxılıb və təsdiq olunub. Bu sessiyada komitədə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycanda bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə", "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" və Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı qanun layihələrinə baxılacaq.
Daha sonra "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycanda bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə baxılıb və plenar iclasa tövsiyə olunub.
Azərbaycan ilə Həştərxan vilayəti arasında sosial-iqtisadi, mədəni əlaqələr müzakirə olunub
09.09.2014 [17:32]
Bakı, 9 sentyabr (AzərTAc). Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi Rusiya Federasiyasının Həştərxan şəhərində işgüzar səfərdədir.
Sentyabrın 9-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayəti hökumətinin sədri, vilayətin vitse-qubernatoru Konstantin Markelov və Həştərxan şəhərinin meri vəzifəsini icra edən İrina Yeqorova ilə görüşüb.
AzərTAc xəbər verir ki, Konstantin Markelovla görüşdə Azərbaycan ilə Rusiya arasında tarixi köklərə əsaslanan dostluq münasibətlərindən danışılıb, Həştərxan vilayəti və Azərbaycanın sosial-iqtisadi və mədəni əlaqələrinin daha da gücləndirilməsi müzakirə olunub. Həmçinin Azərbaycan dövləti tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan K.Markelov qeyd edib ki, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün böyük işlər görülüb.
İrina Yeqorova ilə keçirilən görüşdə isə Həştərxan və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilib və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Fond regionda sosial əhəmiyyətli bir sıra iri layihələr həyata keçirir. Həştərxanda ulu öndər Heydər Əliyevə abidə ucaldılıb, Ümummilli Liderin adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub. Bundan başqa, "Azərbaycan-Rusiya Dostluq Körpüsü" açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb və "Meçta" uşaq-əyləncə şəhərciyi salınıb.
Görüşdə, həmçinin Həştərxan şəhərində Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində tikilən yeni uşaq bağçasında son tamamlama işləri haqqında danışılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir memarlıq üslubunda inşa edilən uşaq bağçasının cari il sentyabrın sonunda açılışı planlaşdırılır.
AzərTAc