PDF Oxu

Siyasət

  • 57

Azərbaycan gəncləri dünyanın ən qabaqcıl universitetlərinin tələbələridir

Azərbaycan gəncləri dünyanın ən qabaqcıl universitetlərinin tələbələridir

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu il 290 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilə yüksək qayğı və diqqət göstərməsi və bu sahənin hərtərəfli inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etməsi son illər müstəqil respublikamızda təhsilin hərtərəfli inkişafına əlverişli şərait yaratmışdır. Təhsil istiqamətində görülən işlər ölkənin ictimai həyatının bütün sferasında aktiv fəaliyyəti ilə seçilən gənclərin ölkənin quruculuq işlərindəki fəallığına, eləcə də güclü kadr potensialının mövcudluğuna əsaslanır. Müasir dövrümüzdə Azərbaycanın dünya ölkələri ilə təhsil sahəsindəki əməkdaşlığı möhkəmlənib. Vurğulayaq ki, tarixi dövrlərdə azərbaycanlılar dünyanın müxtəlif bölkələrində fərdi və pərakəndə şəkildə təhsil almaq imakanına malik idilər. Yalnız Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu sahədə, sözün əsl mənasında, dirçəliş başladı. Təsadüfi deyil ki, 1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən gənclərin sayı 70 nəfər idisə, 70-ci illərin sonunda 900 nəfər, 80-ci illərin əvvəllərində isə ildə 1000-1400 nəfər olmuşdur. Həmin dövrdə, ümumilikdə, 15 mindən çox gənc Sovet İttifaqının nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldıqdan sonra Vətənə qayıdaraq, ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini verdilər.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da bu məsələ yenidən diqqət mərkəzində oldu. Xaricdə təhsilə olan Ümummilli Lider Heydər Əliyevin qayğısı bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamına uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədlərinə xidmət edir.

Hazırda uğurla həyata keçirilən Dövlət Proqramına əsasən, dünyanın 34 ölkəsinin 476 universitetində azərbaycanlı gənclərin təhsil almaq imkanı reallaşıb. Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Xaricdə təhsil üçün prioritet ixtisaslar da mövcuddur. Proqram çərçivəsində xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin sayında ilbəil artım müşahidə edilir. Xarici ali məktəblərdə oxuyan tələbələrin 31%-i tibbi ixtisas, 18%-i iqtisadiyyat, 9,5%-i humanitar, 9%-i mühəndislik, 7%-i idarəetmə, 4%-i turizm, 2%-i neft sənayesi və riyaziyyat, 0,5%-i kənd təsərrüfatı üzrə təhsil alır. Ümumilikdə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu günə kimi 2 mindən artıq gənc xaricdə təhsil almaq hüququ qazanıb. Dövlət Proqarmı çərçivəsində bu il 290 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Onu da qeyd edək ki, bu proses tamamlanmadığına görə göstərilən sayın artması hələ gözlənilir.

Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrların müasir dövrün tələblərinə cavab verəcək gücə, biliyə malik olması zərurətini ortaya çıxardığı bir zamanda hər il yüzlərlə gəncin xaricdə təhsil alması Azərbaycanın böyük potensiala malik dövlət kimi gələcək inkişafının daha parlaq olacağından xəbər verir. Göründüyü kimi, ölkəmizdə aparılan islahatlar təhsilə təsirini göstərməkdədir. Bu gün təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələni yaşayır. Ölkə başçısının qara qızılı insan kapitalına çevirmək strategiyası artıq öz bəhrəsini verir.

NƏZAKƏT

Digər xəbərlər