Rəqəmlər və detallar
Bu günlərdə Ermənistanın saytlarının yaydığı məlumatda bildirilmişdi ki, əllərində Ermənistanın və Avropa İttifaqının bayraqlarını dalğalandıran narazı vətəndaşlar "Serjə yox deyək!", "Bu, bizim deyil, rejimin müharibəsidir", "Silahlardan əl çəkin!", "Rejimin siyasəti ölkəni boşaldır" kimi şüarlar səsləndirirlər. Belə ki, Yerevanda aksiyaların keçirilməsinə əhalinin gündən-günə ağırlaşan sosial şəraiti də öz təsirini göstərir. Ermənistan Milli Statistika Xidmətinin də son məlumatında deyilir ki, iyun-iyul aylarında elektrik mallarının qiyməti 0,1 faiz, tikinti materialları 0,1 faiz, mebel 0,2 faiz, dərman pereparatları 0,2 faiz, tekstil malları 0,3 faiz, yanacaq 0,4 faiz, dəftərxana məhsulları 1,3 faiz, geyim 1,5 faiz, ayaqqabı 0,6 faiz bahalaşmışdır. Bahalaşma ölkənin bütün regionlarında müşahidə edilmişdir. Ötən ilin iyul ayı ilə müqayisədə ölkədə çörək və un məmulatlarının qiymətləri də artmışdır. Yüksək sort çörək 30,4 faiz, lavaş 0,4 faiz, buğda yarması 0,5 faiz, mannı 0,7 faiz, makaron məmulatları 0,7 faiz, peçenye 1,1 faiz, düyü 1,7 faiz, uşaq yeməyi 3,1 faiz bahalaşıb. Ermənistan Milli Statistika Xidmətinin məlumatında o da vurğulanır ki, ərzaq məhsullarının artımı bütün iri rayon və şəhərlərdə müşahidə edilmişdir. Yalnız bir şəhərdə çörəyin qiyməti 0,3 faiz aşağı düşmüşdür. Ermənistan paytaxtında isə çörək və un məmulatlarının qiyməti isə 0,4 faiz artıb.
Ermənistan milli konqresi: "Vəziyyət daha da pisləşəcək"
Beləliklə, Ermənistandakı ağır sosial vəziyyət insanların təkcə gündəlik həyatında deyil, bütün sahələrdə özünü göstərir. Nəticədə "Böyük Ermənistan" indi artıq kənd-kənd boşalır. Ermənistan milli konqresinin nümayəndəsi Vahan Xaçaturyan jurnalistlərlə görüşündə iqtisadi şəraitin dözülməzliyi barədə deyib ki, bu ölkənin iqtisadiyyatında hər hansı müsbət irəliləyişdən belə söhbət gedə bilməz: "Vəziyyət gələcəkdə daha da pis olacaq. İqtisadiyyatın fəaliyyəti üçün labüd olan mexanizmlərin artıq işləməməsi bu fikri söyləməyə əsas yaradır. Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən hazırda regional təcrid vəziyyətinə düşən Ermənistanda şərait getdikcə daha gərgin mərhələyə qədəm qoyur".
Göründüyü kimi, sürətlə davam edən bahalaşma insanların sosial durumunun daha acınacaqlı hal almasına rəvac verir. Bu fonda qabarıq müşahidə edilən odur ki, iqtisadiyyatı ildən-ilə tənəzzülə uğrayan Ermənistanda inflyasiya sürətlə dərinləşməkdədir. Məsələn, bu ölkədə konkret ərzaq məhsullarının qiyməti son bir ildə 9,9 faiz, qeyri-ərzaq məhsullarının qiyməti isə 4,3 faiz bahalaşmışdır. Həmçinin əhaliyə göstərilən xidmətlərin qiymətlərində də bahalaşma qeydə alınmışdır. Vəziyyətdən çıxış yolunu isə ermənilər müxtəlif xarici ölkələrə qaçmaqda görürlər. Bu gün Avropanın Ermənistana investisiya qoyuluşunu azaltması vəziyyəti daha da ağırlaşdırır. "Johovurd" qəzetinin verdiyi məlumata görə, ötən il Ermənistan iqtisadiyyatının real sektorunda investisiyaların həcmi 62,1 faiz azalaraq 155,1 milyon dollar təşkil etmişdir. Bu ölkənin strateji tərəfdaşı olan Rusiya investisiyalarını 20,7 faiz, ABŞ 37,2 faiz, Fransa 81,6 faiz azaltmışdır.
Sabiq erməni spikeri: "Deputatların bizneslə, inhisarçılıqla məşğul olmasına Serj Sarkisyan iqtidarı özü şərait yaradır"
Ermənistan parlamentinin sabiq spikeri Karapet Rubinyan da vəziyyətin təhlükəli həddə çatdığını bildirir, ölkənin ağır-sosial iqtisadi böhrana yuvarlanmasının kökündə hakimiyyətin yanlış siyasətinin və məmurların biznes maraqlarının durduğunu vurğulayır. Bu kontekstdə o, Ermənistan Konstitusiyasına zidd olaraq deputatların bizneslə məşğul olmasına diqqət çəkir: "Əgər hakimiyyət xalq tərəfindən özünə qarşı etimad görmək istəyirsə, korrupsiya hallarına qarşı mübarizə aparmalıdır. Lakin belə mübarizənin indiki hakimiyyət dövründə heç vaxt olmayacağı şübhəsizdir. Çünki qanunazidd olaraq deputatların bizneslə, inhisarçılıqla məşğul olmasına Serj Sarkisyan iqtidarı özü şərait yaradır. Elə hakimiyyətin digər qollarındakı məmurlar da iri biznesin əsas təmsilçiləridir. Buna görə də Sarkisyan kimi prezidentin və onun quldurlarının belə hallara qarşı hansısa addımlar atacağını düşünmək sadəlövhlük olardı. İndi xalq ya bu cinayətkar rejimdən xilas olmalıdır, ya da onun öz qanunsuz əməllərinin miqyasını necə genişləndirməsinə şahidlik etməlidir".
"The Guardian" qəzeti"
Ermənistanda yaşanan qanunsuzluqlar, ağır sosial-iqtisadi vəziyyət beynəlxalq miqyasda da izlənilir. Məsələn, Britaniyanın nüfuzlu mətbu orqanlarından sayılan "The Guardian" qəzeti yazır ki, Ermənistan bütün 15 postsovet respublikası arasında işsizlikdən ən çox əziyyət çəkir və ölkədə demokratik islahatlar aparılmır: "Bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını bir daha aydın surətdə göstərir və bu, ölkənin tarixin arxivinə qovuşacağını istisna etmir. Rəsmi Yerevan daha Qarabağ kartından istifadə edərək əhalinin diqqətini daxili problemlərdən yayındıra bilmir. Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatmışdır. Bu isə ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir".
Beləliklə, Ermənistan hakimiyyətinin yaratdığı acınacaqlı vəziyyət bu ölkədə tezliklə xaosun, hərc-mərcliyin, son nəticədə isə xalq üsyanının başlanacağından xəbər verir. Rəsmi Yerevan isə hakimiyyətinin ömrünü təmas xəttində atılan güllələr hesabına uzatmağa çalışır.
Afət TAHİRQIZI